"Baku Sailing Regatta-2023”ə yekun vurulub - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yelkən idman növü üzrə "Baku Sailing Regatta-2023”ə mayın 28-də yekun vurulub. SİA xəbər verir ki, “Xəzər bizi səsləyir” devizi ilə Bakı buxtasında təşkil olunan yarışda, ümumilikdə 39 yelkənçi altı sinif (“Optimist”, “Optimist Qızlar”, “Optimist Junior”, “ILCA 4”, “ILCA 6”, “ILCA 7”) üzrə yarışıb. Onlar arasında Gürcüstandan olan yelkənçilər də olub. Yarışı yerli və Türkiyədən olan peşəkar hakimlər idarə ediblər.

Yelkənçilərin final günündə mübarizəsini gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədr müavinləri Nəzrəddin Əhmədzadə və Zaur Nağıyev, Azərbaycan DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi Rövşən Eyyubov, Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Nq Ser Mianq da izləyiblər.

Yarışı daha yaxından izləmək məqsədilə şəhər sakinləri və turistlər üçün də “Yaxt Klub”da əlverişli şərait yaradılıb. Həmçinin Dənizkənarı Milli Parkda həm böyüklər, həm də uşaqların marağına səbəb olan müxtəlif əyləncəli proqramlar təşkil edilib.

Reqataya “Windsurfing Baku” idman klubunun idmançıları da xüsusi rəng qatıblar.

Qalib yelkənçilərin təntənəli mükafatlandırılması mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, ASCO sədrinin müavini Zaur Nağıyev, Azərbaycan Yelkən Federasiyasının vitse-prezidenti Burcu Algon Giorgianni idmançıları təbrik edib, onlara uğurlar arzulayıblar.

Çıxışçılar Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi dəstək və qayğıdan danışaraq qeyd ediblər ki, Ulu Öndərin təməlini qoyduğu idman siyasətini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Bu sahədə qazanılan nailiyyətlər sayəsində ölkəmiz beynəlxalq səviyyədə nüfuzlu dövlətlərdən biri kimi qəbul olunur. Sevindirici və qürurverici haldır ki, beynəlxalq yarışlarda uğur qazanan, Azərbaycanı layiqincə təmsil edən idmançılar sırasında yelkənçilər də var.

Sonra yarışın nəticələri elan olunub, qaliblərə sertifikat və kuboklar təqdim edilib.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Baku Sailing Regatta” üçüncü dəfədir təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə