"Media haqqında" qanun layihəsi jurnalistlərə NƏ QAZANDIRACAQ? - BAŞ REDAKTOR DANIŞDI

“Bu gün yenə də parlamentin iki komissiyası ilə birlikdə media rəhbərləri və millət vəkilləri qanun layihəsinin müzakirəsi ilə bağlı onlayn toplantı keçirdilər”. Bu sözləri SİA-ya açıqlamasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib.

Onun sözlərinə görə, ikinci dəfə idi ki, belə bir geniş müzakirə keçirilirdi: “Müzakirədə müəyyən fikirlər səsləndi. Aydındır ki, bir qrup müəyyən məqamlarla bağlı tənqidi fikirlərini bildirir. Bu gün də Media Agentliyi və Milli Televiziya və Radio Şurasının birgə bəyanatında demək olar ki, bu məsələlərə aydınlıq gətirilib”.

Rəşad Məcid sözlərinə belə davam edib: “Bugünkü müzakirədə Milli Televiziya və Radio Şurasının sədri İsmət Abbasov tərəfindən qeyd olundu ki, həmin o platforma yayımçısı 30-cu maddəyə əlavə bir bölmə daxil edilə bilər. Burada internet televiziyası ilə bağlı fikir yazmaqla mübahisəni həll etmək mümkündür. Bu da çox müsbət qarşılandı”.

“Media reyestrinin həm media subyekləri, həm jurnalistlər üçün yaradılması vaxtilə bizim Mətbuat Şurasında atdığımız addımlar, "Vahid kart" və "Sarı kart" ideyaları və bu ideyaların həyata keçirilməsidir ki, alınmamışdı. Bu qanun vasitəsilə ola bilsin ki, məsələnin reallaşdırılması mümkün olacaq. Bu, əlbəttə ki media reyestrinə düşməyən hansısa özünü jurnalist hesab edənlərin peşə fəaliyyəti ilə məşğul olmasına heç bir məhtudiyyət yaratmayacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə