5-6 Fevral tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Sərhədçi Atçılıq Mərkəzində “Sərhədçi” kuboku uğrunda konkur yarışlarına start verilmişdir. SİA xəbər verir ki, “E” koteqoriyası üzrə 90 sm və “L” koteqoriyası üzrə isə 115 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak etmişlər.
17 idmançının iştirak etdiyi “E” koteqoriyasında baş tutan mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Valeriya Roşenko “Şəhzadə” ləqəbli atla birinci, “Sərhədçi” atçılıq klubunun təmsilçisi Gülay Fərzəliyeva “Nabab De Belou” ləqəbli atla ikinci, “RAMBİOEUGİM”in təmsilçisi Ayan Fərəcova “Tibet” ləqəbli atla üçüncü, “Sərhədçi” atçılıq klubunun təmsilçisi Qəzənfər Fərzəliyev “Əsanə” ləqəbli atla dördüncü, “RAMBİOEUGİM”in digər təmsilçisi Amena Gonizzi isə “Pur-Pur” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.
“L” kateqoriyasında yaş məhdudiyyəti olmadan 14 idmançının mübarizə apardığı yarışda “Sərhəçi” atçılıq klubunun təmsilçiləri Ramil İbrahimov “Şirin” ləqəbli atla birinci, eyni klubun təmsilçisi Gülay Fərzəliyeva “Nabab De Belou” ləqəbli atla ikinci, “Elite” atçılıq klubunun təmsilçisi Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla üçüncü, eyni klubun təmsilçisi Anar Hümbətov “Damla” ləqəbli atla dördüncü və “Omar” atçılıq klubunun təmsilçisi Kənan Novruzov isə “Savalan” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.
“M*” koteqoriyası üzrə 120 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda yaş məhdudiyyəti qoyulmayan atlarla 8 idmançı iştirak etmişdir.
Mübarizənin yekununda “Elite” atçılıq klubunun təmsilçisi Anar Hümbətov “Damla” ləqəbli atla birinci, “Buta Golden” atçılıq klubun təmsilçisi Eqor Morotski “Astrello” ləqəbli atla ikinci, Aydan Ağayeva isə “Zirvə 2” ləqəbli atla üçüncü yerin sahibi olmuşdur.
Sonda hər üç koteqoriyada birinci yerin sahiblərinə “Sərhədçi” kuboku, ikinci və üçüncü yerlərin sahiblərinə medal və Azərbaycan Respublikası Atçılıq Federasiyasının fəxri diplomu təqdim edilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə