Reyslərin təşkil olunması Böyük Qayıdışın bir hissəsidir - DEPUTAT ŞƏRH ETDİ

“44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Düzdür, Ermənistan 30 il müddətində, yəni Azərbaycanın 20 faiz torpaqlarını işğalda saxladığı müddətdə burada misli görülməmiş vəhşiliklər nümayiş etdirdi. Şəhər və kəndlərimiz tamamilə darmadağın edilmiş daş-daş üzərində qalmamışdı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, ermənilər bununla kifayətlənməyərək bu ərazilərdə tank və piyada əleyhinə minalar basdırmışdılar: “Azərbaycan müharibə bitdikdən dərhal sonra Prezident cənab İlham Əliyevin rəhbərliyi və tapşırığı əsasında həm təhlükəsizlik məsələlərinə start verildi, yəni minalardan təmizlənmə işləri həyata keçirilməyə başlandı. Eyni zamanda dünya tarixində misli görülməmiş yenidənqurma və bərpa işlərinə start verildi. Artıq Ağdam və Şuşa şəhərlərinin Baş planları təsdiqlənib. Çox böyük infrastruktur layihələr həyata keçirilir, yaşayış evləri tikilir. Məscidlər, mədəni, dini, tarixi abidələr bərpa olunur və yaxud yeniləri tikilir. Beynəlxalq hava limanları tikilir. Ekologiyamızın bərpa olunması istiqamətində mühüm addımlar atılır”.

Deputat sözlərinə belə davam edib: “Əlbəttə, bu gün bütün azərbaycanlıların istədiyi məsələdən biri də bu ərazilərə baş çəkmək, oraları görməkdir. Bu hər bir azərbaycanlının ən böyük arzusudur. Bu baxımdan artıq bu ərazilərə xüsusi reyslərin təşkil olunması çox vacibdir. Birincisi onu qeyd etmək lazımdır ki, uşaqlığı, gəncliyi bu ərazilərdə keçmiş insanlar öz ata-baba yurdlarına qayıdıb görmək arzusu ilə yaşayırlar. Eyni zamanda bu gün dünya azərbaycanlılarının arzusudur ki, o ərazilərə getsinlər, burada görülən nəhəng işlərlə tanış olsunlar. Bu baxımdan belə reyslərin təşkil olunması Böyük Qayıdışın bir hissəsidir. Həmçinin, bu ərazilərin çox böyük turist potensialı da var və bu da öz töhfəsini verəcəkdir. Ən başlıcası isə bu bir mənəvi məsələdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə