Azərbaycan Kuboku: "Qarabağ" finala vəsiqə qazanıb

Futbol üzrə Azərbaycan Kubokunda finala yüksələn ilk komanda bəlli olub.

SİA xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Araz-Naxçıvan”la qarşılaşıb. İlk görüşdə Naxçıvan klubu 1:0 hesabı ilə qalib gəlsə də, bu üstünlüyünü ikinci oyunda qoruya bilməyib. Rəqibini 3 cavabsız qolla məğlub edən Ağdam klubu adını finala yazdırıb.

"Köhlən atlar"ın heyətində qolları Yassin Benzia, Nəriman Axundzadə və Toral Bayramov vurublar.

Yarımfinalın digər oyununda isə “Sabah” və “Neftçi” komandaları münasibətlərini aydınlaşdıracaqlar. “Bank Respublika Arena”da təşkil olunacaq matç saat 20:00-da start götürəcək.

Komandalar arasında birinci duel “tələbələr”in qələbəsi ilə yekunlaşıb – 2:1.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 19:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə