DİN belə hallara qarşı sərt tədbirlər görməlidir - EKSPERTDƏN SƏRT REAKSİYA

“İllərdir Azərbaycanda və Bakı şəhərində Kənd Təsərrüfatı Agentliyi, Azərbaycan Qida Təhlükəsizlik Agentliyi və digər ərzaqla bağlı rəsmi qurumlar ətin pərakəndə satışa hazırlanması, iribuynuzlu və digər quşların kəsilməsi, balıqların istehsalata hazırlanması və yaxud çiy şəkildə satılması ilə bağlı normativ aktlar hazırlayıb nəzarət edirlər. Sanki vətəndaşlarımız onların qida təhlükəsizliyi üçün nəzərdə tutulan bu normativ aktlara o qədər də əhəmiyyət vermirlər”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı kulturoloq Aydın xan Əbilov deyib.

Onun sözlərinə görə, iribuynuzlu ət kəsimi ilə bağlı həm sosial, mənəvi, psixoloji, həm də ekoloji və sanitarik ərzaq təhlükəsizliyi baxımından çox böyük problemlərlə rastlaşılır: “Hər gün səhər çağı biz uşaqlarımızla birlikdə və yaxud özümüz işə gedən zaman qəssabxanalarda bağlanmış, başı kəsilib kənara qoyulmuş, qanı kanalizasiyaya axıdılmış iribuynuzlu heyvanlar görürük. Bilirsiniz ki, qan elə bir maddədir ki, onu xüsusi təmizləmək lazımdır və bunun üçün xüsusi yerlər olmalıdır. Uşaqların, gənclərin, yeniyetmələrin, ümumiyyətlə cəmiyyətin radikallaşmasında və ölümün adiləşməsində onların psixoloji, mənəvi dünyasına vurulan zərbənin nə qədər böyük olduğu elə buradan görsənir”.

Aydın xan Əbilov sözlərinə belə davam edib: “Sivil cəmiyyətlərdə çoxdan iri və kiçik müsəssisələr yaradılıb və bütün heyvanlar orada kəsilərək yarımfabrikat olaraq pərakəndə satış mərkəzlərinə verilir. Azərbaycanda bu həm də kiçik iş yerləridir. Başa düşürük ki, qəssablar, ət kəsimi və tədarükü ilə məşğul olanlar iş yerlərini itirə bilərlər. Amma kiçik sahibkarlar da zaman keçdikcə sivil metodlara riayət etməlidirlər. İnsanların gözünün qarşısında, məhəllələrdə yayın qızmar çağında qanı küçələrə səpələməklə yox, normativ sənədlərə cavab verə biləcək formada ət kəsimi ilə məşğul olmalıdırlar”.

“Eyni zamanda biri var qanuni, biri də var qanunsuz ət kəsimi. Qanunsuz ət kəsimi daha böyük problemdir. Bu problem sanitarik baxımdan çox təhlükəlidir. Bəzən baxırıq ki, iri bir qoyun və dana kəsilən qəssabxanalarda heç normal soyuducular yoxdur. Eləbelə havada asırlar və yoldan keçən avtomobillərin tozu-torpağı birbaşa ətə təsir edir. Ət də elə bir məhsuldur ki, həm tez xarab olur, həm zəhərlənməyə aparır, həm də onun vasitəsilə biz müxtəlif xəstəliklər keçirə bilərik. Bazarda və ümumiyyətlə kəsim mərkəzlərində həkim və baytar nəzarətinin nə qədər olduğunu heç kim dəqiq deyə bilməz. Çünki, Azərbaycanda heç bu qədər laboratoriya yoxdur. Kəsilən heyvanların böyük əksəriyyəti yaşlı və xəstədir. Burada bir vijdan və mənəviyyat məsələsi var. Heç kim də bunlara nəzarət edə bilmir. Amma insanlar düşünsə ki, ətlə keçən xəstəlik sabah onun da övladına keçə bilər bəlkə daha diqqətli olarlar. Tədqiqatlar göstərir ki, xərçəng xəstəliyinə ən çox qida və havalandırma səbəb olur. Ona görə də bizim nəzarətedici orqanlar, o cümlədən, DİN belə hallara qarşı sərt tədbirlər görməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə