“Azərişıq” azad edilmiş torpaqlarımızı nura boyayır - ANALİZ - VİDEO - FOTOLAR

Prezident İlham Əliyev: Bərpa işləri arasında elektrik enerjisi təchizatı, əlbəttə ki, xüsusi yer tutur. Bu məqsədlə müharibədən dərhal sonra ilk günlərdən biz bu işlərlə məşğul olmağa başlamışıq.

​30 il işğal altında qalan Qarabağda düşmən daşı daş üstündə qoymayıb. Bütün tarixi abidələr, muzeylər, məscidlər, pirlər, digər sosial obyektlər kimi, rayonlarımızın kommunikasiya sistemi də sıradan çıxarılıb. Düşmənin bu xisləti vəhşiliyin son həddinin göstəricisi olmaqla yanaşı, həm də dünyadakı havadarlarına onun təsdiqi idi ki, bu torpaqlar onlara məxsus deyil. Çünki heç kim öz torpağında bu qədər barbarlığa yol verməz, əksinə olanları qoruyub saxlamağa çalışar. Dövlətimizin başçısının dediyi kimi: Bizim evlər - azərbaycanlıların ermənilər tərəfindən dağıdılmış evləri. Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq.

​Sıradan çıxan kommunikasıyalardan biri də elektrik enerjisidir. Hansı ki, indi azad olunmuş torpaqlarda elektrik enerjisi çox vaciv və lazımlıdır. Çünki həyata keçirilən bütün quruculuq işləri elektrik enerjisi olmadan mümkün deyil. Onsuz da işğaldan əvvəl sovet hakimiyyətinin əsarətində olan Azərbaycanın bütün əraziləri kimi, bu rayonlarda da elektrik təsərrüfatı bərbad vəziyyətdə idi. Necə gəldi çəkilən, harada gəldi qoyulan transformatorlar müasir texnologiyadan uzaqda qalan bu yurd yerlərimizin əksəriyyətinin mürəkkəb coğrafi quruluşunda çətinliklər yaradırdı.

​44 günlük müharibə dövründə daha da sıradan çıxan elekrtik xətləri tamamilə yararsız vəziyyətə düşmüşdü. Elektrik enerjisi isə 44 günün hər saatında işğaldan azad edilən torpaqlarımız üçün olduğca vacib idi. Elə bu səbəbdən də “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ölkə başçısının tapşırığı ilə bu ərazilərdə təcili fəaliyyətə başladı.

​​​Hərbçilərin ardınca “Azərişıq”

​İkinci Vətən Müharibəsini əhatə edən 44 gündə bütün xalq gecə-gündüz ayaq üstündə idi. Onlar Ali Baş Komandanın əmrini gözləyirdilər. Hər bir vətəndaş əsgərə çevrilmiş, ona veriləcək tapşırığı canla-başla yerinə yetirməyə hazır idi. Çünki biz 30 ilin yükünü çiyinlərimizdən atırdıq. Bu yük namus, şərəf yükü idi. 30 ilin əvvəlində torpaqlarımızı satıb soydaşlarımızı öz ata-baba yurdundan zorla qovduranların bu xalqın şərəfinə gətirdiyi ləkələri təmizləməyə qalxmışdıq. Birinci Vətən Müharibəsində minlərlə şəhidimizin, qazimizin, evləri dağıdılan, yurdları boş qalan insanların qisasını almaq üçün ayağa durmuşduq.

​Yenə də minlərlə şəhidimiz, qazimiz olsa da, şərəfimizi, ləyaqətimizi təmizlədik. 44 günün hər gününə dünyanın heyran qaldığı səhifələr yazdıq. Bu səhifələrdə hərbçilərimizlə yanaşı, digər qurumlar da var ki, dövlət başçısının tapşırığı ilə dərhal azad olunmuş torpaqlarda öz vəzifələrini həyata keçirməyəbaşladılar. Onlardan biri də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətidir. Maraqlı faktlar var ki, bu qurum 44 gündə ordumuz hansı bölgəni azad etmişsə, dərhaloraya yollanmış, ilkin işıqlandırma məsələlərini həll etməyə çalışmışdır. Qarlı-yağışlı havalara, dağlıq ərazilərin çətin relyefinə baxmayaraq görüləntəxirəsalınmaz işlərin nəticəsidir ki, indi bütün azad edilmiş rayonların mərkəzində işıqlandırma var. Ucqar ərazilərin elektrik enerjisi ilə təminatı işləri isəhazırda sürətlə davam etdirilir. Davam etdirilir ki, soydaşlarımız azad olunmuş torpaqlara vaxtındaqayıda bilsinlər. Axı quruculuq işləri elektrik enerjisi olmadan həyata keçirilə bilməz. Bunun üçün də “Azərişıq” əməkdaşları əlverişsiz hava şəraitində də fəaliyyət göstərir, 30 ilin yurd həsrətlilərinin evlərinə qayıtması üçün əllərindən gələn köməkliyi göstərirlər.

​Azad olunan torpaqlarda başlayan quruculuq işlərində iştirak edənlərin hər biri də bir əsgərdir. Çünki əsgər döyüşərək vəzifəsini yerinə yetirirsə, digər insanlar isə bu ərazilərə yeni həyat verirlər. Heç bir həyat işartısı olmayan ərazilərə.

Şuşada 48 transformator stansiyasından 9 yarımstansiyaya

Bəli, yuxarıda da vurğuladığım kimi, sovet dövründə ölkəmizin hər bir bölgəsi kimi, Qarabağda da bütün sahələr inkişafdan qalmışdı. Hər il Azərbaycanın bol sərvətlərini yetərincə mənimsəyən imperiya respublikamızın inkişafını nədənsə gündəmə gətirmək fikrində deyildi. Bu səbəbdən də bütün bölgələrimizi köhnəlik, baxımsızlıq mənzərəsi ağuşuna almışdı.

Şuşada da digər sahələr kimi, haqqında danışdığımız elektrik təsərrüfatı sahəsi də xoşagəlməz səviyyədə idi. Bu yaxınlarda “Azərişıq” rəsmisi televiziya kanallarından birinə müsahibəsində maraqlı faktlar açıqladı. Deməli, işğaldan əvvəl Şuşada 48 transformator satansiyası mövcud imiş. Təsəvvür etmək o qədər də çətin deyil ki, bu gözəllər gözəli şəhər həmin çoxsaylı transformatorların fonunda necə görünürmüş. O zaman da qonaqlı-qaralı olan, turistlərin üz tutduğu, tədbirlərin, festivalların keçirildiyi Şuşa elə bu fakta əsasən demək olar ki, baxımsız bir yer imiş.

Lakin işğaldan sonra Şuşanın bərpasının baş planaına əsasən şəhərin elektrik təminatı da texnoloji yeniliklərin, burada rəqəmsal stansiyanın ilk dəfə tətbiqi ilə tam müasir şəkildə həyata keçirilir. Belə ki, həmin o 48 transformator stansiyasının işi sadəcə 9 yarımstansiyanın öhdəsinə verilib. Onlardan 6-nın tıkintısı gedır. 3-nün tikintisinə isə tamamlanma işləri görülür. Əvvəllər bir-birinə dolaşan xətlər ixtisara salınıb, bütün xətlər yeraltı işlənib. Bu, həm enerji itkisinin qarşısını alır, həm də şəhərin estetik görünüşünü təmin edir.

​ Mayın 10-da Prezident İlham Əliyevin “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salması da görülən işlərin uğurlu ardıcıllığının göstəricisidir.

Güləbird azad edilmiş torpaqlarda istifadəyə verilən ilk elektrik stansiyasıdır

Prezident İlham Əliyev azad olunmuş ərazilərə növbəti səfəri zamanı Laçın rayonunda 8 meqavat gücə malik Güləbird Su Elektrik Stansiyasının açılışı zamanı bildirmışdır ki, Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir və vaxtilə burada bir çox stansiyalar olub. Mənfur düşmən də işğal dövründə bu stansiyalardan istifadə edib. Ancaq Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını darmadağın edib.

Dövlətimizin başçısı demişdir: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. Bu, çox böyük generasiya gücüdür. Bu generasiya gücü ilə biz bu əraziləri bərpa edəcəyik, dayanıqlı enerji ilə təmin edəcəyik”.

​​Bölgədə bərpaolunan enerji növlərinin çox böyük potensialı olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Onların arasında ən böyük potensiala “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları malik olacaqdır. Bu stansiyaların tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlmişik. Yaxın gələcəkdə bu su elektrik stansiyaları tikiləcək və beləliklə, Azərbaycan tərəfinə bu stansiyaların fəaliyyətindən düşən generasiya gücü 120 meqavat olacaqdır. Yəni, biz bir neçə ildən sonra 120 meqavat “Xudafərin” və “Qız Qalası” stansiyalarından, 120 meqavat isə Kəlbəcər və Laçın rayonlarındakı su elektrik stansiyalarından alacağıq. Bu, 240 meqavat generasiya gücü deməkdir və bunun üstünlüyü odur ki, bu, su elektrik stansiyalarıdır və enerjinin maya dəyəri çox aşağıdır. Bununla paralel olaraq, artıq göstəriş vermişəm ki, bizim azad edilmiş bütün digər torpaqlarda bərpaolunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsi prosesinə start verilsin. Belə bir göstəriş verildi və bu gün Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcəkdir”.

Qarabağda elektrik stansiyalarının sayı 30-a çatdırılacaq

Ötən ilin avqust ayında Kəlbəcər və Laçın rayonlarında səfərdə olarkən Prezident İlham Əliyev 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak edərkən demişdir: Kəlbəcər rayon yarımstansiyasının açılışını etdik. Çox əlamətdar hadisədir. Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti var və deyə bilərəm ki, cəmi altı ay ərzində bu yarımstansiya ərsəyə gəldi. Özü də çox çətin bir hava şəraitində, çətin relyefdən, dağlardan keçərək, bu önəmli infrastruktur obyektini istifadəyə verdik. Yeni dirəkləri də görürsünüz. Dirəklərin ən hündür olan yeri 3400 metrdir. Doğrudan da böyük peşəkarlıq və məharət tələb edən layihədir və onu göstərir ki, bizim daxili resurslarımız o qədər güclüdür ki, biz qısa müddət ərzində bu işləri görə bilərik. Beləliklə, bu yarımstansiya Kəlbəcər rayonunu elektrik enerjisi ilə təchiz edəcək. Bu tədbirə qədər Lev çayı üzərində su elektrik stansiyasının tikintisi ilə tanış oldum. Orada generasiya gücü 4,4 meqavatdır. Biz artıq Güləbird Su Elektrik Stansiyasını işə saldıq, orada 8 meqavatdır, o, Laçın rayonundadır. Suqovuşan Su Elektrik Stansiyası da təmir olundu, yenidən quruldu, orada da 7,8 meqavatdır. Yəni, görün, biz artıq 20 meqavatdan çox elektrik enerjisini alternativ mənbələrdən hasil etməyə başlayırıq və bu hələ başlanğıcdır. Ermənilər bu bölgələri tərk edərkən bütün su elektrik stansiyalarını məhv etdilər, dağıtdılar. Biz onları bərpa edəcəyik. Güləbird, indi isə Lev çayı üzərində və digər su elektrik stansiyaları və onların sayını tədricən təxminən 20-yə çatdıracağıq, bəlkə də 30-a çatdıracağıq, amma tədricən. Beləliklə, bizim enerji potensialımız da güclənəcək. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası kimi yaşayacaq və bizim bütün planlarımız yerinə yetiriləcək. Cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü göstərir, əzmkarlığımızı göstərir, güclü siyasi iradəni göstərir.

Dövlət başçısının çıxışlarında görülən işlər səlist xronoloji ardıcıllıqla göstərilir. Bu tarixi faktlar Qarabağın inkişafının göstəriciləri ilə yanaşı, həm də görülən işlərin öyrənilməsi ilə bağlı ən yaxşı mənbədir.

Hazırda Ağdam, Kəlbəcər, Laçın rayonlarında 4 ədəd 110 kV-luq yarımstansiyanın, Füzuli rayonunda 35 kV-luq “Veysəlli”, Qubadlı rayonunda 35 kV-luq yeni yarımstansiyanın, Şuşa şəhərində elektrik enerjisinin paylanması üçün 35/0,4 kV-luq 9 yarımstansiyanın,70 km-ə yaxın 35 kV-luq kabel xətlərinin tikintisi, Zəngilan rayonunda 35 kV-luq “Alıbəyli”, Cəbrayıl rayonunda 35 kV-luq “Hərəkül” və Xocavənd rayonunda 35 kV-luq Hadrut yarımstansiyalarının yenidən qurulması tədbirləri həyata keçirilməkdədir.

İzolyasiyalı xətlər əkin sahələrininartmasına şərait yaradır

​Müasir dövrdə əkin sahələrinin genişləndirilməsi, əkinəyaylı sahələrin hər qarışının əkin dövriyyəsinə daxil edilməsi mühüm əhəmiyyətə malikdlr. Çünki dünyada qlobal problemlər yaşanır, ərzaq qıtlıqı tüğyan edir, nəticədə isə məhsulların qiymətlərinin bahalaşması müşahidə olunur. Bu səbəbdən də kənd təsərrüfatını inkişaf etdirmək hər bir ölkə üçün mühümdür. Torpaq sahələri nə qədər çox əkilərsə, ehtiyac o qədər azalmış olar.

Digər tərəfdən isə əkinəyararlı olmayan sahələrdə də müəyyən işlər həyata keçirilir, onlar otlaqlar və ya hər hansı tikili üçün əlverişli hesab olunur. Bu səbəbdən də torpağın hər qarışı qiymətlidir. ​

“Azərişıq” ASC-nin azad edilmiş torpaqlarda həyata keçirdiyi işıqlandırma işində diqqəti çəkən maraqlı bir məqam da vardır. Bu, ondan ibarətdir ki, elektrik xətlərini əvvəlki ənənəvi dayaqlardan fərqli olaraq bir izolyasiyalı xətt əvəz edir. Yəni əvvəlki xətlər üçün 30 metrə qədər mühafizə zonası ayrılırdı. Bu isə üst-üstə gələndə minlərlə hektar əkin sahəsinin, torpağın itirilməsi demək idi. Artıq bu cür müasir izolyasiyalı xətlər Şusada, Suqovuşanda, Zəngilanın “Ağalı” xəttində, hava limanında tətbiq olunub. Bütün bunlar isə adıçəkilən ərazilərdə min hektarlarla torpaq sahəsinin qazanılması, əkin sahələrinə sərf olunacağı deməkdir.

30 ilin qaranlığı yarılır

Beləliklə “Azərişıq”ın son dövrlərdəki fəaliyyətinə qısa nəzər salmaqla görmək olur ki, ölkə başçısının tapşırığı ilə artıq bu qurum azad edilmiş torpaqlarımızı nura boyayır. O nur ki, 30 il idi ki, ona həsrət idi. Nəinki o torpaqlarda bir evdən işıq gəlmirdi, məcazi mənada desək o torpaqlara günəş belə doğmurdu. Erməni işğalında olan yurdlar öz yurddaşlarını, Vətəninin sakinlərini gözləyirdi. Onların qayıdışını, bu qayıdışla yeni novrağını gözləyirdi. O gün çatmadıqca günəş də doğmayacaqdı.

O gün isə 2020-ci ilin payızında 44 günlə gəlib çıxdı. Qarabağın sahibləri qayıtdılar. Qayıdıb 30 il əsarət məngənəsində inləyən, qaranlığa bürünən torpaqlara yeni həyat gətirdilər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz torpaqları azad etdi. Minlərlə şəhid, qazi, dağıdılan evlər, yüzlərlə dinc sakinin həyatı bahasına payızımız bahar oldu, Qarabağ azad edildi. Elə o gündən də Qarabağa 30 il sonra günəş doğdu. “Azərişıq” ASC həmin günəşdən nur alıb əməkdaşlarının qarlı-boranlı hava şəraitində, dağlıq ərazilərin kəskin relyefində gecəli-gündüzlü böyük zəhməti hesabına Qarabağa işıq paylayır. Qarabağ nura boyanlır. Bu nur əbədi bir nurdur. Çünki o nur qanla, qəhrəmanlıqla, həmrəyliklə, birliklə, zəhmətlə, hünərlə, qeyrətlə, ən əsası isə şərəflə qazanılıb. Bu, Zəfərdir, zəfərin nurudur.

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə