“Böyümək şərt deyil, şəxsiyyət kimi formalaşmaq əsas şərtdir”.
İnsanın özünüdərk fəlsəfəsindən
1955-ci ilin mart ayının 18-də Lerik rayonunun Züvüç kəndində müəllim ailəsində dünyaya gələn oğlana atası İmran müəllim Əlizadə adını qoydu. Yəni imam Əlinin göndərdiyi pay. Əlizadə İmran oğlu Əsədov bilmirdi ki, onun da alnına, taleyinə atası kimi müəllimlik yazılıb. Amma atası kimi təhsil sahəsində yox, idman sahəsində. Həm də təkcə idman sahəsində müəllim yox, jurnalist və yazıçı da olacaqdı. Deməli, bu, onun alın yazısı idi.
Atası İmran müəllim, əslən Masallı rayonunun Qızılağac kəndində dünyaya gələn, sonralar Liman ( keçmiş Port-İliç) qəsəbəsində yaşayan və Lənkəranda Pedaqoji Texnikumunda təhsil alan belə bir ziyalı Lerik rayonunun Züvünç adlı ucqar dağ kəndinə təyinatla işləməyə göndərilmişdi. Ona görə də Əlizadə Züvüç kənddə dünyaya gəlmişdi. Atası İmran müəllim təkcə Züvüç kənd camaatının yox, qonşu kədlərdə yaşayan insanların da sevimlisi idi. Çünki bu məktəbdə qonşu kəndlərdən də çoxlu uşaqlar təhsil alırdılar. İmran müəllim də onların yüksək bilik alması üçün əlindən gələni edirdi. Bu gün respublikamızda onun yetirmələri olan çoxlu ziyalılar var. Onlardan bəziləri hətta respublika səviyyəli yüksək vəzifələrdə də işləyirlər.
Əfsus ki, Əlizadənin atalı-analı illəri çox uzun sürmədi. Atası İmran Əsədov 15 il bu kənddə müəllim işləyəndən sonra, Əlizadənin 5 yaşı olanda dünyasını dəyişdi. Anası Göyçək xanım 4 qızı və 2 oğlunu da götürüb, Lənkəran rayounun Liman (keçmiş Port-İliç qəsəbəsi) şəhərinə qohumlarının yanına pənah gətirdi. O, gözü ilə od götürə-götürə, böyük əzab-əziyyətlə övladlarını böyütdü. Əlizadə 17 yaşında olanda anası Göyçək xanım da bu dünyaya “əlvida” dedi. Ana itkisi onun üçün daha ağır oldu… Çünki atasını itirəndə onun cəmi 5 yaşı vardı. 5 yaşlı uşaq da həyatda hələ hər şeyi dərk eləmirdi. Amma 17 yaşlı Əlizadə artıq həyatın nə olduğunu, ananın ülviliyini, müqəddəsliyini yaxşı başa düşürdü… Anasının haqq dünyasına qovuşması onu göyüm-göyüm göynətdi... Və elə həmin vaxtdan başa düşdü ki, həyatda ana itgisindən ağır heç nə yoxdur.
Əlizadə birinci sinifə Liman qəsəbəsində getdi. Ailənin vəziyyəti ağır olduğuna görə, Əlizadəni Astara şəhərindəki İnternat məktəbinə qoydular. O, elə uşaq yaşlarından həmyaşıdlarından özünün çevikliyi, təşkilatçılığı ilə seçilirdi. Ona görə də məktəbdə oxuduğu illərdə, həmyaşıdları ilə futbol komandası yaratmışdı. Əlizadə uşaqlıq yoldaşlarının dediyinə görə "od-alov olduğuna" görə, onun şərəfinə həmin futbol komandasına “Alov” adı vermişdilər. Həmyaşıdları da tam inanırdılar ki, Əlizadə gələcəkdə peşəkar futbolçu olacaq. Öz adını bu sahədə tarixə yazdıracaq. O, özü də buna inanırdı. Amma peşə öyrənmək və ailəyə köməklik etmək məqsədi ilə Əlizadə Bakıya gəldi və Bakıxanov qəsəbəsindəki 7 nömrəli texniki-peşə məktəbinə qəbul oldu. Burada işləyən idman müəllimi Həsən Qarayev onun idman sahəsindəki inamını dəyişdi. Əlizadənin belə çevik və güclü olduğunu görüb, ona futbolla yox, boksla məşğul olmağı məsləhət bildi.
Beləliklə, 16 yaşlı Əlizadə idmanın bu növünə az bir vaxtda necə alüdə oldusa, boks onun 53 illik yol yoldaşı oldu. Bu yolda özünün böyük zəhməti ilə yüksək pillələrə qalxdı. Bu idman növü onun həyatının mayakı, güzgüsü və tale yazısı oldu. SSRİ İdman Ustası kimi fəxri ad qazandı. Əməkdar məşqçi kimi hamının sevimlisinə çevrildi. Beynəlxalq yarışları yüksək səviyyədə idarə elədi. Həm də Beynəlxalq səviyyəli bu yarışlarda paraddan keçəndə Əlizadə Əsədov qabaqda və bütün Azərbaycan komandası isə onun ardınca getdi. Özünün dediyi kimi ən çətin məqamlarında, rinqlərdəki döyüşləri vaxtı tez-tez Həsən müəllimin ona dediyi bu nəsihətli sözləri xatırladı: "Əlizadə, oğlum! Boksdan möhkəm yapış. Xoşbəxtliyi zəhmətdə axtar. Əgər xoşbəxtliyi zəhmətdə tapmasan, boksla ciddi məşğul olmasan deməli, heç yerdə tapmayacaqsan". Elə buna görə də müəlliminin, mənəvi atasının ümidlərini doğrultdu Əlizadə Əsədov. 16 yaşında öz yaşıdları arasında respublika çempionu oldu. Sonrakı iki ildə də bu yüksək pilləyə qalxdı. Həmin illəri tez-tez yada salan Əlizadə müəllim, ulu öndər Heydər Əliyevlə bağlı bir görüşü də həmişə xatırlayır və böyük həvəslə deyir:
- 1972-ci ilin sonları idi. Bizim 7 nömrəli texniki peşə məktəbinə “Komsomolun 50 illiyi” adını vermişdilər. Advermə mərasimində dahi rəhbər Heydər Əliyev də iştirak edirdi. Ulu öndər “Şərəf lövhəsi” olan şəkillərə baxırdı. Mənim də şəklim ora vurulmuşdu. Dahi rəhbər şəkilləri “Şərəf lövhəsi”nə vurulan şagirdlərlə görüşən vaxt mənə yaxınlaşdıqda Həsən müəllim dedi: “Əlizadə həm əlaçı şagirddir və həm də yaxşı boksçudur”. Heydər Əliyev gülümsünərək məndən hansı rayondan olduğumu soruşdu. “Lənkərandanam” dedim. Soruşdu ki, “boksu harada öyrənibsən?” Dedim ki, “burada, texniki-peşə məktəbində. Lənkəranda boksla məşğul olmağa imkan yoxdur”. Ulu Öndər əlini çiynimə qoyub, gülümsündü və dedi: “Lənkəranda da boks məktəbi olacaq. Hökmən olacaq”. Dahi rəhbərin bu sözləri elə bil ki, mənə böyük stimul, inam, qol-qanad verdi. Belə ki, texniki-peşə məktəbini bitirib, ordu sıralanına getdim. Ordudan qayıdandan sonra doğma yurda dönüb, Lənkəranda olan 7 nömrəli ərazi Nəqliyyat İdarəsində tokar kimi işə başladım. Mən, mühəndis Fəxrəddin Məmmədovun yaxından maddi və mənəvi dəstəyi ilə burada boks məktəbini yaratdım. Amma texniki imkanlar zəif olduğuna görə, bu məktəbi hələ tam tikilib qurtarmamış evimizin zirzəmisinə köçürtdüm”.
Əlizadə Əsədov, iki illik hərbi xidmətini Leninqrad vilayətinin Vıborq şəhərində və Murmansk vilayətinin Severomorsk- 1 şəhərində idman rotasında hərbi xidmət keçməklə, hərbi hissənin idman şərəfini qorumuşdu. Həm də bokusçu kimi çoxlu yarışları qalib kimi tərk etmişdi. Orduda xidmət etdiyi vaxt SSRİ İdman Ustası fəxri adını almışdı. Deməli, idman sahəsində böyük təcrübə toplamışdı. Ordudan tərxis olunandan sonra yenidən Lənkərana qayıtmaqla orduda idman səhəsində qazandığı təcrübəni artıq məqçi kimi evinin zirzəmisində uşaqlara öyrədirdi. Həmin vaxt bu məktəbdə 80-dən çox yeniyetmələr, cavanlar həvəslə boksla məşğul olmağa başlamışdı.
İndi Lənkəran rayonunun Liman şəhərində çox yaraşıqlı idman komplesi olan, “Cənub Regional Boks Mərkəzi” fəaliyyət göstərir. Amma onu da vurğulamaq istəymirik ki, bu “Cənub Regional Boks Mərkəzi”ni Əlizadə Əsədov yaratsa da, onun tikilməsində böyük əməyi olsa da və bu bina onun rəhbərlik etdiyi Lənkəran “Neftçi” İdman Klubunun balansında olsa da həmin binanın giriş və daxili qapılarının açarını bir vaxtlar zorla ondan almışdılar. Amma onlar elədiyi səhvi başa düşüb, açarları geri qaytardılar və ondan üzr də istədilər. Amma həmin “qara qüvvələr” yenə də dirçəliblər və var-qüvvələrilə onun işlərinə mane olmağa çalışırlar. Amma onlar başa düşmürlər ki, “yel qayadan heç nə apara bilməz”. Əlizadə Əsədova mane olmaqdansa kömək eləsələr o, Cənub idmanını respublikanın ən aparıcı idman sahələri səviyyəsinə qaldırar. Axı onun idman sahəsində 53 illik böyük təcrübəsi var. Həm də keçmiş Sovetlər Birliyində geniş əlaqələri var. Onu da vurğulayım ki, onun üç oğlu da boks üzrə dərəcəli idmançıdırlar. Azərbaycan çempionatının qalibidirlər. Oğlu Xəyal Azərbaycan Bədən Tərbiyəsi Akademiyasını qurtarsa da ona Lənkəranda dərs saatı verilməyib. Baxmayaraq ki, onun Azərbaycan birinciliklərində böyük nəticələri olub. O biri oğlu Elbrus Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Seymur isə Nazirlər Kabinetinin yanında İdarəetmə və Politalogiya Akademiyasını bitirib. Əlizadə Əsədovun tələbəsi Azərbaycan Respublikasının Kinq-Boks üzrə yığma komandanın baş məşqçisi, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Elşən Abdulrəhimdir. O, komandanı bütün yarışlara aparır. Elşən Abdulrəhim 3-4-cü siniflərdə oxuduğu vaxtlardan Əlizadə müəllim onunla məşq eləyib. Onu idmançı kimi yetiririb. Boks üzrə də SSRİ idman ustasıdır. Beynəlxalq səviyyəli çoxlu yarışların da hakimi olur.
Yadigar Məmmədov Gənclər arasında yığma komandada ikinci məşqçidir. O da Əməkdar məşqçidir. Qızlar arasında Azərbaycan Yığma Komandasının da baş məşqçisi Əlizadə müəllimin yetirməsi İlkin Ağayevdir. O da bir vaxtlar dünya yarışında ikinci yerə çıxıb. Bakıda keçirilən dünya çempionatında isə çempion olub. İki dəfə də Avropa yarışlarında ikinci yerə çıxıb. Sonra da dünyada ən yaxşı boksçu adına layiq görülüb. Heydər Əliyevin adına keçirilən beynəlxalq yarışlarda isə beş dəfə çempion olub.
Respublika “Dinamo” İdman Cəmiyyətində də Əlizadə müəllimin tələbəsi Rafiq Abbasov məşqçi kimi çalışır. Onun tələbəsi Oqtay Məmmədov “Kömrük” İdman Cəmiyyətində məşqçidir. Əlizadə müəllimin tələbəsi olan və bu gün Almaniyada yaşayan Zahid Mehdiyev iki dəfə SSRİ çempionu olub. ( SSRİ Həmkarlar İttifaqları birinciliyində və SSRİ birinciliyində. Gənclər arasında) SSRİ Yığma komandasının üzvü olub. Həm də dünya çempinatında Amerikanın Hüystonda şəhərində üçüncü yeri tutub. Hazırda Almaniyada yaşayır və oranın fəxri vətəndaşıdı. Əlizadə müəllimin tələbəsi Cavid Tağıyev Olimpiya yarışlarının beşinci mükafatçısı olub. Eyni zamanda neft ölkləri arasında keçirilən dünya çempionatının qızıl mükafayçısıdır. Avropa birinciliyində Austo şəhərində ikinci yerə çıxıb. O, Əməkdar idman ustasıdı.
Azər Məmmədov. O da İtaliyanın Austo şəhərində keçirilən Avropa yarışlarında ikinci yerə çıxıb. O, dəfələrlə respublika çempionu, Heydər Əliyev kubokunun sahibi olub. Əli İsmayılov kimi güclü idmançının rəqibi olub. Amil Kərimov Avropa birinciliyinin bürünc medalçısıdır ən ağır çəkidə. Rusiya Fedorasiyasında və MDB məkanında onun çoxlu tələbələri həm məşqçidirlər və həm də idnmançı kimi çalışırlar. Onların hər birinin böyük nəticələri və fəxri adları var. Onlar arasında SSRİ İdman ustaları Xasay Əmirovun, İlqar Təbibzadənin, Elşən Abdurrəhimin, Sakin Məmmədzadənin və İdman ustalığına namizəd, dərəcəli idmançılardan-Elçin Heydərovun, Rafiq Quliyevin,Vidadi Mahmudovun, Rövşən Nəcəfovun, Valeh və Anar Eyvazov qardaşlarının, Sərxan, Oqtay Məmmədov qardaşlarının, Seyran, Rauf, Elçin Mustafayev qardaşlarının, Əziz, Nicat Quliyev qardaşlarının, Elşən, Samir Abdurrəhimov qardaşlarının, Ramiz, Ramin Muradov qardaşlarının, Elbrus, Seymur, Xəyal Əsədov qardaşlarının, Şahin və Pərviz Ələkbərov qardaşlarının, Rafiq, Hafiz Abbasov qardaşlarının, Fərman, Elman Abbasov qardaşlarının, Şahin Şükürovun, eləcə də başqalarının adını çəkə bilərik. Əlizadə Əsədov bir müəllim kimi onlarla əlaqə saxlayır və ona Lənkəranda mane olmasalar, onları bu işə cəlb etməklə Azərbaycan idmanına çox böyük töhfələr verə bilər.
Yuxarıda yazdığımız kimi Əlizadə Əsədov həm də lap cavanlıq illərindən bədii yaradıcılıqla və jurnalistika ilə məşğul olur. O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Onun çoxlu şeirləri, hekayələri, elegiyaları, esseləri, məqalələri, oçerkləri, publisist yazıları təkcə Lənkəran rayon qəzetlərində, jurnallarında yox, respublika qəzetlərində, jurnallarında və saytlarında da çap olunur. Məhz buna görə də Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Rəyasət Heyyətinin qərarı ilə Əlizadə İmran oğlu Əsədova “Xalqın nüfuzlu ziyalısı” fəxri mükafatı verilib. Bu da jurnalistika və yradıcılıq sahəsində çox böyük mükafat sayılır. O, həm də “Qızıl qələm” media mükafatı laureatıdır. “Azad Azərbaycan” qəzetinin şöbə müdiridir.
O, 1978-1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1982-1986-cı illərdə Respublika Olimpiya Ehtiyatları boks idman məktəbinin baş məşqçisi, SSRİ Həmkarlar İttifaqı İdman Cəmiyyətlərinin boks üzrə yığma komandasının məşqçisi olub. 1986-1991 HİÜKBTİCN Lənkəran şəhər Şurasının boks üzrə baş məşqçisi işləyib. 1995-ci ildə eyni zamanda Lənkəran “Neftçi” İdman Klubu müəssisəsini təsis edib. 1999-2001-ci illərdə “Neftçi” İdman Klubu müəssisəsinin sədri, 2001-ci ildə “Spartak” Kənd Bədən Tərbiyəsi İdman Cəmiyyəti Lənkəran Şurası onun tərəfindən yenidən bərpa edilib. 1986-cı ilin noyabr ayında Əlizadə Əsədova Boks üzrə respublika dərəcəli hakim adı verilib.
1993-cü ilin iyun ayında Əlizadə Əsədova Azərbaycan Respublikasının Əməkdar Məşqçisi fəxri adı verilib.
O, 2001-ci ildə Beynəlxalq dərəcəli hakim adına layiq görülüb.
2006-cı ilin noyabrında ona Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adı verilib. Əlizadə Əsədov 1982-ci ildən Azərbaycan Jurnalistlər Birliyin üzvüdür. 2011-ci ilin mayında Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının “Qızıl Qələm” mükafatına layiq görülməklə bədii və publisistika sahəsindəki işlərini çox artırıb.
2019-cu ildə “Avropa Nəşr Mətbuat Evi” onu boks idmanı sahəsində göstərdiyi uzun müddətli xidmətlərinə görə Beynəlxalq dərəcəli hakim, “Əməkdar məşqçi”, ən yaxşı hakim kimi “Qızıl Medal” ilə təltif edib.
Bu peşəkar idmançı, məşhur hakim Əlizadə Əsədov idman sahəsindəki bu qədər uğurları ilə kifayətlənməyib. Belə ki, cavanlıq illərindən bədii yaradıcılığa və jurnalistyikaya meyli 1982-ci ildə onu bu sahələrə də gətirib. Beləliklə, həmin ildən bədii yaradıcılıqla və jurnalistika ilə məşğul olur. Ədəbi və publisistik yazıları ilə respublika mətbu orqanlarında çıxış edir. Onun yazıları oxucular tərəfindən çox maraqla qarşılanır.
Yazıları, şeirləri, hekayələri, publisist yazıları- “Məşəl” jurnalı, “Şəfəq” jurnalı, “Azad qələm” jurnalı, “Azad Azərbaycan” qəzeti, “Azad təvəkkür” qəzeti, “Lənkəran” qəzeti və başqa mətbuu orqanlarında çap olunur.
Əlizadə Əsədov bu xidmətlərinə görə 2020-ci ildə “Xalqın nüfuzlu ziyalısı” adı ilə təltif olunub.
Artıq Əlizadə Əsədovun özünün yazdığı üç kitabı işıq üzü görüb. Bunlar aşağıdakılardır:
“Məşqçi – Hakim mətbuat səhifəsində” (Bakı -2021)-ci il
“Vətən sevgi ünvanım” (Bakı – 2022-ci il)
“Dünya üçün narahatam” (Bakı -2022-ci il )
Əlizadə Əsədovun idman və ictimai fəaliyyəti və çox uğurlu işi barəsində isə bu kitablar yazılıb.
“Döyüş şöhrəti”, “Döyüşlə qazanılan şöhrət”, Dağlarda izin qaldı”, “Əlizadə Əsədov məktəbi”.
Əlizadə Əsədov özünün əsas idman işi, müəllimliklə paralel 2015-ci ildən hal-hazıra kimi “Məşəl” ədəbi-bədii elmi-publisistik jurnalının baş redaktorun müavini və “Azad Azərbaycan” qəzetinin şöbə müdiridi vəzifələrində də çalışır.
Əlizadə Əsədovun mart ayının 18-də 69 yaşı tamam oldu və mart ayının 19-dan artıq 70 yaşına qədəm qoydu. Ona həyatda bundan sonra da böyük uğurlar, can sağlığı arzu edirik. Belə bir tarixi şəxsiyyət millətimizə, məmləkətimizə hələ çox lazımdır. Hələ bundan sonra da çoxlu uğurlu işlər görə bilər. Axı o, Azərbaycan idmanında böyük tarix yazıb.
Dianetikada, yəni insanın özünüdərk fəlsəfəsində belə bir kəlam var: “Hərtərəfli (universal) adam insan ləyaqətinin bütün cəhətlərini özündə birləşdirir və hamı tərəfindən sevilir”. Bax, Əlizadə İmran oğlu Əsədov da məhz belə insandır. Əfsus ki, belə insanların sayı məmləkətimizdə çox azdır.
Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor,
Əməkdar incəsənət xadimi
18- 19 Mart 2024-cü il
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB