“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib - FOTO
15 oktyabr 2020-ci ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyası Səbail rayon Təşkilatı və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Elmi-kütləvi iş və təhsil” şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümünə həsr olunmuş “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilmişdir.
“Azərbaycan” himninin səsləndirilməsi ilə açılan tədbirdə SƏS TV-nin hazırladığı Azərbaycan Respublikasının dövlət müstəqilliyi tarixi, həmçinin müasir dövrdə dövlətimizin uğurları barədə kadrlardan ibarət videoçarxın nümayişindən sonra Vətənimiz uğrunda şəhid olanların əziz ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirin rəsmi hissəsində çıxış edən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova tədbir iştirakçılarını salamlayaraq, “Ulu öndər Heydər Əliyev: “Müstəqil Azərbaycan naminə!”” adlı məruzəsini təqdim etmişdir.
O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan müstəqilliyi uğrunda olan həlledici fəaliyyəti, həmçinin cənab Prezidentimiz, Ali Baş komandan İlham Əliyevin aktiv siyasəti dövründə qazanılan uğurlardan bəhs etmiş, müasir Azərbaycanın üzləşdiyi müharibə şəraitində cənab Ali Baş komandanın torpaqlarımızın azadlığına yönəldilmiş siyasətinə və ordumuzun gücünə inandığını bildirmişdir.
“Azərbaycan sikkələri əsas dövlətçilik rəmzidir” adlı məruzə ilə çıxış edən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova müasir dövrümüzdə dövlətimizin məqsədyönlü siyasəti nəticəsində üzləşdiyimiz ağır və məsuliyyətli sınaqlardan azad olunacagına inandığını bildirmiş və Azərbaycan sikkələrinin bütün tarixi dövrləri təmsil edən önəmli faktiki tapıntılar olduğunu vurğulamışdır. Məruzəçi dövlətçiliyin başlıca rəmzi olan sikkə zərbi hüququnun məhz Azərbaycan sikkələri ilə təmsil edildiyini və müstəqil Azərbaycanın numizmatik irsinin tədqiqi, təbliği sahəsində əldə edilmiş uğurlardan danışmışdır.
Muzeyin Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, t.ü.f.d. Sevinc Nəsirova “Qanla yazılan tarix” adlı məruzəsində müasir dövr hadisələrinə toxunaraq, xalqımızın müstəqilliyinin əldə edilməsində canlarından keçən Vətən oğullarımızın rəşadətindən bəhs etmişdir. O, suverenliyin bərpasında xüsusən gənclərin fəal olduğunu vurğulamış və gələcək qələbələrə inandığını qeyd etmişdir.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin elmi işçisi Şəfa Mövsümov “Milli azadlıq hərəkatı və dövlət müstəqilliyimiz” adlı məruzəsində Azərbaycan xalqının milli azadlıq hərəkatı tarixinə nəzər salaraq, 20 yanvar hadisələri və respublikamızda erməni separatizminə qarşı xalqımızın həmrəyliyinə toxunmuşdur. Məruzəçi SSRİ-nin dağılması və Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğurundakı mübarizə barədə məlumat vermişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə