Güləşçilərimiz Avropa çempionatında daha beş medal qazanıblar

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 Avropa çempionatı davam edir.

SİA xəbər verir ki, bu gün sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kiloqramlarda medalçılar müəyyənləşib.

Ceyhun Allahverdiyev (61 kiloqram) finalda ermənistanlı Levik Mikayelyana 1:2 hesabıyla məğlub olub və U23 Avropa çempionatında gümüş medal qazanıb.

Ağanəzər Novruzov (74 kiloqram) həlledici görüşdə rusiyalı İsmayıl Xaniyevlə qarşılaşıb. İlk hissədə 0:5 geri düşən həmyerlimiz görüşün sonlarında fəallaşıb. Rəqibindən 4 xal almağı bacaran Novruzov minimal fərqlə məğlub olub və fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Arseniy Djioyev (86 kiloqram) finalda fransalı Raxim Maqamadovla üz-üzə gəlib. Görüşün əvvəlindən sonunadək dominant olan təmsilçimiz 9:2 hesablı qələbəylə Avropa çempionu olub və Tiranada himnimizi səsləndirib.

Sadiq Mustafazadənin (92 kiloqram) bürünc medal uğrunda gürcüstanlı Sandro Kuraşviliylə qarşılaşması gərgin mübarizə şəraitində keçib. Rəqibini 5:3 hesabıyla üstələyən Sadiq bürünc medalı boynundan asıb.

Yusif Dursunov (125 kiloqram) gündüz seansında baş tutan təsəlliverici görüşdə rusiyalı Artyom Puxovskini mübarizədən kənarlaşdırıb – 4:2. Həmyerlimiz axşam seansında türkiyəli Efe Ala isə “tuş”la qalib gələrək üçüncü yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə