Hansı qidalar insanı depressiyaya salır? - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

"Ümumiyyətlə, depressiyaya səbəb olan qidalar daha çox süni qatqı maddələri ilə dolu olanlardır. Kimyəvi maddələrlə olan paketlənmiş məhsullar ən çox depressiyaya səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bəzən olur ki, insanlar səbəbsiz yerə ağlamaq istəyir və yaxud da özünü dəyərsiz hiss edir və yaxud etdiyi hər hansı bir şeydən günahkarlıq hiss edir və yaxud diqqət yayınıqlığı, yaddaşsızlıq kimi əlamətlərlə rastlaşa bilər: "Bunun əsas səbəbləri təbii ki, düzgün şəkildə qidalanmamaqdır. Ümumiyyətlə, depressiyaya səbəb olmaması üçün yaxşı olar ki, həddindən artıq süni şəkərlərdən istifadə olunan qidalarla qidalanmasınlar. Dediyim kimi paketlənmiş məhsullardır. Buna da yenə şokoladlardır, uzunmüddətli istifadəyə yararlılıq müddəti olan şirniyyatlar, peçenyələr, çipsilər, suxariklər, atışdırmalıq dediyimiz ümumiyyətlə bir çox qidalardır ki, bunlardan istifadə etməsinlər".

"Daha çox yağlı, duzlu yeməklər də hormonal balansı pozduğu üçün bu qidalar da yenə də depressiyaya səbəb ola bilər. Mənşəyi bəlli olmayan yağlardan hazırlanan qidalar var ki, buna əsasən trans yağlardan olan qidalar daxildir ki, onlardan da istifadə olunması faydalı hesab olunmur. Bir də əsasən qlüteinli qidalar xüsusilə xəmir və unlu şirniyyatlardan mütəmadi olaraq gündəlik istifadə etdikdə də depressiyaya səbəb ola bilir. Həddindən artıq çay, kofe içənlər də müəyyən bir zaman sonra yenə də o da depressiyaya səbəb ola bilər".

Məhsəti Hüseynova sözlərinə belə davam edib: "Ümumiyyətlə, bu kimi qidalardan uzaq durmaları məsləhətdir və spirtli içki içənlər üçün də bu xüsusi keçərlidir. Çünki, spirtli içkini də artıq vərdiş halına gətirdikdə həmin insanlarda depressiyaya, stressə, eyni zamanda da sağlamlığına zərər verə bilər. Yaxşı olar ki, depressiyadan uzaq olmaq üçün gün ərzində mütləq şəkildə fiziki aktivliklə məşğul olsunlar. Fiziki aktivlik dedikdə buna ev işləri və yaxud günlük həyati hərəkətlər deyil də xüsusi idman üçün ayrılmış yürüş ola bilər, hər hansı bir idman növü ilə məşğul olmaq olar. Çünki, bu şəkildə idmanla məşğul olduqda xoşbəxtlik hormonları daha yüksək səviyyəyə çatır".

"Eyni zamanda da sağlam yuxu çox önəmlidir. Sağlam yuxu 11-dən sonra yatılan yuxudur ki, bu zamanda da təbii şəkildə xoşbəxtlik hormonu dediyimiz serotonin hormonu ifraz olunur. Bu da əhval-ruhiyyəmizin yüksək olmasına səbəb ola bilər. Mövsümi meyvə-tərəvəzlər, vitaminli minerallarla zəngin olan qidalar da əhval-ruhiyyəmizin yaxşı olmasına səbəb olar və xüsusilə serotonin tərkibli qidalar içində də banan və süd tərkibli qidaları göstərə bilərəm ki, bunlar da sağlamlıq üçün əhval-ruhiyyənin yüksək olması üçün çox faydalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə