Bu gün - 26 iyul tarixində Yasamal rayonu Heydər Əliyev Mərkəzində Yasamal rayonu Gənclər və İdman sektoru, "Elin Səsi" milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyi və Azərbaycan Universiteti Siyasi elmlər kafedrasının birgə təşkilatçılığı ilə "Heydər Əliyev və dövlət gənclər siyasəti" mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyinin yaranmasının 29-cu ilinə həsr edilib.
Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və torpaqlarımız uğrunda gedən döyüşlərdə canından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Konfransda Yasamal rayonu Gənclər və İdman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının müdiri, "Elin Səsi" ictimai birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski, "YOL" yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və təhlükəsizliyi ictimai birliyinin sədri Rüfət Axundov, "Elin Səsi" ictimai birliyinin üzvü Babək Məhərrəmov, MAYT ictimai birliyinin sədri Camal Kərimli, Azərbaycan Universiteti TGT sədri Rəsul Dadaşov və AMK TGT sədri Ayxan İmanov çıxış ediblər.
Konfransda müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin gənclərə olan diqqət və qayğısı, yürütdüyü gənclər siyasəti, ölkəmizdə aparılan kadr hazırlığı barədə məlumat verilib. 1996-cı ildə Azərbaycanda və post-sovet məkanında ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə gənclərin problemlərini dinləmək üçün I Forumun çağırıldığı barədə məlumat verilib. Bildirilib ki, bu, Ümummilli Liderin Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğının ən bariz nümunəsi idi.
İlham Səfərov qeyd edib ki, hətta dünya ölkələri bəzi siyasət və fəaliyyətləri, ideyaları Ümummilli Liderdən götürüb. Çünki Azərbaycanda 1996-cı ildə 2 Fevral tarixi Gənclər Günü élan edilib. Dünya Gənclər Günü qərarı isə 1998-ci ildə qəbul olunub. 1999-cu ildə Dövlət Gənclər Siyasəti Haqqında Fərman, 2002-ci ildə Dövlət Gənclər Siyasəti Haqqında Qanun qəbul olunub.
İ.Səfərov, həmçinin, Ulu Öndərin idman siyasətində də gördüyü işlərdən danışıb: “Müstəqilliyin ilk dövrlərində AXC-Müsavat birliyinin yarıtmaz və özbaşına siyasətinə görə bir çox idmançılar və idman mütəxəssisləri qazanc üçün ölkədən çıxıb getdilər. Lakin Ulu Öndərin idman sahəsində yeritdiyi siyasət nəticəsində Azərbaycanda da idman inkişaf edib. Onun təşəbbüsü ilə dövlət tərəfindən Azərbaycana bir çox xarici məşqçilərin dəvəti baş tutub, 45-dən artıq Milli Olimpiya Kompleksləri inşa olunub. Əvvəlki illərdə çempionlar Bakıdan seçilirdisə, sonrakı dövrlərdə artıq bölgələrdən də seçilməyə başladı. Bu, idmanın inkişafının bir göstəricisi idi”.
Daha sonra çıxışlarda Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və bunun nəticəsində Azərbaycan gənclərinin bu gün bütün sahələrdə özlərini doğrultduqlarından bəhs edilib. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, könüllülük təşəbbüsləri, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan haqqında da çıxış edilib.
Konfrans mövzu ətrafında aparılan müzakirələrlə davam etdirilib. İştirakçılar həmçinin Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti-100 foto sərgi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB