"Qızıl medal qazanmasaq da, yaxşı mübarizə apardıq" - Rüstəm Orucov MÜNASİBƏT BİLDİRDİ
"Yarış çox gözəl keçdi". Bunu SİA-ya açıqlamasında Azərbaycan millisinin sabiq cüdoçusu Rüstəm Orucov deyib.
O, Türkiyənin Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında keçirilən Avropa kubokunda mübarizə aparan millimizin çıxışını dəyərləndirib.
Orucov bildirib ki, yarış yüksək səviyyədə təşkil olunub: "Mən bu yarışda Avropa Cüdo Federasiyasının idman komissarı kimi fəaliyyət göstərirdim. Nə lazım idi, komandamıza kömək edirdim. Millimiz iki gümüş, üç bürünc olmaqla 5 medal qazandı. Qızıl medal olmasa da, yaxşı şəkildə mübarizə apardılar. Yarış zamanı təbii ki, müəyyən çətinliklər var idi. Amma gənclərimiz hər şeyin öhdəsindən gəlirdilər".
Onun sözlərinə görə, Azərbaycan bu yarışda yeniyetmələr üzrə ikinci heyətlə mübarizə aparıb: "Yarışda əldə etdiyimiz nəticəyə görə 24 ölkə arasında 7-ci yerə çıxdıq. Təbii ki, bu da pis nəticə deyil. Amma burada birinci heyətlə mübarizə aparsaydıq inanıram ki, bir və ya ikinci yerə layiq görüləcəkdik. Çünki digər ölkələrin hər biri birinci heyət ilə çıxış edirdilər".
Bütün xəbərlər Facebook səhifəmizdə