"Cüdo idman növü Olimpiya idman növü olaraq çox sevilir" - QURUM RƏSMİSİ BİLDİRDİ

“Azərbaycanda cüdo idman növü Olimpiya idman növü olaraq çox sevilir. Cüdo üzrə Olimpiya, Avropa çempionlarımız və mükafatçılarımız var”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov bildirib.

Qurum rəsmisi bildirib ki, sevindirici hal odur ki, cüdo Azərbaycanda populyar idman növü olaraq qalır: “Təkcə paytaxtda deyil bölgələrimizdə də, cüdo klubları yaradılaraq fəaliyyət göstərir. Gələcəkdə də bölgələrimizdə cüdo klublarının açılması bu idman növünün kütləviliyinin artmasına səbəb olacaq. Hal-hazırda keçirilən təlim-məşq toplanışı Paris Olimpiya Oyunlarına hazırlıq və lisenziya xallarının toplanması üçün həyata keçirilir. Bunun üçün də idmançılarımızın yarışlara çox hazırlıqlı olması baxımından çox önəmlidir. Bu gün cüdo federasiyasında çox peşəkar komanda çalışır. Ümid edirik ki, bu təlim-məşq toplanışı başlanılacaq yarışlara və oradakı nəticələrə müsbət təsir edəcək. Ən əsası odur ki, zədələrimiz olmasın, idmançılarımızın yüksək hazırlıq səviyyəsi özünü doğrultmuş olsun. Həmçinin bu idman növü üzrə öz ölkəmizdə də bir sıra yarışlar təşkil olunacaq. Bütün bu yarışların hər biri idmançılarımızın praktikasının artırılmasına, millinin üzvlüyünə vəsiqə qazanmasına və cüdo idman növü üzrə əvəzedici heyətin formalaşmasına xidmət edir. Bütün cüdoçularımıza uğurlar arzu edirəm. Düşünürəm ki, hər il olduğu kimi bu ildə cüdo üzrə idmançılarımız xeyli uğurlar qazanaraq, bizi sevindirəcək”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə