Abituriyent intiharlarına SƏBƏB NƏDİR? - PSİXOLOQ DANIŞDI

"Kiçik yaş dövründən fərqli olaraq yeniyetməlik dövründə yaşlılıq hissinin meydana gəlməsi uşaqlarda özünü qiymətləndirmənin formalaşması, mənlik şüurunun inkişafına təsir göstərir. Buna görə də yeniyetmə kiçik yaşlarında olduğu kimi öz həyatına passiv münasibət bəsləmir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, yeniyetməlik yaşında uşaqlarda öz şəxsi həyatına və şəxsiyyətinin xüsusiyyətlərinə maraq yaranır: "Bu cür maraqlar içərisində özünü qiymətləndirmə tələbatı, özünün imkan və bacarıqlarını başqaları ilə müqayisə etmə meyli özünü göstərir. İkinci şəxsiyyət dövründə valideynləri onu başqaları ilə müqayisə edəndə bu, uşaqda kinə və nifrətə çevrilir. Yaranan bu nifrət bəzən qisas almağa, bəzən də "valideynlərim məni qiymətləndirmir, mən onlara lazım deyiləm" kimi düşüncələrin formalaşmasına səbəb olur".

Psixoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, ümumiyyətlə, abituriyentlərin şəxsiyyətinin inkişafını düzgün istiqamətləndirmək üçün kiçik yaşlarından etibarən təlim fəaliyyətinin icrası ilə bağlı olan keyfiyyətlərini öncədən aşkara çıxarmaq lazımdır ki, sonda intiharla üz-üzə qalmasınlar: "Bəzən uşaqlar intihar etmədən öncə ətrafındakılara bununla bağlı sanki bir mesaj verir. İmtahan qorxusu, valideyn qorxusu və ya digər uşaqlardan ayrı düşməyi onlarda intihara meyillilik yaradır. Ona görə də övladlarımıza qarşı diqqətli yanaşmalıyıq. Bugünkü gündə xaotik şəkildə sualları əzbərləyib imtahan verən 17 yaşlı uşaqların ali məktəbi bitirdikdən sonra oxuduğu peşənin arxasınca gedəcək qədər beyninin inkişaf etmədiyini müşahidə edirik. Əgər abituriyent vaxtı valideynlər uşaqlarına bunun onların ilk uğuru olduğunu, onun qazancından daha çox özünə qiymət verməli, dərk etməli olduğunu aşılamalıdır. Valideynlər uşağa başa salmalıdır ki, əgər imtahanda uğur əldə edə bilməsə, bu, dünyanın sonu deyil. Bir sözlə, gərək vaxtında valideyn öz övladına kömək və dəstək olsun".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə