Qatarlar artıq maşinistsiz idarə olunacaq - YENİLİK - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ

“Qatarların maşınistsiz idarə edilməsi müasir dövrdə inşa edilən və istifadəyə verilən metropolitenlərə daha çox xas olan bir xüsusiyyətdir. Çünki bu metropolitenlər artıq təməl prinsiplərini müasir dövrün texnologiyalarını nəzərdə tutaraq inşa edilir”. Bu sözləri SİA-ya açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, "Bakı Metropoliteni"nə bənövşəyi xətt də daxil olmaqla bundan sonra inşa ediləcək yeni xətlər məhz müasir dövrün tələblərinə uyğun olaraq layihələndirilir, inşa edilir və eyni zamanda buna müvafiq olaraq da sistemlər quraşdırılır: ““8 Noyabr” stansiyasının istifadə verildiyi zaman ictimaiyyətə edilən açıqlamada artıq burada tətbiq edilmiş bir sıra yeniliklər barədə məlumat vermişdik. Burada skada dispetçer idarəetməsi, CBTC sistemlərini xüsusi qeyd etmişdik. CBTC sistemləri mərhələli qaydada tətbiq olunur. Yəni ilk 3 stansiyada bu sistemin tam qüvvəsi ilə tətbiq olunması effektiv olmur. Bu xəttin gələcəkdə inşasında bu sistemlər tam olaraq təmin olunacaq. Onun başlanğıc fazası olan mikroprosessor hissəsi artıq quraşdırılıb. Ümumiyyətlə bu istiqamətdə bütün lazım olan müasir texnoloji sənədlər və normativlər səviyyəsində bütün işlər görülür. Bu istiqamətdə onların hər birisi davamlı olaraq tətbiq olunacaq”.

Bəxtiyar Məmmədov sözlərinə davam edərək həmçinin bildirib ki, maşinistsiz idarəetməyə gəldikdə isə, onun özünəməxsus tələbləri var: “Bu mənada xüsusi texniki və istismar şərtləri birinci növbədə vacibdir. İlk olaraq xətt tam istifadəyə verilməlidir və onun öz deposu tamfunksional formada olmalıdır. Elektrik deposu inşa olunur və xəttin layihə uzunluğu, və digər məsələlər də aydındır. Xəttin özü yeraltı 12 stansiyadan ibarət olacaq və həmin kompleksin tərkib hissəsi olaraq Xocasən elektrik deposunun nəzdində yerüstü "Bakmil" stansiyasına bənzər stansiya istismara veriləcək. Bu mərhələdən sonra tam olaraq artıq maşinistsiz idarəetmə prinsiplərinin tətbiqindən danışıla bilər. Yaşıl və qırmızı xətlərə gəldikdə isə bildiyimiz kimi bu xətlər 50 ildən artıqdır ki, istifadədədir və orada mövcud olan infrastrukturu söküb yerinə yeni hərəkətin tənzimlənməsi sistemlərinin tətbiq edilməsi çox ağır texnoloji prosesləri tələb edən məsələdir. Amma bu istiqamətdə "Bakı Metropoliteni"ndə ilkin addımlar atılır. Təbii ki, ilk olaraq Nərimanov elektrik deposunda quraşdırılmış ox sayğacı bazasında tətbiq edilən prinsipləri qeyd etmək olar. Bu istiqamətdə hərəkətin təşkili ilə bağlı fərqli sahələrdə texnoloji yeniliklər müntəzəm olaraq tətbiq olunur”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə