İnsanlar sosial şəbəkələrdən niyə asılı vəziyyətdədir? - ARAŞDIRMA

“İnstagram”, “Tvitter”, “Facebook” və digər sosial şəbəkələr mövcuddur. Biz yüz minlərlə izləyicisi olan “influencer” deyilik. Deməli, sosial şəbəkədə foto paylaşdığımız üçün heç kim bizə pul ödəmir. Bəs, niyə sosial mediada fotolar və videolar paylaşırıq?

10 əsas elementin insanları sosial mediada paylaşıma sövq etdiyi ortaya çıxıb. Bunlar: şəxsi məmnunluq, yetkinlik hissi, öyrənmək istəyi, şəxsi maraq, altruizm, empatiya, sosial iştirak, ictimaiyyətin diqqəti, qarşılıqlı əlaqə və reputasiyadır.

Bilirik ki, gözəl bir kadr əldə etdiyimiz zaman hamımız onu “İnstaqram”da paylaşmaq üçün səbirsizlənirik. Bədənimiz artıq o anda dopamin ifraz etməyə başlayır. İzləyicilərinizdən qarşılıqlı əlaqə aldığınız zaman sərbəst buraxılan bu kimyəvi maddə çox vaxt asılılıq ilə əlaqələndirilir. Bu səbəbdən sosial medianın bir növ asılılıq olduğunu söyləsək daha doğru olar.

Gündəlik söhbətlərimizin təxminən 30-40%-də özümüz haqqında danışırıq. Sosial mediada bu nisbət 80%-ə qədər yüksəlir. Öz fikirlərimizi bölüşmək çox vaxt başqa fikirləri dinləməkdən daha cazibədar olur.

Bizdə hər hansı bir məlumatı başqalarına ötürmək üçün fitri istək var. Buna görə də, internetdə rast gəldiyimiz hər cür maraqlı məzmunu paylaşmaq istəyimiz var.

Araşdırmalara görə, sosial media istifadəçilərinin 78%-i sevdikləri ilə ünsiyyət qurmaq üçün paylaşımlar edir. Hansı platformada olmağınızdan asılı olmayaraq şərhlər və “dm” vasitəsilə qarşılıqlı əlaqə qurursunuz. Bəzən bu qarşılıqlı əlaqə üçün hekayəyə alov atmaq kifayətdir, bəzən isə qarşılıqlı əlaqənin mövzusu ideyalar və ya ideologiyalar ola bilər.

Sosial mediada etdiyimiz paylaşımlara müsbət reaksiyalar həm insanlarla bağımızı gücləndirir, həm də özümüzü yaxşı hiss etməyimizə yardım edir. Postları bəyənərkən beynimizdə ilişib qalan vəziyyətlərdən biri də bu qarşılıqdır. Bunu qısaca olaraq “layka qarşılıq layk” kimi ümumiləşdirmək olar. Niyə bəyənilməyə ehtiyacımız olduğuna gəlincə biz sosial varlıqlarıq və buna ehtiyacımız var.

Çox yaxın olduğumuz insanlarla uzun müddət uzaq qala bilərik. Müəyyən məsafədən sonra bir çox qohumlarımızla yeganə əlaqəmiz sosial şəbəkələrdə etdiyimiz paylaşımlardır. Bu paylaşımlar sayəsində sevdiklərimizə zamanla necə dəyişdiyimizi göstəririk. Bir növ hələ də eyni insan olduğumuzu və ya müsbət mənada dəyişdiyimizi sübut edirik.

Məsələn, qrup fotolarını paylaşarkən izləyicilərimizə sosial ünsiyyətdə nə qədər uğurlu olduğumuzu göstəririk. Bir-iki foto paylaşanda hər kəsə sevildiyimizi elan edirik. Heyvanlarla və ya çiçəklərlə fotoşəkillər paylaşarkən, təbiətə və heyvanlara olan sevgimizi izləyicilərimizə əks etdiririk.

Diqqət mərkəzində olmaq bir çox insanlar üçün vacibdir. Təbii ki, biz bu diqqəti təqdir qazanmaqla cəlb etmək istəyirik. Məsələn, biz düşünürük ki, küçədə yıxılanda hamı bizə baxır və gizlin gülür. Eyni şey sosial mediada yazdıqlarımıza da aiddir.

Bəzən sosial şəbəkələrdə paylaşımların motivasiyası yalnız bir şəxs ola bilər. Bəzən bunu kiminsə diqqətini cəlb etmək və onlara necə maraqlı insane olduğumuzu göstərmək, bəzən də kiməsə itirdiklərini göstərmək üçün edirik.

SİA məsələ ilə bağlı araşdırma apararaq psixoloq və mütəxəssislərin fikirlərini öyrənib.

“Technogen MMC” və “DevCenter MMC” şirkətinin təsisçisi, “Aral” Şirkətlər Qrupunun İnformasiya Texnologiyaları Departamentinin direktoru Fərrux Rəcəbli: “Əslində, sosial şəbəkədən istifadə edən insanlar iki kateqoriyaya bölünür. Birinci kateqoriyaya yediklərini, içdiklərini, ümumiyyətlə, həyatlarına aid olan hər şeyi, hər bir anı sosial şəbəkədə paylaşaraq fenomen olan insanlar aiddir. Hansı ki bu insanlar məşhurlaşdıqdan sonra sosial şəbəkələr vasitəsilə qazanc əldə etməyə başlayır. Beləliklə, onlar sosial şəbəkəni biznesə çevirmiş olur.

Digər kateqoriyaya aid olan insanlar isə sadəcə vaxt keçirmək üçün sosial şəbəkədən istifadə edənlərdir. Onlar ya başqalarının həyatını izləyərək, ya da öz bacarıqlarını şəkil yaxud video-çarx vasitəsilə yayımlayaraq sosial şəbəkədə vaxt sərf edirlər. Əgər belə bir zaman boşluğu varsa, həmin insanların nə üçün öz dostları ilə vaxt keçirmədiklərini düşünə bilərik. Amma, o insanların dostlarının da əksər vaxtlarda sosial şəbəkədə olduğunu, elə bu sosial şəbəkələr üzərindən əlaqə qurduğunu nəzərə almalıyıq. İndi elə bir zəmanədir ki, hara getsək də həmin mühitdə internet tapmaq mümkündür.

Beləliklə biz daim onlayn oluruq. Lakin fikrimcə, biz sosiallaşmağı düzgün dərk etməmişik. Sosial mediada olan aktivliyimizin sosiallaşmaq olduğunu düşünürük. Sosiallaşmaq sosial şəbəkələr üzərindən məşhurlaşmaq deyil, müxtəlif təcrübələrdən keçmək, elmi biliyə sahib olmaq, böyük kütlələrin içərisində olmaq, dünya ölkələrinə səyahət etməkdir”.

Psixoloq Fidan Nizamova: “Sosial şəbəkələr və kompüter oyunları real heyatdan ayrılaraq, dünyadan gizlənməyə, reallıqda qurulması mümkün olmayan alternativ həyat sürməyə vasitəçi olur.

Sosial şəbəkələrə və kompüter oyunlarına aludəçilik müalicə tələb edən ciddi problemdir. Sosial şəbəkələr və kompüter oyunlarına aludəçiliyin əsasını : həll edilməmiş konfliktlər, aqressiyanı adekvat şəkildə ifadə edə bilməmək, özünə inamsızlıq hissi, həyatından narazılıq, şəxsi və peşə fəaliyyətində doyumsuzluq kimi faktlar təşkil edir.

Virtual reallıqda heç bir real problem və problemin həlli olmadığına görə çoxları orada “qalmağı” seçir.

Həmçinin sevgi, dəstək, bəyənilmə ehtiyacı olan insanlar sosial şəbəkədən aldıqları hər “like” və xoş sözlərdən xoşbəxtlik hissi duyduğundan oradan o emosiyalardan asılı vəziyyətə düşür”.

Psixoloq Vüsalə Əmiraslanova: “Sosial şəbəkələrdən asılı qalmaq çox vaxt insanların asudə vaxtlarını düzgün şəkildə keçirə bilməmələri ilə əlaqələndirilir. Həmçinin də ümumi gündəlik olan boşluqları doldurmaq üçündür.

Depresiv insanlarlar olur ki, sosial şəbəkədə yazıları oxumaqla rahatlıq tapırlar. Bəzi insanlar da status paylaşmaqla və ya kiminsə paylaşımlarına rəy bildirməklə özlərini sosial şəbəkədə tapırlar.

Bəzi insanlar üçün isə sosial şəbəkə bir vərdiş halını alıb. İş bölgüsü düzgün olduqda isə şəxsin buna vaxtı olmur. İnsan özündə narahatlıq hiss edirsə bu artıq pis vərdiş halını alır. Sosial şəbəkədən asılı olmamaq üçün bacardığımız qədər mütaliə etməliyik".

Sosial media mütəxəssisi Orxan Rzayev: "Sosial şəbəkələrin insan həyatına çox ciddi şəkildə daxil olmasının səbəblərindən biri onun əlçatan olmasıdır. İnterneti olan istənilən şəxs sosial şəbəkələrdən istifadə edə, ödənişsiz şəkildə qeydiyyatdan keçə bilir. Buna görə də sosial şəbəkələr cəmiyyət arasında sürətlə yayılır. Digər səbəblərdən biri də sosial şəbəkələrin insana şəxsiyyət qazandırmasıdır. Bununla da sosial şəbəkələrin son 10-15 ildə bəşəriyyətin ab-havasını dəyişdiyini qeyd edə bilərik. İnsanlar sosial şəbəkədə bir status paylaşaraq digərlərinin diqqətini çəkə, eyni zamanda gələcəkdə də söz sahibi ola bilir.

Sosial şəbəkələr vasitəsilə insanlar məlumat əldə edə, iş axtara, hətta gələcək həyat yoldaşını belə tapa bilər. Bu da sosial şəbəkələrin müsbət tərəfləridir. Buna görə də sosial media bəşəriyyət üçün daim maraqlı olacaq. Onun müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var. Bunlardan biri də asılılıq problemidir. Sosial şəbəkələrdən asılı olmaq insanın şəxsi həyatına, iş prosesinə də mənfi təsir göstərir. İnsanlar sosial şəbəkələr vasitəsilə mənfi vərdişlərə, etik olmayan davranışlara da yiyələnə bilirlər.

Hər şeyini, bütün yediyi-içdiyini sosial şəbəkəsində paylaşanlara gəlincə isə onların iki kateqoriyaya ayrıldığını deyə bilərik. Çünki bəzi insanlar food bloggerdir və yediklərini paylaşaraq onlar öz işlərini görmüş olurlar. Lakin digər bir qisim də var ki, sadəcə özlərini reklam etmək üçün və ya sosial şəbəkələri boş qalmasın deyə bu cür paylaşım edirlər.

İnsanlar öndə olmağı, başqaları tərəfindən bəyənilməyi sevir. Sosial şəbəkələr də insanlar üçün bu imkanı yaratdığı üçün bu qədər məşhurlaşıb. Daha sonra isə insanlar sırf bəyənilmək üçün etik dəyərləri kənara qoyaraq hər şeyi etməyə başladı. Hətta bu yolla pul qazanmağa da üz tuturlar. Bu sosial şəbəkənin mənfi tərəfidir. Amma bunları qeyd etməklə, sosial şəbəkələrin müsbət tərəflərini, düzgün istifadə edənlər üçün xeyrini də gözardı etməməliyik".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə