Qısqanclıq yoxsa inamsızlıq? - SORĞU

Yəqin ki, hər birimiz həyatımızda bir dəfə də olsa bu əzablı qısqanclıq hissini yaşamışıq. Qısqanclıq müxtəlif olur və fərqli sahələrdə yaranır: sevgidə, dostluqda, övlad-valideyn münasibətlərində. Qısqanclığa ən çox ailə münasibətlərində rast gəlmək olar. Və bu hiss yavaş-yavaş təsir edən zəhər kimi vaxt keçdikcə ailəni tamamilə dağıltmaq iqtidarındadı. Ailə münasibətləri psixologiyasına əsasən, qısqanclıq kişi və qadın arasında olan münasibətlərdə yer alan şübhə hissidir. Bu məsələ ilə bağlıda SİA paytaxt sakinlərinin fikirlərini öyrənməyə çalışıb.

Paytaxt sakini Çərkəz Sadıqov: "Fikrimcə, qısqanclıq zəminində olan münaqişələrin əsas səbəbi ailələrin bir-birinə güvənməməsidir. Təbii ki, qısqanclıq zəminində olan hadisələrin çoxusu bildiyiniz kimi, içkili və yaxud da narkotik vasitənin təsiri altında olur. Bununda nəticəsi olaraq qısqanclıq hadisələri yaranır, ailədə problemlər yaşanır və bəzən bu problemlərin və qısqanclığın nəticəsində ölüm hadisələri də olur".

Paytaxt sakini Murad Adiloğlu: "Qısqanclıq bəşəriyyət tarixindən qadınla kişilər arasında hər zaman olmuş bir hadisədir. Günümüzdə də bir çox ailələrin dağılması və yaxud sevgi münasibətlərinin dağılması qısqanclıq üzərində olub. Bir qadınla bir kişi sevgi yoluna çıxmazdan əvvəl bir-birlərini yaxşı tanımalı, bir-birlərinə güvənməli, dəstək olmalı və qarşılıqlı həm sevgi, həm də hörmət göstərməlidirlər. Cütlüklər sevgi münasibətində bacardıqları qədər səbrli və təmkinli olmalıdırlar".

Paytaxt sakini Vüqar Qasımov: "Fikrimcə, ailə və ya sevgi münasibətlərində qısqanclıq hissinin yaranması bir-birlərinə etibarsızlıqdan yaranır. Bir-birlərinə etibarları olarsa qısqanclıq da olmaz. Ailədə qadın və kişi bir-birlərinə inanmalıdır, güvənməlidir əgər ki, güvən və inam olmasa o zaman o ailənin sonu uçuruma doğru gedər. Ailədə bir-birinə qarşılıqlı hörmət eləməlidir, anlamalıdır və qərarlarına hörmətlə yanaşmalıdır".

Paytaxt sakini Ülviyyə Yaqubova: "Məncə, həm qadınlarda, həm də kişilərdə qısqanclıq halları normal dərəcədə olmalıdır. Qadınlarda bəzən kişini çox sevdikdə, ona çox bağlı olduqda qısqanclıq halları da çoxalır. Çox zaman qısqanclıq hallarının sonunda sevgi münasibətləri və ya ailə münasibətləri dağılmağa başlayır və bunun da nəticəsində bəzən ölüm hadisələri də baş verir. Fikrimcə, sevgi münasibətində bir birinə qarşılqılı anlayış, hörmət olarsa o zaman qısqanclıq halları da az olar. Bəzən bəzi ailələrdə qısqanclıq nəticəsində boşanma halları baş verir və sonda o ailədə dünyaya gələn uşaqlarda da psixoloji problemlər baş verir".

Paytaxt sakini İsgəndər Rzayev: "Qısqanclıq xəstəlikdir, başdan xarablıqdır. Düzdü, qadınla kişi bir-birini qısqana bilər amma, sonda bu qısqanclığın sonu ölümlə bitməməlidir. Çox dərəcədə qısqanc olmaq artıq manyaklığın, psixoloji problemlərin göstəricisidir. Əgər cütlüklər bir-birlərini yaxşı anlayarsa, hörmətlə yanaşarlarsa o zaman qısqanclıq hadisələri də az olar. Son dövrlərdə statiskaya nəzər salsaq görərik ki, yeni ailə quran cütlüklərin bir çoxu qısqanclıq zəminində dağılıb və boşanmaların sayları günü-gündən çoxalıb".

Paytaxt sakini Ayşən Vəli: "Cütlüklər arasında qısqanclıq halları həmişə olub. Lakin, qısqanclığın da öz həddi və qədəri var. Həddindən artıq qısqanclıq xəstəlikdir. Düşünürəm ki, bu cür qısqanc insanlar psixoloji dəstək almalıdır. Bu dəstək onların həm münasibətdə, həm də sağlamlığı üçün lazımdır. Mən düşünürəm ki, iki insan arasındakı ən sağlam amil güvəndir. İki insan biri-birinə güvənirsə, inanırsa, ətrafdakıların mənfi rəylərini nəzərə almadan yoluna davam edirsə onlarda hər şey əla alınır. Məsələn, günümüzdə sevdiyi xanımın işinə, kariyerasına, geyiminə qarışam milyonlarla kişi var. Bu biraz da bizim mentalitetdən asılıdır. Lakin, mən qısqanclığı qəbul edə bilmirəm, daha doğrusu qısqanılmağı sevmirəm. İnsan qarşısındakı şəxsin bir fərd olduğunu dərk etməli, onun seçimlərinə, işinə, geyiminə hörmətlə yanaşmalıdır. Onunla empatiya qurmalıdır. Məsələn, günümüzdə kifayət qədər kişi var ki, xanımının telefonunu alıb yoxlamağı özündə haqq görür. Bu psixoloji şiddətdir. Ümumilikdə onu qeyd etmək istəyirəm ki, əgər iki insan xoşbəxt olmaq istəyirsə kənardan olunan müdaxilələrə imkan verməməlidir. Aralarında olan problemi heç kimi qatmadan özü həll etməlidir".

Paytaxt sakini Adıgözəl Səlimov: "Bu qısqanclıqdı, qarşılıqlı münasibətdi keçmişdə belə şeylər yox idi. Bizim dövrümüzdə də sevgi var idi, bir-birinə istək var idi. Amma qısqanclıq yox idi. Digər bir tərəfdən isə keçmişdə atamız, anamız bizlərə kimləri tövsiyyə edirdisə, kimi bizə münasib bilirdisə bizdə onlarla ailə həyatı qururduq. Amma indiki zəmanədə görür ki, gənclik və sevgi çox dəyişilib. İndi yeni ailə quran cütlüklər heç bir şey olmamış boşanırlar soruşanda da ki, niyə boşanıb qısqanclıq üstündə, qarşılıqlı anlaşılmazlıq üstündə. Bəs evlənənlər niyə düşünmür ki, gələcəkdə sən onu sevmiyəcəksənsə niyə evlənirsən. İnsan əsl sevgini dərk edəndən sonra evlənib, ailə olmağa tam hazır olmalıdır".

Paytaxt sakini Sənan Abdullayev: "Dünyanın yaranmasından, bizim eramızın 1-ci ilindən bu günə qədər yəni 2021-ci ilə qədər hər zaman qadınla kişilər arasında qısqanclıqlar olub. Ən çoxda qısqanclığı ilk başladanlar qadınlar olur. Bəşər tarixindən bu günümüzə qədər görürük ki, qadınlar hər zaman sevdiyi kişiləri qısqanıb və onları sıxıb. Bunun da nəticəsi olaraq, kişilər artıq qısqanclığa görə sevdiyi qadınlardan bezir və yeni macəralara yelkən açırlar. Kişilərdə də qısqanclıq hadisələri olur. Qadınlara qarşı qısqanclığı bəhanə gətirərək sərt qaydalar tətbiq edirlər. Amma həm qadın, həm də kişilər bunu anlamalıdır ki, qısqanclıq sevgi münasibətində yaxşı şey deyil, tam əksinə sevgi münasibətini korlayan bəlkə də ilk səhvdir".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə