Məktəblərdə hərbi hazırlıq dərsləri: haradan və nədən başlamalı? - ARAŞDIRMA

“Ali və orta məktəblərdə hərbi dərslər bərpa olunmalıdır”. Bunu Milli Məclisin 30 sentyabrda keçirilən iclasında deputat Fazil Mustafa deyib. Bildirib ki, səfərbərliklə bağlı qanunvericiliyi dəyişiklik edilməlidir: “Tarixi mənbələr var ki, Bakının işğaldan azad olunması üçün xüsusi səfərbərlik elan edilmişdi. Zəngəzur qiyamını yatırmaq üçün də səfərbərlik elan edilib”. Millət vəkili, həmçinin bu günkü şəraitdə ali və orta məktəblərdə hərbi dərslərin bərpa olunmasını da bildirib: “Biz orta və ali məktəblərdə hərbi dərsləri ləğv etməyimizin fəsadını yaşadıq. Müharibə şəraitinin tələbi üzrə biz təcili orta və ali məktəblərdə hərbi dərslərin bərpa olunmasını təmin etməliyik. Bu gün çox sayda insanlarımız adi silahla davranış qaydalarını bilmir. Biz eyni zamanda səfərbərliklə bağlı qanunvericiliyi də dəyişməliyik. Bir ailədə tək uşağı, yaxud bir ailənin bütün uşaqlarını səfərbərliyə cəlb edirlər. Əlbəttə, bu, vətənlə, torpaqla bağlı məsələdir. Amma sosial müavinətlə bağlı xüsusi müddəalar olmalıdır. Bir uşağı əsgərə gedən ailələri qanunvericiliklə müəyyən müavinətlərlə təmin etməliyik. Arxa cəbhədə kiminsə bir sıxıntısı qalanda bu, həmin insanın döyüş ruhuna da təsir edəcək”.

Bəs “Çağırışa qədər ki hazırlıq” fəninin tədrisi necə olmalıdır

Son günlər kütləvi informasiya vasitələrində bir sıra millət vəkilləri, hərbi ekspertlər və ictimai təşkilatların nümayəndələri tərəfindən orta məktəblərdə hərbi hazırlıq dərslərinin tədrisinin səviyyəsinin yüksəldilməsi, məktəblərin əyani vəsaitlərlə təchiz edilməsinə dair fikirlər səslənməkdədir. Ekspertlərin fikrincə, ölkənin müharibə şəraitində olması bu fənnin tədrisini zəruri edir. Bu baxımdan məktəblərdə sözügedən fənnin tədrisinə diqqət artırılmalı, hərbi kabinetlər yaradılmalı, təlim silahları və digər zəruri əşyalarla təchiz edilməli, ehtiyatda olan zabitlər bu fənnin tədrisinə cəlb olunmalıdırlar.

Açıqlamalar gözəldir və ictimaiyyət tərəfindən də dəstəklənir. Təəssüf ki, aralarında yüksək rütbəli zabitlər də olmaqla, qeyd edilən fikirləri səsləndirən şəxslərin çoxunun nə orta məktəblərdə bu fənnin tədrisindən, nə də tədris edilən dərslikdən xəbərləri yoxdur. Bəs “Çağırışa qədər ki hazırlıq” fəninin tədrisində real vəziyyət necədir və dərsliklərin yenidən yazılmasına ehtiyac olacaqmı?

İlk öncə dünənə kimi, orta məktəblərin 10-cu və 11-ci siniflərində tədris edilən “Çağırışa qədər ki hazırlıq” dərsliklərindən başlayaq. Həmsöhbət olduğumuz müəllim və ekspertlərin də yaralı yeri, başqa sözlə, problemin mənbəyi məhz elə bu dərsliklərdir. Onu da vurğulamaq istərdim ki, hərbi sahədə olanlarla söhbətlərdən də gəldiyimiz birinci qənaət ondan ibarət oldu ki, dərslikdəki bölmələr üzrə müəyyən olunan mövzular demək olar ki, orta məktəb səviyyəsində yazılmayıb, məzmun anlaşılan səviyyədə deyil. Hətta həmsöhbət olduğumuz, “Çağırışa qədər ki hazırlıq” fənnini tədris edən ehtiyatda olan zabitlər də şagirdlərin dərslikdəki mövzuları mənimsəməkdə çətinlik çəkdiklərini deyirlər. Eyni zamanda müəllimlər, həm dərslik, həm də müəllim üçün vəsaitin anlaşılmayan terminlərlə «bol olmasından” gileylənirlər. Daha dəqiq desək, məzmun baxımından çox çətin anlaşılan dərslikdəki mövzular sanki orta məktəb şagirdlərinə deyil, hərbi hissədə zabitlərə keçirilən movzuları xatırladır.

Bir məqamı da vurğulamaq istərdim ki, özüm də ali məktəbdə oxuyarkən hərbi dərslə keçmişəm. O vaxt nəşr olunan dərsliklər mütəxəssislərin hesab etdikləri kimidir.

Belə ki, mütəxəssislərini sözlərinə görə, dərsliyin “Taktiki hazırlıq” bölməsində 11-ci sinif şagirdlərinə taqım hazırlığı səviyyəsində mövzuların salınması məntiqə uyğun deyil. Hansı ki, keçmiş SSRİ dövründə, eləcə də müstəqilliyin ilk illərindən 2014-cü ilə qədər yazılan dərsliklərdə “Taktiki hazırlıq” bölməsi yalnız manqa hazırlığı ilə kifayətlənib. “Silahlar və atəş hazırlığı” bölməsində isə əvvəlki dərsliklərdə yalnız avtomat və əl pulemyotu, bu silahların təyinatı və quruluşu, taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb yığılma qaydaları haqqında məlumat verildiyi halda, hazırkı dərslikdə əlavə olaraq tank pulemyotları barədə mövzular yer alır. Bundan başqa, əvvəlki dərsliklərdə mina hazırlığı mövzusunda tank və piyada əleyhinə minalar haqqında qısa və yığcam məlumat verilsə də, hazırkı dərslikdə şagird səviyyəsində anlaşılmayan, ordunun mühəndis-istehkam xidmətinin mütəxəssislərinin bilməli olduqları bütün minalar öz əksini tapıb. Digər maraqlı məqam isə son zamanlar aktuallaşan kimyəvi, bioloji, bakteroloji və nüvə təhlükəsizliyi, pandemiyalar və epidemiyalar dövründə davranış mövzusudur. 2011-2014-cü illərdə Həbib Ocaqov və Rövşən Qasımovun hazırladığı 10 və 11-ci siniflər üçün "Gənclərin Çağırışa qədər ki Hazırlığı” dərsliyin "Təhlükəsizlik və Fövqəladə Hallarda İnsanların Mühafizəsi” bölməsində bütün bunlar nəzərə alınsa da yeni yeni dərsliklərdə bu mövzulara diqqət yetirilmir.

Dəsrlər necə keçirilir?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Gənclərin Çağırışaqədərki Hazırlığı və Fiziki Tərbiyə fənni üzrə metodisti Rövşən Qasımovun sözlərinə görə hazırda məktəblərin əyani vəsaitlərlə təchiz edilməsi istiqamətində işlərin aparıldığını da bildirib. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 308 ümumtəhsil məktəbinin 100-ə yaxınında «elektron silah» layihəsinin həyata keçirildiyini deyən R. Qasımovun sözlərinə görə, bu layihə çərçivəsində məktəblər atış simulyatorları ilə təchiz olunub: “Bu da dərslərin inovativ üsullarla keçirilməsinə imkan verir. Şagirdlər hər tədris ilində proqram materialına uygun olaraq elektron silahdan atəş açır, atışın əsas və qaydalarını öyrənir, həmin silah komplektinə daxil olan digər AK-74 avtomatını atamam sökülüb yığırlar. Elektron silah layihəsi olmayan digər məktəblər isə elektron silah layihəsi olan məktəblərlə əməkdaşlıq edirlər”.

Bir sıra millət vəkilləri, hərbi ekspertlər və ictimai təşkilatların nümayəndələri tərəfindən orta məktəblərdə hərbi hazırlıq dərslərinin tədrisinin səviyyəsinin yüksəldilməsi, məktəblərin əyani vəsaitlərlə təchiz edilməsinə dair fikirlərinə görə ölkənin müharibə şəraitində olması bu fənnin tədrisini zəruri edirlər. Bu baxımdan məktəblərdə sözügedən fənnin tədrisinə diqqət artırılmalı, hərbi kabinetlər yaradılmalı, təlim silahları və digər zəruri əşyalarla təchiz edilməli, ehtiyatda olan zabitlər bu fənnin tədrisinə cəlb olunmalıdırlar.

Göründüyü kimi, açıqlamalar deyilir, ictimaiyyət tərəfindən də dəstəklənir. Təəssüf ki, aralarında yüksək rütbəli zabitlər də olmaqla, qeyd edilən fikirləri səsləndirən şəxslərin çoxunun nə orta məktəblərdə bu fənnin tədrisindən, nə də tədris edilən dərslikdən xəbərləri yoxdur.

Özü də torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb etdiyi kimi, hərbi dərslərin keçirilməsinə və bu günün tələblərini təmin edən dərsliklərin hazırlarması nəinki lazımdır, vacibdir. Bu baxımdan orta məktəblərdə tədris olunan “Gənclərin çağırışa qədər ki hazırlığı” fənni mühüm rol oynayır. Bu fənn öz məzmunu etibarı ilə şagirdləri Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatlandırır, hərbi nizamnamə qaydalarını mənimsədir, ordu həyatı ilə tanış edir, hərbi xidmətə fiziki və mənəvi-psixoloji cəhətdən hazırlayır. Şagirdlərdə orduda xidmətin müqəddəs borc və şərəf işi olmasına inam yaradaraq, vətənpərvərlik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri inkişaf etdirir. Bəli, bu gün təcavüzkar faşist xislətli ölkə olan Ermənistanın işğalçılığı nəticəsində 30 ilə yaxın torpaqlarımızın bu gün ölkə Prezidentimiz, Ali Baş Komandanımızın apardığı uğurlu siyasəti nəticəsində Güclü Dövlət və Güclü Ordumuz nasisiti yerində otuzdurursa, və ardıcıl olaraq qələbələr qələbələr ardınca gəlirsə, deməli biz bütün çətinliklərin öhdəsindən gəlməyə qadirik.

Elman Məmmədov: “Gənclərin hərbə hazırlanması ən vacib məsələlərdən biridir”

Millət vəkili Elman Məmmədov bildirib ki, məktəblərdə hərbi dərslərin keçirilməsi fikrinin tərəfdarıyam: “Məncə bu, hamının tələb etdiyi, gözlədiyi bir şeydir. Azərbaycan müharibə vəziyyətində olan bir ölkədir. Azərbaycan gənci orta məktəbdən hərbi sirləri öyrənməyə başlamalıdır. Hərbə meyilli olmalıdır. Ona hərbə hazırlamaq, silah-sursatdan istifadəni öyrətmək olduqca vacibdir. Bu baxımdan hesab edirəm ki, orta məktəblərdə hərbi dərslərin keçirilməsi bərpa edilməli və gücləndirilməlidir”.

Millət vəkilinin sözlərinə görə orta məktəblərin böyük əksəriyyətində hərbi hazırlıq dərsləri sadəcə sıraya düzülüb addımlamaqdan, sağa sola dönməyi öyrətməkdən ibarət olur. Bu şagirdlər silahları ancaq şəkillərdə görürlər, ən yaxşı halda məktəbə II Dünya Müharibəsindən qalmış köhnə əlehiqazlar verilir ki, əyani vəsait olaraq şagirdlər istifadə etsinlər.

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə isə, müharibə şəraitində yaşayan ölkədə hərbi dərslər mütəmadi olaraq keçirilməlidir, hətta buna ibtidai siniflərdən başlamaq lazımdır: “Ermənistanda ibtidai siniflərdə uşaqlara Azərbaycanfobiya təbliğ edilir, bizdə isə humanizm. Bizim torpaqlarımız işğal altındadır. Çox yaxşı olardı ki aşağı siniflərdən hərbi hazırlıq dərsləri ilkin hərbi məlumatlar öyrədilsn. Düzdür, həyat bilgisi dərsində müəyyən bilgilər verilir. Lakin bu azdır. Hesab edirəm ki, təhsil Nazirliyi bunu nəzərə almalıdır”.

Millət vəkili Qənirə Paşayeva da hərbi dərslərin keçirilməsini vacib sayıb. Bildirib ki, bu, cəbhə bölgəsində yaşayan insanlarımızın da xahişidir.

Millət vəkillərinin fikirlərinə görə, əyani şəkildə yaranan təəssürat daha effektlidir. Çünki onlar praktiki tanışlıq imkanı əldə edir: “Orta məktəbi bitirən gəncin ilk məqsədi ali məktəbə daxil olmaqdırsa, digər məramı da sabah Vətəni əsgəri xidmətlə qoruması olmalıdır. Hərbi dərslər zamanı şagirdlərin hərbi hissələrə aparılması və onların əsgərlərlə söhbətlər etməsi yeniyetmələrin formalaşmasında öz sözünü deyir. Məktəblərdə ibtidai hərbi hazırlıq fənni tədris olunur. Həmin fənni tədris edən ya ehtiyatda olan zabit olur, ya da sözügedən sahə üzrə müəllim. Bu fənnin əsas məqsədi məktəbdə şagirdlərə silahı sökməyi, yığmağı öyrətməkdir. Həmçinin strateji planların, qorunmağın necə olduğunu öyrətməkdir. Amma bu dərslərin sayı artırılmalı, şagirdlərin hərbi hazırlıq qabiliyyəti yüksək səviyyəyə çatdırılmalıdır. Gənc nəslə ilkin hərbi bilik və bacarıqların aşılanması, onlarda orduya, hərb sənətinə marağın artırılması üçün hərbi dərslərin bərpası arzu ediləndir”.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə