"Əziz Şuşa" beynəlxalq velosiped yarışının III mərhələsi başa çatıb - YENİLƏNİB

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışının III mərhələsi sona yetib. SİA xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından başlayan yarış Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında başa çatıb.

İdmançılar Qəbələ-Ağdaş-Mingəçevir-Gəncə marşrutu üzrə 170 kilometr məsafə qət ediblər. Yol boyu idmançılar azərkeşlər tərəfindən alqışlanaraq dəstəklənib. Şəhər əhalisi yarışçıların həyəcanına şərik olub.

Yarışda birinci yerin sahibi Belçika komandasının üzvü Jari Verstraeten olub. İkinci yer Rumıniya komandasının üzvü Mihnea-Alexandru Harasim, üçüncü yer isə Qazaxıstan komandasının üzvü Anton Kuzmin olub.

"Əziz Şuşa" beynəlxalq velosiped yarışında üç mərhələnin lideri sarı köynəyin sahibi Emanuel Ansaloni oldu. Üç mərhələnin ən yaxşı sprinter II mərhələnin qalibi Hollandiya komandasının üzvü Luk Şurmans, ən yaxşı dağ velosipedçisi Qazaxıstan komandasının üzvü İlxan Dostiyev, ən yaxşı gənc idmançı isə Türkiyə komandasının üzvü Aleksandr Bereznyak seçilib.

Yarış bitdikdən sonra qaliblərin mükafatlandırma mərasimi baş tutub.

Qeyd edək ki, idmançılar 10 iyun tarixində Gəncə-Göygöl marşrutu üzrə 102,9 kilometr məsafəni qət edəcəklər.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə