Xörək bişirərkən ölünün adına niyə duz atılır? - DİN XADİMİ AÇIQLADI

“Bir gün Harun-ər-Rəşid yemək yeyirdi. Bu zaman Bəhlul Danəndə Haruna yaxınlaşaraq deyir: - Xəlifə, yemək yeyirsən. Bəs, yemək yeməyin qaydasını bilirsən? Harun da cavab verir: - Bəli, bilirəm. Yeməkdən əvvəl bismillah deməlisən. Bəhlul Danəndə təkrar deyir: -Yox, mən bunun əsas qaydasını soruşuram. Harun: - Yeməkdən öncə əlini yumalısan, yeməkdən sonra əlhamdulillah, şükür allah deməlisən, yeməyi çox çeynəməlisən. Harun nə dedisə, Bəhlul deyir ki, yox, mən əsas qaydasını soruşuram. Axırda Harun əsəbiləşərək soruşur: - Ay evin tikilsin, nədir bunun əsas qaydası? Bəhlul da cavabında - yeməyi yeməmişdən qabaq gör yemək sənindir, ya yox?! Xalxın malını yemə. Haram yemə. Əvvəl yemək sənin olsun, halalın olsun, sonra ye”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi, hacı Mircəfər Əyyubov deyib.

Onun sözlərinə görə, hər şeydən öncə yemək bişirərkən bu hadisə nəzərə alınmalıdır: “Yəni, yemək bizimdir, ya bizim deyil?! Halal qazanmışıq, ya yox?! Bundan sonra növbəti məsələlərə fikir vermək lazımdır”.

Mircəfər Eyyubov sözlərinə belə davam edib: “Xörək bişirərkən ölünün adına duz atmaq məsələsinə gəldikdə, şəriətdə belə bir hökm yoxdur. Bu, sadəcə, el adətidir. Nə zamansa ağbirçəklər ediblər və camaat da bunu el adəti olaraq qəbul edib. Amma şəriətə əsasən, belə bir qanun yoxdur. Şəriətə əsasən, ümumiyyətlə, yas yerinə gedərkən yemək aparmaq məsləhətdir ki, yas sahibinin qəmi şiddətli olar yemək yeməz və yaxud bişirməz. İndi vəziyyət və ənənələr dəyişib. Heç kim deyə bilməz ki, islam bunu haram edir və yaxud vacibdir. Adətlər islama zidd olmadıqca, islam dini onları qadağan etmir. Ola bilər ki, bir şey islamda olmasın, amma islam onu qadağan etmir. Məsələn, Novruz bayramı kimi. Novruz bayramı islami bayram deyil. Lakin islam onu qadağan etmir. Çünkü burada mənfi ənənə yoxdur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə