Çin ilə ASEAN arasında azad ticarət zonası əməkdaşlığı yenilənib

Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 47-ci sammiti çərçivəsində təşkilat üzvləri ilə Çin arasında azad ticarət zonası əməkdaşlığınn yenilənməsinə dair protokol imzalanıb. SİA xəbər verir ki, Çin Kommersiya Nazirliyinin açıqlamasında azad ticarət zonası əməkdaşlığının yenilənməsinin (3.0 versiyası) regional və qlobal iqtisadi inkişafa daha çox inam və təkan verəcəyi qeyd olunub.

“Beynəlxalq qaydalara əsaslanan iqtisadi və ticarət sisteminə ciddi çağırışlar qarşısında protokol Çin və ASEAN-ın çoxtərəfli və sərbəst ticarətə möhkəm bağlılığını nümayiş etdirir”, - deyə nazirliyin açıqlamasında qeyd olunur.

Yeniləmə gömrük prosedurları və ticarətin asanlaşdırılması, standartlar, iqtisadi və texniki əməkdaşlıq kimi mövcud sahələrlə yanaşı, rəqəmsal iqtisadiyyat, yaşıl iqtisadiyyat, təchizat zəncirinin qarşılıqlı əlaqəsi, rəqabət və istehlakçıların müdafiəsi, mikro, kiçik və orta müəssisələr kimi yeni sahələri, ümumilikdə 9 istiqaməti əhatə edir.

Qeyd edək ki, Çin-ASEAN Azad Ticarət Zonası əməkdaşlıq formatı 2002-ci ildə yaradılıb 1.0 versiyası 2010-cu ildə tam tətbiq olunub. Sonrakı versiya üzrə 2.0 protokolu 2015-ci ildə imzalanıb və 2019-cu ildə tam qüvvəyə minib. Sonuncu versiya üçün danışıqlar 2022-ci ilin noyabrında başlayıb və bu ilin mayında uğurla başa çatıb.

Çin ardıcıl 16 ildir ASEAN-ın ən böyük ticarət tərəfdaşıdır, ASEAN isə son 5 ildə Çinin əsas ticarət tərəfdaşı olub. Ötən il ikitərəfli ticarət 982,3 milyard ABŞ dollarına çatıb ki, bu da 2002-ci ildəkindən 17 dəfə çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə