Şuşanın dirçələlişi artıq reallaşır...

Deputat: Bu gün Şuşanın tarixi görkəmi bərpa edilir, əvvəlki şöhrəti özünə qaytarılır

Biz 29 il əvvəl ürək ağrısı və dəhşətlə “Şuşa işğal olundu” deyirdik və “Şuşaya qayıdacağıq” ümidi ilə yaşayırdıq. 8 may tarixi bizi artıq əzmir, qəlbimizi göynətmir. Bu il biz 8 mayın ağrı-acısını unudub, həmin gündə üzərindən xətt çəkdiyimiz doğum günlərimizi, xoş xatirələrimizi bərpa etdik. Artıq Şuşa azaddır ifadəsi hər bir azərbaycanlının dilində müqəddəs bir şüara çevrilib.

SİA xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib.

Deputat qeyd edib ki, bu il mayın 7-də Prezident İlham Əliyevin “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” imzaladığı Sərəncam dövlət başçısının “Şuşa, biz səni dirçəldəcəyik” sözlərinin həyata keçirilməsi yolunda görülən işlərin məntiqi davamı oldu: “Əslində Şuşa şəhəri ta qədimdən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Hətta sovet dönəmində -1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdi. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdü.

Ancaq Ermənistan tərəfindən işğal edildikdən sonra şəhərdə xalqımızın tarixi-mədəni irsi vəhşicəsinə məhv edilmiş, mənfur düşmən bu sərvəti özününküləşdirmək üçün Şuşanın əsl sahiblərinin izlərini oradan silməyə çalışmışdı.

İşğaldan azad edildikdən sonra xüsusi qayğıya, bərpa və təmir işlərinə zəruri tələbat yaranmışdır. Xalqımız üçün müstəsna mənəvi dəyərə malik olan Şuşa əvvəlki həyatına qaytarılmalı, orada vaxtilə mövcud olan mənəvi irsimiz bərpa edilməli, Azərbaycanın qədim və zəngin mədəniyyətinin təbliğinə xidmət edən ənənələri yenidən canlandırılmalı idi və Prezident İlham Əliyevin imzaladığı Sərəncam bu baxımdan olduqca mühüm və hamının ürəyindən xəbər verən bir sənəd oldu. Bu, Şuşada tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaq. Şuşanın mədəni mərkəz elan edilməsi onu bütün dünyada yenə də sülh, mədəniyyət, gözəllik və qürur simvolu kimi tanıdacaq. Bu gün qürur qalamızın tarixi görkəmi bərpa edilir, əvvəlki şöhrəti özünə qaytarılır və o, ənənəvi mədəni həyatına qovuşur”.

Bütün xəbərlər Facebook səhifəmizdə