Donor vasitəsilə uşaq sahibi olmaq qadağan ediləcək - ANALİZ

Reproduktiv sağlamlıq haqda qanun layihəsinin bəzi müddəaları deputatlar və ekspertlər tərəfindən niyə etirazla qarşılandı?

Sonsuzluq faizinin bütün dünyada getdikcə artması insanların donor mayalanması ilə hamilə qalmaq üsullarına əl atmasına səbəb olur. Bütün dünyada süni mayalanma metodundan istifadə edilərək uşaq sevinci yaşamaq istəyən ailələrın arzusu reallaşdırılır. Bəs Azərbaycanda donor vasitəsi ilə hamilə qalmaq istəyən nə etməlidir?

Sonsuzluq statistikası: boşanmaların əsas səbəbi

Rəsmi məlumatlara görə, Azərbaycanda yeni ailə quran cütlüklərin 15 faizə yaxını, qeyri-rəsmi məlumatara görə, 25 faizi sonsuzluq problemi ilə qarşılaşır. Azərbaycan ailələrində sonsuzluq probleminin əsas səbəbləri qadınlarda yumurtalıq, uşaqlıq borusu xəstəlikləri, kişilərdə isə sperma zəifliyi hesab edilir.

Ölkəmizdə sonsuzluq boşanmaların əsas səbəblərindən biri hesab edilir. 2016-cı ildə ölkədə boşanmış 13114 nəfərin 6146-ı uşağı olmayanlar olduğu halda, 2017-ci ildə 14514 boşanma halının 6444-ü bu şəxslərin payına düşüb. 2018-ci ildə Azərbaycanda 14857 boşanma halı qeydə alınıb ki, onun da böyük hissəsi sonsuz ailələrin payına düşüb və bu səbəbdən 6559 nəfər boşanıb.

Əgər 2000-ci ildə hər 100 min nəfər qadından 17.9 faizi sonsuzluğa görə qeydə alınırdısa, 2019-cu ildə bu rəqəm hər 100 min nəfərin 34.4 faizidir.

Mütəxəssislər bildirir ki, problemin yaranmasına gərgin iş rejimi, qeyri-sağlam qidalanma, süni yemək əlavələrindən ifrat istifadə, stress və digər amillər səbəb olur. Sonsuzluq ailənin hər iki fərdində olan ayrı-ayrı problemlərdən, habelə irsi olaraq yarana bilər. Qadınlarda yumurtalıq, analıq borusu xəstəlikləri, kişilərdə isə sperma zəifliyi nəticəsində sonsuzluq yaranır.

İndi nəinki dünyada, eləcə də Azərbaycanda süni mayalanma vasitəsi ilə sonsuzluq səviyyəsi minimum həddə çatdırılıb. Lakin bu süni mayalanma yalnız evli cütlük arasında baş verir, atadan sperma götürülərək ana bətninə yerləşdirilir. Donorla mayalandırma isə, atası məlum olmayan uşaqların doğulması deməkdir, el arasında buna “bic doğulma” deyirlər və cəmiyyətimizdə bu, çox pis qəbul olunur.

Donor vasitəsi ilə hamiləlik necə olur?

İlkin mərhələdə qadının ərinin spermatozoidlərinin olmadığı hallarda və ya müəyyən səbəblər üzündən öz cinsi hüceyrələrindən istifadə etmək mümkün deyilsə, sonsuzluq donor spermatozoidləri vasitəsilə aradan qaldırılır. Həmçinin müalicənin bu üsulu ana olmaq istəyən tənha qadınlar üçün də aktualdır. Düzdür, indi eynicinslilərin evliliyindən sonra qadın cütlüklərin də daha çox donor vasitəsi ilə hamilə qalması hallarına da rast gəlirik.

Qaydalara əsasən donorlar mütəmadi olaraq aparılan müayinələr nəticəsində genetik və yolxucu xəstəliklər aşkar edilməmiş, sağlam könüllülər olmalıdır. Götürülmüş bütün nümunələr yarımillik karantin dövrü keçməli və yalnız testlərin nəticəsində keyfiyyəti təsdiq olunduqdan sonra istifadə edilməlidir. Amma beynəlxalq sperma bankının donor spermatozoidləri istifadə üçün təhlükəsizdir, çünki olduqca ciddi bir şəraitdə bütün yoxlamalardan keçirilir.

Donor sperması, donorun xarici görünüşünə, bədən quruluşu, gözlərin və saçların rəngi və s. əsaslanaraq seçilir. Amma ölkəmizdəki bəzi klinikalar beynəlxalq sperma bankından əlavə özünün donor sperması bankına da malikdir.

Naməlum donordan hamilə qalmaq?

Azərbaycanda donorla mayalandırma məsələsinin daha geniş aparıldığı xəstəxanalarının rəhbərliyi və personalı nədənsə bu mövzuda sorğu-sualdan qaçır. Bir neçə klinikadan telefonla məlumat almaq cəhdi də boşa çıxdı. Sonuncu cəhdimiz uğurlu alındı, çünki bu dəfə xəstəxanaya pasiyent kimi zəng etdik. Zəngimiz məsul şəxsə yönləndirildi və bizi maraqlandıran suallara bu cür cavab ala bildik.

Klinika nümayəndəsindən “Mən donor vasitəsi ilə hamilə qalmaq barədə maraqlanıram. Kömək edə bilərsiniz?” deyə soruşdum, əvvəlcə tərəddüd etsə də, sonra cavab verdi: “Əslində, bizdə donor məsələsinə qanunla icazə verilmir. Amma müəyyən istisnalar var. Əgər həyat yoldaşınızın sonsuz olması tibbi cəhətdən sübut edilsə, bu, mümkündür”.

Donor seçimi barədə də maraqlanıram, məlum olur ki, pasiyent bu məsələyə qarışa bilməz, sadəcə donorun yerli və ya əcnəbi olmasını təyin edə bilər, qalanları isə klinikanın işidir: “Donoru görə və şəxsiyyətini tanıya bilməzsiniz. Biz onu özümüz seçirik və sizə uyğun olanını təklif edirik”.

Donorla hamiləlik necə və neçəyə həyata keçirilir?

Söhbətimiz əsnasında xəstəxana rəsmisindən donor vasitəsi ilə süni mayalanma üçün məndən nə qədər pul tələb olunacağı barədə də soruşdum. Bildirdi ki, prosedur 2000 manatdır, üstəlik, əlavə dərmanlar da lazım olacaq: “Siz əvvəldən 2000 manat ödəyəcəksiniz, dərman lazım olduqca sizə bildirəcəyik, ödənişini edəcəksiniz. Lazım olacaq dərmanlar ay ərzində təxminən 1000-2000 manat civarında pul tələb edə bilər. Prosedur cəmi 1 ay çəkir. Əgər birinci hamiləlik baş tutmasa, embrion dondurulur və 3 il müddətində istifadə edilə bilər”.

Maraqlıdır ki, pasiyent hamiləlikdən qabaq uşağının cinsiyyətini də sifariş edə bilər. Belə ki, istəsəniz qız, istəsəniz oğlan övladınız ola bilər. Amma bunun öncədən müəyyənləşdirilməsi üçün siz əlavə 1000 manat ödəməli olacaqsınız.

Özünü məsul şəxs kimi təqdim edən həmsöhbətimiz “gələcəkdə donor barədə heç bir məlumatım olmayacaq?” sualıma cavab olaraq bildirdi ki, bu haqda sonradan lazım olsa məlumat verilir: “Amma siz yalnız bizim təklif etdiyimiz donorlar arasından biri ilə mayalandırılacaqsınız. Yəni, siz özünüz istədiyiniz adamı gətirə bilməzsiniz ki, məhz o donor olsun”.

Qeyd edək ki, donorun xidmətinə görə də ayrıca pul ödəmək lazım gəlir. Belə ki, xəstəxanaya prosedur və mayalanma üçün ödədiyiniz puldan əlavə 1000 manat da donor üçün ödəməli olacaqsınız. Xəstəxana donorun əqli və fiziki cəhətdən tam sağlam olması barədə təminat verdiyini deyir: “Biz bunun üçün sizə 100 faizli təminat veririk. Tam sağlam donor təklif edirik. Çünki o donor olmazdan qabaq klinikamızda tam müayinədən keçir, analizlər olur və əmin oluruq ki, heç bir xəstəliyi yoxdur. Bundan sonra onun spermlərindən istifadə edirik”.

Donor hamiləliyi bacı-qardaş evliliyinə səbəb ola bilər

Yeri gəlmişkən, bir müddət öncə Amerikada qəribə bir hadisə olmuşdu. Davamlı olaraq sperma banklarına donorluq edən bir kişi qəribə bir şok yaşadı. Belə ki, o 150 övladı olduğunu öyrənib və bu da böyük bir qalmaqala səbəb olub. Nyu-Yorkdakı “sperma bank”larından birinin “təminatçı”sı olan donor-kişinin təkcə Birləşmiş Ştatlarda 150 övladı varmış. Donor bankı təminatçıdan bir yox, dəfələrlə istifadə edib və nəticəsi də bu cür olub.

Bu vəziyyətdə gələcəkdə bacı-qardaş evliliklərinin qaçınılmaz olması şübhəsizdir. Bu məsələ barədə də klinika rəsmisinə narahatlığımı bildirdim, davamlı donorluq edən şəxslərlə əməkdaşlıq edib-etmədiklərini soruşdum. Bildirdi ki, klinika donordan yalnız bir dəfə istifadə edir: “Donora xüsusi anket verilir və o da heç yerdə donor olmadığını qeyd edir. Amma bizdən əvvəl və ya sonra başqa yerdə donorluq edib-etmədiyini deyə bilmərik”.

Beləliklə, aydın oldu ki, əgər ailə sonsuzluqla qarşılaşıbsa, kişi spermatozoidləri yetərli deyilsə və qadın donor vasitəsi ilə hamilə qalmaq istəyirsə, o zaman 5000 civarında pul xərcləməli olacaq. Üstəlik gələcəkdə, onun uşağı öz bacısı və ya qardaşı ilə evlənə bilər. Bu isə artıq bioloji və mənəvi faciədir.

Professor: “Belə şey ola bilməz, bu, biabırçılıqdır”

Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisdə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirəyə çıxarılanda bu layihə birmənalı qarşılanmadı və qanunun qəbulu da surroqat analıq, o cümlədən donor bankı məsələsinə görə reallaşmadı. Həm deputatlar, həm də ekspertlər buna sərt reaksiya verdilər.

Professor Rəşid Mahmudov "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini şərh edərkən deyib ki, bu qanun biabırçılqıdır, belə qanun ola bilməz: “Xüsusən də, yad donorla uşaq dünyaya gətirmək. Allahın buyurduğu kimi və təbiətin qanunlarına uyğun olaraq qadınla kişi evlənib ailə qurmalı və nəsil artırmalıdır. Amma reproduktiv qanun o deməkdir ki, ailə olmayacaq, bəzi qadınlar harada istəsə lotuluq edəcək, kiminləsə qanunsuz yaşayacaq, atası məlum olmayan uşaq doğacaq. Belə şeylər bizə yaraşmır. Məhz buna görə kişi deputatlar bu qanunun qəbul olunmasına qarşıdır. Belə şey ola bilməz. Birincisi, biz müsəlmanıq və mənəvi dəyərlərimiz var. İkincisi isə bioloji qanunlar var ki, onlara zidd getmək olmaz, bu sonra ağır nəticələr verir”.

Rəşid həkim hesab edir ki, bunu təklif edənlərin məqsədi Avropanın pis adət və ənənələrini Azərbaycana gətirməkdir: "Bu, nə qanundur? Zorla uşaq yaradacaqsan? Uşağı olmursa, sahibsiz bir uşağı götürsün. Mən belə qanunun qəbul olunmasının əleyhinəyəm”.

Beləliklə, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin uzun müddət müzakirə edilməsinin və qəbul edilməməsinin səbəbləri də surroqat ana və donorla bağlıdır. Bir çox ölkələrdə surroqat ana və donordan istifadə qadağan olunub. Mənəvi və hüquqi məsələlər biotexnologiyaların inkişafında çox qabarıq ortaya çıxmalı və ciddi düşünülməlidir.

Məlumatlara görə, əksər deputatların etirazı və ictimai qınaqlardan sonra qanunda mübahisə predmeti olan "surroqat ana" və donorluq məsələləri sənəddən çıxarılıb. Artıq Qafqaz Müsəlmanları İdarəsindən də qanun layihəsinə ciddi irad yoxdur. Bu düzəlişlərdən sonra yaxın vaxtda qanunun qəbulu gözlənilir.

Leyla

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə