Dövlət rəmzlərini təhqir edən şəxsləri hansı cəza gözləyir? - HÜQUQŞÜNAS AÇIQLADI

"Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, vətənpərvərlik daxildən gələn bir hissdir ki, bu hissləri də müəyyən vasitələrlə tərbiyələndirmək, düzgün istiqamətə yönəltmək lazımdır: "Bu vasitələrdən biri də dövlət rəmzlərinin təbliğidir, onun məna və məzmununun düzgün izah edilməsidir".

Dövlət rəmzlərinə hörmətsizlik mövcud qanunvericilikdə hansı məsuliyyətə səbəb olur?

Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsində hər bir vətəndaşın Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməsi ilə bağlı normalar təsbit olunub. Həmçinin, dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə