Qadınlar və kişilər niyə xəyanət etməkdə maraqlıdır? - SƏN DEMƏ... - PSİXOLOQ VƏ EKSPERT AÇIQLADI

“Təəssüflər olsun ki, mövzumuz bizi, ümumilikdə cəmiyyəti incidəcək, xanımları, hətta bəylərin özünü də gözü yaşlı qoyacaq. Səbəb nə olursa-olsun, xəyanət qəbuledilməzdir. Nəyə görə insanlar xəyanəti qəbul etmirlər? İnsanın ən yaxın, ən doğma insanı dünyadan köçdüyü zaman hansı psixi haləti pozulursa, xəyanətdə də buna oxşar hal olur. Torpağın üzü soyuqdur, bir müddət sonra yadından çıxır. Sadəcə yaddan çıxmış, sanki unutmuş kimi digər insanlara göstərə bilər. Amma insanın canından, qanından olan insanlar təbiidir ki, bunu unutmurlar, - mən doğmamı itirdim. Xəyanət də məhz bu cürdür. Nə olursa-olsun, xəyanətə uğrayan insan bu yaşadığını unuda bilmir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, burada kişi və ya qadın faktorunun heç bir fərqi yoxdur: “Yəni burada artıq sözün kökü var ki, xəyanət. Xəyanət sevgi münasibətlərinin ən əsas düşmənidir. Bəzən insanlar düşünürlər, hətta müraciət edən insanların içərisində də olur, deyir ki, “Aytən xanım, mənə elə gəlir ki, xəyanət bunların genində var. Bunun atası da belə şorgöz insan olub” və yaxud da deyirlər ki, “anası gəzən ağacı balası budaq-budaq gəzər. Onlarda elə anası da o zamanlar atasına xəyanət edib”. Məsələn deyək ki, hətta ikinci ailə qurmağı belə xəyanətlə birləşdirib danışan insanlar olur. Son günlər isə xəyanətin həddindən artıq çox olması ilə bağlı bir çox araşdırmalar olub. Bu araşdırmaların içərisində nəticədə ümumi müddəalar müəyyənləşib ki, onlara, əsasən, 90 faiz doğru nəticələr əldə edə bilməyimizdir. Bu 90 faiz nəticəni necə əldə edə bilirik? Bunun üçün sadəcə olaraq, cütlüyün birinin davranışları, hərəkətləri, baxışları, yəni bunu əgər biz sadalasaq, bəlkə də on beş, on altı, on yeddi bəzi həmin vaxtın xüsusiyyətlərini göstərə bilərik ki, bu insan hansı səbəbdən gedib xəyanət etdi?”.

Psixoloq sözlərinə belə davam edib: “Təcrübəmizdə olan belə bir məqam var. Xanım deyir ki, kişinin diqqətsiz olması, son günlər artıq evə gec gəlməsi, hər axşam işdən sonra toplantısı var deyib getməsi, işimizi gecə növbəsinə keçiriblər deməsi, onun gecə-gündüz onlayn olması məndə bir sıra şübhələr yaratdı”. İndi müasir zamandır və müasir zamanda qadınlar bunu çox rahatlıqla sezə bilirlər. Qadınlar deməyək, ümumi insan faktoru deyək ki, istər qadın, istər kişi artıq bunu rahatlıqla sezə bilir”.

“Biz qadın tərəfdən baxsaq, qadınlar çox həssasdırlar. Qadın məhz onun həyat yoldaşının hansı qadına daha çox marağı varsa, gedib o qadının üzərində dayanacaq. Çünki qadınların hissiyatları onları heç zaman aldatmır. Kişilərdə isə tamamilə fərqlidir. Kişilərdə də bu, fərqlidir. Bir baxışa, bir parfümün iyinin ona xoş gəlməsi və s. Amma kişinin beynində bir tək düşüncəsi var ki, o əgər mənə qarşı artıq davamlı şəkildə xəyanət edirsə, deməli, hansısa bir cinsi doyumsuzluq var ki, bu ona doğru addım atır. Burada isə təbiidir ki, fərdlər tamamilə fərqlidir. Bioloji və sosial varlıq olduqlarına görə arzu-istəklər də tamamilə başqa cürdür. Siqnalların çatması var. Biri var ki, donjuanizm sindromunda olacaq bir bəy olsun. Artıq ona cinsi istəyin siqnalları çatmır. Çünki insan donjuanizm sindromundan əziyyət çəkir. Bəzən də onlar həddindən artıq çox mehriban davranışlar göstərirlər ki, ətrafındakı xanımlar bunu sezə bilməsinlər. Amma təbiidir ki, bir balaca ağıllı insanlar bunu rahatlıqla sezə bilirlər. Səbəblər uzun illər bundan öncə baş verəcək serialların çox olması, seriallarda ailəsini qoydu getdi, sevmir, onunla xoşbəxt deyil və kulminasiyada bizim alqışlarımızdır. Bu gün budur, bizi xəyanətə doğru aparan addım. İnsan həyata bir dəfə gəlib və bu bəraətləri qazandırmağımız bizi bugünkü gün daha çox xəyanətlə üz-üzə qoyub”.

Məsələ ilə bağlı sosial ekspert Rövşən Rəsulov da münasibət bildirib: “Xəyanət heç bir halda qəbul edilməyən haldır və bəşəri faktor nəzəriyyəsində o müxtəlif cür olur. Xüsusilə, şəxslər, daha dəqiq desək, kişi ilə qadın arasında yaranan sevginin sonradan qarşılıqlı xəyanətə çevrilməsi özündə bir sıra xüsusiyyətləri əks etdirir – vicdansızlıq, riyakarlıq və s.”.

“İnanmıram ki, insanlar sevgisiz yaşasın, amma xəyanəti də sevgisizliklə bağlamağın tərəfdarı deyiləm. Xəyanət qarşılıqlı anlaşılma olmadıqda, fikirlər üst-üstə düşmədikdə də yarana bilər. Misal üçün, həm kişi, həm də onun yarısı hesab edilən qadın bir-birlərinə bağlıdırlar və onları bağlayan müxtəlif səbəblər, vasitələr mövcuddur, uşaqları, ailələri və s. Lakin adi bir narazılıq – hansı ki, onu səbrlə, təmkinlə aradan qaldırmaq mümkündür, dönüb-olur qarşısıalınmaz problemə və bu da təəssüf ki, xəyanətlə nəticələnir”.

“Xəyanətin daha bir səbəbi şiddətli keçimsizlik, imkansızlıqdan da yaranır. Sosial mühitimizdə bu səbəbdən də xəyanətlərin baş alıb-getdiyini görə bilərik. Açığını desək, əgər qarşılıqlı sevgi, səmimiyyət varsa, belə halların yaranması ümumiyyətlə, qeyri-mümkün olar. Ancaq bu amillər olmazsa, xəyanət öz sözünü təəssüf ki, deyir.

Deməzdim ki, sosiumda xəyanətkarlıq faktoru hər hansı bir “tələbə” çevrilib. İnsanlar öz ağılları, düşüncələri ilə atdıqları hər addımlarını min ölçüb, bir biçməlidirlər. Bəzən daxillərindəki yanlış hissələrə qapılan insanlar ani bir səhv üzündən bütöv bir ailələrin dağılmasına səbəb olurlar. Halbuki, bu, baş verməyə də bilərdi – ağılla düşünülsəydi, “mən nə edirəm?” sualı verilsəydi. Bir incə məqamla böyük fəlakətin qarşısı alınardı. Təsəvvür edin, adi bir xəyanət üzündən dağılan ailələr sonradan hansı girdablara doğru yuvarlanırlar, insanların həyatları üzərindən çalın-çarpaz xətlər çəkilir. Üstəlik, belə ailələrin uşaqları da varsa, körpələrin nə qədər zərbələr altında qaldıqlarını düşünmək belə çox çətindir. Onların gələcəkləri məhv olur, müqəddəratları sual altında qalır”.

“Etiraf edək ki, müasir dövrümüzdə təmiz sevgi məfhumu demək olar ki, itirilmək üzrədir və əvvəlki zamanlarla müqayisədə yox səviyyəsindədir. Biz tarixən görümüşük ki, babalarımız, nənələrimiz bir-birlərinə qarşı necə pak, ümdə sevgi bəsləyiblər, hətta onlar haqqında dastanlar, hekayələr, romanlar yazılıb. Ancaq indi hər şey “beşgünlük dünya” anlamında “beşdəqiqəlikdir”. Bu baxımdan, paralel olaraq, milli-mənəvi xüsusiyyətlərimizi itirməməklə, milli ailə nümunəsi deyilən vacib məqamı hər zaman diqqətimizdə saxlamalı, onu gələcək nəsillərimizə təlqin etməliyik. Belə olarsa, nə xəyanət olar, nə də riyakarlıq. Düşünürəm ki, hər şey öz əlimizdədir, biz şüurumuzla, vicdanımızla hərəkət etməli, hətta digər insanların xəyanətlərini görərkən, onun qarşısını insani vəzifə olaraq almalıyıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə