Güləş üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Hərbçilər arasında Güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirin əvvəlində xüsusi orkestrin müşayiəti ilə çempionatda iştirak edəcək ölkələrin bayraqları ictimaiyyətə təqdim edilib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Hərbi İdman Şurasının bayrağı qaldırılıb.

Çıxış üçün söz gənclər və idman nazirinin müavini Marianna Vasilevaya verilib. O bildirib ki, 2006-cı ildə güləş üzrə dünya çempionatı Bakıda keçirilib: "Bu gün isə Azərbaycan Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatına ev sahibliyi edir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir. İnanıram ki, biz idmançıların maraqlı yarışlarını izləyəcəyik".

Qurum rəsmisi sonda bütün iştirakçılara uğurlar arzulayıb.

Daha sonra Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede çıxış edib. O, Azərbaycanda hər şeyin nə dərəcədə inkişaf etdiyinin şahidi olduğunu bildirib: “Təşkilatçılığı yüksək qiymətləndirirəm. Bu bizim üçün vacib amildir. Hərbiçilər arasında keçiriləcək güləş üzrə 36-cı dünya çempionatda iştirak edəcək idmançılar yüksək şəkildə mübarizə aparacaq. Burada həm dostluq, həm də rəqabətin olacağına əminəm”.

Açılış mərasimində son olaraq çıxış edən Dövlət Sərhəd Xidmətinin rəis müavini general-leytenant Abbas Xəlilov hər bir iştirakçıya qələbə sevinci arzulayıb: "Ölkəmizdə illərdir müxtəlif növ idman yarışları, dünya və Avropa çempionatları keçirilir. Hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi, yarışların ən yüksək səviyyədə təşkil edilməsi böyük qürurvericidir. Ölkəmizdə bu cür mötəbər tədbirin keçirilməsi bizə qonaqpərvərliyimizi və yüksək təşkilatçılığımızı göstərmək imkanı yaradır".

A.Xəlilov çıxışının sonunda Beynəlxalq Hərbi İdman Şurasına minnətdarlığını bildirib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə