"Torpaq əlimdə, bahar ürəyimdə" yarmarkasında BİR GÜN - FOTOREPORTAJ

"Torpaq əlimdə, bahar ürəyimdə" yarmarkasında BİR GÜN - FOTOREPORTAJ

Novruz bayramı baharın gəlişindən xəbər verir. 2009-cu il Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının sessiya iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunur. Novruz bayramının mənşəyi qədimdir. Bu məqsədlə ölkəmizin "Fəvarələr meydan"nında martın 1-dən “Nargis” Fondunun təşkilatçılığı ilə “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası fəaliyyət göstərir. Bu yarmarka nəticəsində paytaxtımızda bayram abu-havası hiss olunur. Hər il olduğu kimi bu ildə toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək. Bununla bağlı olaraq SİA “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasında Novruz bayramının necə qeyd olunduğunu, yarmarkada satılan məhsullar və insanların maraqlarını öyrənmək məqsədilə "Fəvarələr meydan"nına yollanıb.

Yarmarkaya daxil olduğumuz zaman ilkin olaraq “Confenssa” adı altında fəaliyyət göstərən kofe stendinə yaxınlaşdıq. Satıcı Qorxmaz Ramazanovun sözlərinə görə, birinci ildir ki, fəaliyyət göstərirlər. Demək olar ki, satılan kofe və çaylar insanların cibinə uyğundur. Alıcı səviyyəsi çox yaxşıdır. Onların satdığı məhsullar yarmarkada digər yerlərdən fərqlənir. Kofelərin yanında kampaniya olaraq şirniyyatlar da təqdim olunur.

Daha sonra “Hanoğlu” adlanan paxlava mağazasına yaxınlaşdıq. Paxlavalar əsasən türk paxlavalarıdır. Şirniyyatların qiyməti çox münasib idi. Satıcı Yaqub bəyin sözlərinə görə, burada satışdan daha çox məhsullarını tanıdma məqsədilə fəaliyyət göstərirlər. Paxlavaların hər biri türk şefləri tərəfindən hazırlanır. Paxlavaların qiyməti 3 manatdan başlayır. Bir porsiyada 4-5 ədəd paxlava olur.

Yarmarkada “Gəncə kətə”si adlanan stend diqqətimi çəkdi. Kətəni bişirən xanımın özü də gəncəlidir. Satıcı Valeh Bədəlovun sözlərinə görə, yarmarkada yenidirlər. Əsas məqsədləri Azərbaycan mətbəxində xüsusi yerə malik olan Gəncə mətbəxini paytaxt sakinlərinə tanıtmaqdır. Bu stendə turistlərin də marağı çoxdur. Göy kətəsi 2 manat 50 qəpik, ət kətəsi isə 3 manatdır. Bu kətələr insanların böyük marağına səbəb olur. Kətələrin yanında samovar çayı da təqdim olunur.

Türk mətbəxinə aid olan daha bir sıra stendlə qarşılaşdıq. “Chef Börek” adı altında fəaliyyət göstərən bu məkan yarmarkada bir yenilikdir. İlk olaraq börəklərdən dadıb, onların harada hazırlanması ilə bağlı satıcıya sual verdim. Satıcı Ələkbər Quliyevin sözlərinə görə, börək almaq istəyənlər şəxslərə ilkin olaraq həmin məhsul təqdim olunur. Börəklərin qiyməti 4 manat təşkil edir. Əldə olunan məbləğin hər biri yardım məqsədilə istifadə olunur.

Digər türk mətbəxinə aid olan stend isə “Lokma ye” stendi idi. Bu məhsul tam 4 ildir ki, yarmarkada iştirak edir. Mağazanın sahibi Furkan bəyin sözlərinə görə, Azərbaycanda xeyriyyə məqsədi ilə təşkil olunmuş ən gözəl yarmarkalardan birində fəaliyyət göstərmək onun üçün qürurverici bir hissdir. İnsanların ən çox aldığı məhsul türk lokumlarıdır. Lokmaları bişirən şeflər türkdür.

Daha sonra yarmarkada “Qarabağ plov”u adı ilə fəaliyyət göstərən yerə yaxınlaşdıq. Burada satılan plovlar qarabağlı xanımlar tərəfindən bişirilir. Əsasən Qarabağ regionun məşhur təamlarından olan şüyütlü və lobyaları plovlar satılır. Qiymətləri münasib idi. Satıcı Nail Bəyzadənin fikirlərinə görə, satış çox yaxşıdır. İnsanlar bu plovlara maraqla yanaşırlar. Hər bir plovun 1 porsiyası 4 manat təşkil edir. Təsadüfi deyil ki, bu məhsul da ilk dəfə olaraq bu il yarmarkada fəaliyyət göstərir.

Bunlarla yanaşı “Azərçay” pulsuz olaraq yarmarkada olan insanlara pulsuz çaylar verir. Yəni tam təmənasız bir şəkildə bu prosesi həyata keçirirlər. Əsas məqsəd öz məhsullarını və yeni çay növlərini insanlara tanıtmaqdır.

Bildiyiniz kimi hər il Novruz bayramında xonçalar bəzənir. Bu xonçalara xüsusi rəng qatan amil isə müxtəlif növ quru meyvələr və çərəzlərdir. Yarmarkada stendlərlə tanış olduğum zaman qarşıma “Bio Arabica” stendi çıxdı. Stendə yaxınlaşdığımız zaman içəridə olan çərəzlərin və ədviyyatların iyi məni bihuş etdi. Məncə, Novruz bayramı üçün yaradılmış yarmarkada bu cür stendin olması çox gözəl bir addımdır. Burada olan məhsullar dünyanın bir çox ölkələrindən gətirilir. Qiymətlər çox münasib idi. Hətta burada təbii şəkildə hazırlanmış müxtəlif növ yağlar da var. Satıcı Kənan Raufovun sözlərinə görə, insanlar yarmarkaya daxil olduqları zaman bu mağaza ilə tanış olmamış çıxmırlar.

Yarmarkada “Cürbəcür” adlanan və müxtləif növ əl işləri satılan mağazaya daxil oldum. Bir-birindən gözəl bəzək əşyalar, nərd-taxtalar, qablar, stəkan və nəlbəkilər diqqətimi çəkdi. Hər biri əl işləməsi olan bu əşyalar mağazanın emalatxanasında işlənir. Əşyaların növündən aslı olaraq qiymətlər dəyişir. Xanımların ən çox önəm verdiyi ipək və dəvə yunundan olan şalların rəngarəngliyi göz oxşayırdı. Mağazada olan əşyalar əsasən ölkəmizi əks etdirən milli çalarlarla işlənmişdir. Orada olduğum zaman gördüyüm qədəri ilə insanlar həmin əşylara böyük maraqla baxırdılar. Bu mağazanın paytaxtımızda 10 il fəaliyyət göstərməsinə baxmayaraq yarmarkda ilk dəfədir iştirak edirlər.

Hər bir ölkənin öz mədəniyyətini, tarixini və irsini əks etdirən milli geyimləri olduğu kimi Azərbaycan xalqının da özünəməxsus milli geyimləri var. Bizim milli geyimlərimiz öz rəngarəngliyi, naxışları və işləmələrinə görə hər zaman fərqlənir. Novruz bayramında da milli geyimlərimizdən daha çox istifadə olunur. Elə bir tədbir və ya tamaşa yoxdur ki, bayramla əlaqədar orada milli geyimdən istifadə olunmasın. Buna görə də yarmarkanın mövzusuna uyğun olaraq milli geyimlərimizdən ibarət mağazada fəaliyyət göstərir. Mən içəriyə daxil olarkən keçmiş zamanlarda kişilərimizin ən çox istifadə etdiyi "buxara" papağ tikən bir xanım gördüm. Səbirə xanımın sözlərinə görə, o milli geyimlərin tikilməsi ilə məşğul olur. Hətta özünün emalatxanası da var. Milli geyimlər axtaran bir çox insan ona müraciət edir. Burada hər yaşa uyğun milli geyimlər mövcuddur. Satılan geyimlərin hər birinin özünəməxsus qiyməti var idi.

Daha sonra məhz həmin stendin yanında çalışan Mehriban xanım mənim diqqətimi cəlb etdi. O da əl əməyi, göz nuru ilə kuklalar toxuyurdu. Onun sözlərinə görə, bir neçə sərgidə iştirak edib. Pandemiyadan əvvəl satışın daha yaxşı olduğunu qeyd edən Mehriban xanım buna da şükür deyərək öz işinə davam etdi. Kuklalar həqiqətən çox maraqlı və özünəməxsus görüntüyə malik idi.

İnsanların boş vaxtlarının dəyərli və maraqlı keçirilməsi məqsədi ilə müxtəlif növ oyunlar var idi. Bu oyunların qiyməti növünə görə dəyişirdi.

Mövzu ilə əlaqədar olaraq şəhər sakinləri arasında da yarmarkaya olan marağı öyrənmək üçün onlar arasında sorğu keçirdik.

Şəhər sakini Əkbər Ələhmədov: “Mən bayramlar üçün təşkil olunmuş yarmarkaları çox bəyənirəm. Demək olar ki, hər il yarmarkalara gəlirəm. Qiymətlər çox münasibdir. Hər cibə uyğun burada yemək tapmaq olar. Şəhərdə bayram abu-havasını hiss etdirən yerlərdən biridir. Düşünürəm ki, bura gələn insanlar sıxılmır və xoşbəxt olurlar. Yarmarkada ən çox kumpir və kartof qızartmasını sevirəm”.

Şəhər sakini Aydan Cəfərova: “Düzünü desəm, yarmarkada ilk dəfədir oluram. Amma burada olan Novruz simvolları çox gözəl və rəngarəngdir. Bu cür yarmarkaların təşkil olunması möhtəşəm bir addımdır. Düşünürəm ki, yarmarkada olan aura insanlara sevinc bəxş edərək, baharın gəldiyini hiss etdirir”.

Şəhər sakini Rabiyə Yelgiyeva: “Mənə görə Novruz bayramı xalqımızın ən əziz bayramıdır. Bu bayramı biz millət olaarq daha gözəl keçirdirik. Çünki bu bayramın özünəməxsus adət-ənənələri var. Bu adət-ənənələrimizin və milli dəyərlərimizin bu cür yarmarkalarda əks olunması məni bir vətəndaş olaraq sevindirir. İnsanlar pandemiyadan fəaliyyətsiz qaldıqları üçün həyatın mənasının olmadığını düşünürdülər. Amma məncə bu yarmarka onlara nə qədər həyatın rəngarəng və pozitiv olmasını xatırladacaq”.

Şəhər sakini Vəli Bünyadov: “Düzünü desəm hər il olmasa da, vaxt tapdıqca yarmarkaya gəlirəm. Hər şey çox gözəldir. Burada çox müsbət atmosfer var. Bir-birindən rəngarəng hər kəsin zövqünə uyğun mağazalar və yemək stendləri fəaliyyət göstərir. Novruz bayramının hər zaman özünəməxsus xüsusiyyəti olduğu üçün yarmarkada tam ona uyğun olaraq hazırlanıb”.

Şəhər sakini Türkan Əbuzərli: “Hər il övladımı yarmarkaya gətirirəm. Fikrimcə, çox yaxşı şəkildə təşkil olunur. Əsasən övladımın sevdiyi qidalardan alırıq. Qiymətlər çox münasibdir. Hər bir qiymətə insan buradan nəsə tapa bilər. İnsanlara bayram abu-havasını xatırladır. Uşaqlar üçün də burada müxtəlif oyunlar təşkil olunub. Ümumilikdə mən təşkil olunan yarmarkaları çox bəyənirəm”.

Şəhər sakini Orxan Hüseynli: “Mən hər il yarmarkada oluram. İllər keçdikcə mağazaların sayı artır. Məncə bu sevindirici bir haldır. Burada ən çox meyvə şirələrini və dönərləri bəyənirəm. Hər bir insanın büdcəsinə uyğun bir şəkildə qiymətlər qoyulub. Həm əylənmək, həm də gözəl vaxt keçirmək üçün insanlar bura gələ bilərlər”.

Şəhər sakini Fidan Sultanova: “Məncə insanların çox üstünlük verdiyi məkanlardan biri məhz belə yarmarkalardır. Çünki sözün əsl mənasında belə yarmarkalar insanlara xoş əhval-ruhiyyə bəxş edir. Həmçinin yarmarkada bir-birindən gözəl əşyalar, qidalar və s. bir çox şeylər var. Düşünürəm ki, çox gözəl bir lahiyədir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə