Ətir görünməz olsa da, unudulmaz və bənzərsiz aksesuardır

-FOTOREPORTAJ
Ətir görünməz olsa da, unudulmaz və bənzərsiz aksesuardır

Ətir — iyli əsas yağlar, aroma mürəkkəblər, fiksasiyaedicilər və ya həlledicilərin qarışığıdır. İnsan bədəninə, heyvanlara, obyektlərə və yaşayış fəzalarına "xoş iy" vermək üçün istifadə edilir.
Hazırkı dövrümüzdə yüzlərlə brend ətirlər mövcuddur. Lakin bu ətirlərin qiyməti hər kəsin cibinə uyğun deyil. Brend ətirlər və ətir mağazaları ilə yanaşı, son dövrlərdə qramla ətirlər də satılır.
Bəs bu ikili arasındakı fərq nədir?
Biz də SİA olaraq bu mövzunu araşdırmaq üçün bir neçə ətir mağazasına yaxınlaşdıq.

Satış meneceri- Vüsalə Xanmirzəyeva:
“Ətir aldıqda çox insan qalıcılığına fikir verir, amma əsas olan qalıcılıq yox, keyfiyyətdir. Bizim marka dünyanın 42 ölkəsində satış edir. Keyfiyyət baxımından öndədir.

Qramla olan ətirlərdə yağ parfüm suyu ilə qarışdırılır. Amma bu cür ətirlər insana olduqca ziyandır. Dəri xərçənginə belə səbəb ola bilir. Eyni zamanda, paltarda rəng buraxır və allergiyaya səbəb olur.
Ümumiyyətlə, yağla ətir qarışdıqdan sonra 3 ay xaladelnikdə saxlanılmalıdır. Bizim ətirlər bu prosesi keçib, hazır şəkildə gəlir”.

Satış meneceri Aləm Məmmədova:
“Bizim ətirləri orijinal qablaşdırılmasında satmamağımız insanların cibinə qənaət edir. Hətta deyərdim ki, bizim qramla olan ətirlərimizin qalıcılığı orijinal ətirlərin qalıcılığından daha çoxdur. Çünki bizdə ətirlər 50-50 proporsiya ilə hazırlanır.


Eyni zamanda, qramla ətirlərin ziyanının olması da onun haradan, hansı formada hazırlanmış yerdən alınmasından asılıdır. Lakin bizim ətirlərimizdə bu cür problemlər yaşanmır. Çünki biz dövlət tərəfindən yoxlanışdan keçib, sertifikatlarımızı almışıq.
Bəylər daha çox sitrus tərkibli, tünd ətirlər, xanımlar isə daha açıq, xəfif şirin tonlarda olan ətirlərə üstünlük verirlər.
Eyni zamanda, ətirlərin istifadəsində fəsil də böyük önəm kəsb edir. Məsələn, yay fəsilində qalıcılığı çox yaxşı olan ətir, başqa bir fəsildə eyni qalıcıqda olmaya bilər”.

Mağaza meneceri Göyçək Məhərrəmzadə:

“Mağazamızdakı ətirlərin hər biri orijinaldır. Lakin qiymətləri digər mağazalarla müqayisədə çox münasibdir. Çünki biz bir ətirdən 1-2 ədəd gətiririk.

Ətirləri də müdiriyyət şəxsən özü Fransadan gətirir. Eyni zamanda, qramla satılan ətirlərdən də əsas fərqi orjinal olmasıdır. Eyni zamanda, orijinal ətirlərin də heç biri ilə bağlı alıcılarımız problem yaşamayıblar.
Eyni zamanda, bizdə Türkiyə istehsalı olan, orijinal ətirlərin oxşar iyləri də mövcuddur”.

Ətirlərin insan bədənindəki təsirlərini öyrənmək üçün isə dermatoloqa müraciət etdik.

“Ətirləri istifadə edərkən birbaşa dəriyə vurmağın tərəfdarı deyiləm. Çünki müəyyən təbəqə insanlar var ki, allergiyadan əziyyət çəkir”. Bu sözləri SİA-ya açıqlamasında dermotoloq Sevinc Kərimova bildirib. Onun sözlərinə görə, ətir də bir kimyəvi vasitə kimi kontakt dermatit verə bilir:
“Ümumiyyətlə, ətirlərin iyinin çox qalması üçün yun parçalara vurulması tövsiyə olunur. Qış aylarında yun geyimlər geyindikdə ətiri paltara vurmaq lazımdır. Yay aylarında isə kiçik bir yun parça üzərinə ətiri vurub, hər hansı bir formada onu üzərimizdə daşımağımız tövsiyə olunur. Ümumiyyətlə, ətir birbaşa dəriyə vurulduqda çox tərləyən insanlarda tər ilə də reaksiyaya girir dəridə qıcıq, allergik səpkilərə səbəb ola bilir. Eyni zamanda, tərə qarışaraq da ətrin iyindən əlavə bir xoşagəlməz iy yarana bilər.
Eyni zamanda hər ətir hər insanda eyni cür olmur. Dərinin xüsusiyyətləri, tərləmə səviyyəsi və s. var. Buna görə də eyni bir ətir fərqli insanlarda fərqli formada əksini tapa bilir.
Əsasən, qadınlar ətirləri boyun, boyun arxası, qulaq arxasına vururlar. Lakin yay aylarında günəş şüasının təsirindən qəhvəyi ləkələr yaranır. Bu zaman da ortaya çıxır ki, ətri sırf həmin nahiyələrə vururmuşlar. Xüsusilə, yağlı ətirlərin istifadəsi zamanı bu hallara daha çox rast gəlinir.
Eyni zamanda, ətirlər tək dəriyə dəyməklə deyil, iyini duyduqda belə allergiya yarada bilər. Amma bunlar individual dözümsüzlük hesab olunur”.

Eyni zamanda, mövzu ilə bağlı şəhər sakinlərinin də fikirlərini öyrənməyə çalışdıq.

Şəhər sakini Xanım Quliyeva:
“Mən ilk olaraq ətirləri qramla alıram. İstifadə edirəm qalıcılığını, qoxusunu bəyənirəmsə sonra ümumi olaraq o ətrin artıq orjinal qablaşdırmada olanını alıram. İndiyə qədər heç bir ətirin əks təsirin görməmişəm”.

Şəhər sakini Vasif Məmmədov:
“Hər iki cür alıram. Həm qramla, həm belə. Heç bir problem yaşamamışam indiyə qədər”.

Şəhər sakini Sənubər Əliyeva:
“Xeyr, qramla almıram. Çünki tez bitir və həm də daha çox pul ödəmiş oluram. Dərimdə hər hansı bir ətrin problem yaratdığı bir hal olmayıb”.

Şəhər sakini Fidan Rəhimov:
“Ətir dükanı işlədirəm. Ətir almağıma ehtiyac olmur. Dərimdə isə indiyə qədər bir dəfə də olsun nəsə xoşagəlməz hal ilə qarşılaşmamışam”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə