Milli komandamız “Tour of Sharjah” yarışında mübarizəyə uğurla başlayıb

Yanvarın 27-də Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət Elit/U23 yığma komandası Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour of Sharjah” yarışında mübarizəyə başlayıb. Bu barədə SİA-ya Azərbaycan Velosiped Federasiyasından məlumat verilib.

17 ölkədən 24 komandanın qatıldığı yarışın ilk mərhələsində velosipedçilər fərdi ötüşmə növündə güclərini sıynayıblar. Al-Mamzar ərazisində baş tutan mübarizədə idmançılar 8,9 km məsafə qət ediblər. Yarışda 6 velosipedçi ilə iştirak edən milli komandamızın üzvləri mərhələni uğurla başa vurublar. İdmançılarımızdan ən yaxşı nəticəyə Elçin Əsədov imza atıb. O, 11 dəqiqə 37 saniyə göstərici ilə 9-cu yerdə qərarlaşıb. İdmançımız qalib velosipedçidən 15 saniyə geri qalıb. Musa Mikayılzadə 23-cü (11'48''64), Əli Qurbanov 75-ci (12'25''11), Nəcəf Bağırov 95-ci (12'39''80), Şahin Eyvazov 101-ci ( 12'47''23), Elgün Əlizadə isə 113-cü (12'52''58) yerlə kifayətləniblər.

Mərhələnin qalibi isə 11 dəqiqə 21 saniyə nəticə ilə BƏƏ-nin “Torq Team” klubunun böyük britaniyalı üzvü Gordon Kyle olub. Qeyd edək ki, 141 velosipedçinin iştirak etdiyi 5 mərhələli yarış yanvarın 31-də başa çatacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə