Münasibətlərdəki yaş fərqinin fəsadları PSİXOLOQDAN AÇIQLAMA

“Münasibətlərdə yaş fərqi, əgər söhbət ailə-sevgi münasibətlərindən gedirsə, məsləhətim odur ki, 18 yaşlı qızların ailə qurmasının qarşısı alınsın. Çünki elə bir dövrdür ki, kimsə ailə qurmursa, digər tərəf özünü inkişaf etdirir və yaxud da oğlanın yaşı çoxdursa, o, daha çox təhsil alıb özünü inkişaf etdirir. Qız da ailəyə, uşağa baxırsa istər-istəməz geri qalır. Sonda isə oğlan qızı bəyənmir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, oğlanla qızın arasındakı yaş fərqi maksimum 5-6 aralığında olmalıdır: “Bundan sonrakı yaş fərdi xarakterlə bağlıdır. Elə cütlük var ki, aralarında yaş fərqi çox olsa da, münasibətləri çox yaxşıdır. Lakin psixoloqa gələndə onların bir çox problemləri üzə çıxır. Məsələn, yoldaşları onların geyiminə qarışır, xanımlarının sərbəst olmasını, insanlarla ünsiyyətini, ətraflarının olmasını istəmirlər”.

Psixoloq sözlərinə belə davam edib: “Kişinin yaşı artdıqca, onda qadına qarşı daha çox qısqanclıq yaranır. Özü qocaldığı üçün gənc xanımını qısqanıb sıxmağa başlayır və yaxud da biri-birini anlama çətinliyi olur. Məsələn, kişi çalışır ki, qadına daha çox nəyisə başa salsın, diktə etsin və onun valideyni roluna keçsin”.

“Ümumiyyətlə, statistikaya görə 4, 5 və 6 yaşa qədər yaş fərqi normaldır. Amma 7 yaşdan sonra artıq o qədər də yaxşı nəticələnmir. Ümumiyyətlə isə, mənim məsləhətim odur ki, 30-dan yuxarı yaşda olanlar 18-25 yaşlı qızlarla ailə qurmağa cəhd etməsinlər. Yəni, ən azından oğlan 33-34 yaşında ailə qurmaq istəyirsə, seçdiyi qızın da 28-29 yaşı olsa daha yaxşıdır. Əvvəllər bu yaş qızlar üçün çox sayılsa da, indi əksinə olaraq normativdir. Çünki qızlar ailənin təməlini möhkəm qura bilmək üçün durmadan təhsil alaraq çalışır. Yaş fərqi çox olanda oğlanlar özləri yox, xanımını başa salması üçün öz analarına tapşırırlar. Bu da qadın tərəfindən aqressiyaya, ailə dağılmasına səbəb ola bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə