Boks üzrə son Olimpiadada qızıl medal qazanan (66 kq çəki dərəcəsində) əlcəzairli boksçu İman Xelif amerikalı milyarder İlon Maskı tənqid edib. SİA xəbər verir ki, Olimpiadada uğursuz gender testi səbəbindən ətrafında qalmaqal yaranan və nəticədə ictimaiyyətin kütləvi tənqidi ilə üzləşən idmançı Maskı əsas günahkar hesab edir.

“İlon Mask bu nifrət kampaniyası zamanı mənə ilk hücum edənlərdən biri idi. O, videonu yerləşdirib. Deməli, bu səs-küyü, bu kampaniyanı mənə qarşı ilk yayanlardan biri olub. Mənə nifrət edirsən, amma məni heç tanımırsan. Bu hücuma niyə rəhbərlik etdiyinizi heç bilmirəm. Mənə zülm etdin, ailəmə zülm etdin, anama zülm etdin. O vaxt anam hər gün xəstəxanaya gedirdi. Ona görə də indiki insanların davranışlarını anlamıram. Allah mənim hidayətimdir, mən müsəlmanam. Mən ərəb əsilli müsəlmanam və bu anı yaşadım. Ümid edirəm ki, gələcəkdə daha da güclənəcəyəm və daha da motivasiyalı qayıdacağam”, – deyə Xelifin sözlərini "CLIQUE" yayıb.

Qeyd edək ki, Mask amerikalı üzgüçü Riley Gainesin “Qadınların idmanında kişilərə yeri yoxdur” yazısını da bəyənmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə