Koronavirusla mübarizənin Azərbaycan nümunəsi

Prezident İlham Əliyev: “Azərbaycanda vəziyyətə uyğun şəkildə atılan addımlar öz səmərəsini verir”

Bu gün koronavirus pandemiyası hələ də davam edir və bu gözə görünməyən bəladan xilas olmaq və ya daha az yoluxmanın, eləcə də insan tələfatının olmaması üçün dövlət başçısı tərəfindən çox ciddi addımlar atılıb, dünya ictimaiyyətinin də diqqətini çəkən tədbirlər reallaşdırılıb. Təbii ki, tədbirlərin daha effektli olması üçün ən əsas şərt karantin rejiminin qaydalarına əməl etməklə, hər bir kəs özü-özlüyündə məsuliyyət hiss etməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyeva bütün görüşlərdə və çıxışlarında bütün vətəndaşları böyük məsuliyyətə və nizam-intizama çağıraraq bildiriblər ki, vətəndaşlarımız karantin rejiminin qaydalarına məsuliyyətlə əməl etməlidirlər. Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır.

Prezident İlham Əliyev: “Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub”

Dövlət başçısı dəfələrlə çıxışlarında bildirib ki, “Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”. Pandemiya başladığı günlə bu günükü nəticələri müqayisə etdikdə bir daha şahid olursan ki, artıq pandemiya ilə mübarizədə cəmiyyətin özü artıq məsuliyyət hiss edir və hakimiyyətin həyata keçirdiyi tədbirləri dəstəkləyir. Çünki birmənalı şəkildə başa düşülməlidir ki, mübarizə üsullarında vətəndaşların da üzərinə ciddi vəzifələr düşür. Bütövlükdə cəmiyyətin gələcəyi baxımından bu, mühüm faktordur. Məsələ ondan ibarətdir ki, istənilən ölkənin iqtidarı həyata keçirdiyi tədbirlərdə o zaman daha çox uğur qazanır ki, ona cəmiyyətdən dəstək gəlsin və vətəndaşlar həyata keçirilən tədbirləri anlayışla qarşılasınlar. Bu da vətəndaş məsuliyyəti məsələsinin yeni pandemiya mərhələsində daha da aktuallaşması anlamına gəlir. Bir sıra hallarda bu məqamı hətta intellektual təbəqə də lazımi dərəcədə qiymətləndirə bilmir. Və ya qərəzli dairələr ondan süni istifadə etməyə çalışır. İnsan azadlığı anlayışını özbaşınalıq kimi, qaydalara əməl etməməyi isə sərbəstlik kimi təqdim etməyə baş vururlar, həmişə başqasını ittiham etməklə öz məsuliyyətini gizlətməyə çalışırlar. Bu cür cəhdlərin bütövlükdə cəmiyyət üçün nə dərəcədə təhlükəli olduğunu başa düşmək çətin deyildir.

Məsələn, polisin nəzakətlə insanlara məsafə saxlamaq və maska taxmaqla bağlı tələbinə “başqa yerdə belə qadağalar yoxdur” kimi münasibət göstərmək şəxsi məsuliyyəti dərk etməmək deməkdir. Çünki polis və ya hər hansı başqa rəsmi orqan pandemiyada tələbləri vətəndaşın sağlamlığı üçün edir. Əgər insan yaranmış vəziyyəti bu cür qiymətləndirə bilmirsə, onun vətəndaş kimi sosial həyatda üzərinə düşən məsuliyyəti tam anlaya bilmədiyi nəticəsini çıxarmaq olar. Deməli, xüsusilə pandemiya ilə mübarizənin ikinci mərhələsində vətəndaş məsuliyyəti faktoru daha çox önəm kəsb edir. Vətəndaşlar tələb olunan tibbi şərtlərə nə qədər çox əməl etsələr, müəyyən olunmuş məhdudiyyətlər çərçivəsində hərəkət etsələr, bir o qədər ümumi nəticə müsbət olar və növbəti mərhələyə keçid sürətlənər. Karantin rejiminin yumşaldılmasında dövlət qurumları ilə yanaşı, hər bir vətəndaşın, istehlakçının mövqeyi və davranışı çox önəmlidir. Əgər qaydalara əməl olunmayacaqsa, pandemiyanın yayılması arta bilər və nəticədə yenidən sərt karantin tədbirlərinin tətbiq edilməsinə gətirib çıxara bilər. Odur ki, hər birimiz qaydalara və meyarlara əməl etməklə karantin müddətinin qısaldılmasına və yoluxma saylarının azalmasına nail ola bilərik.

Elə karantin müddətinin uzadılması da dövlətin öz vətəndaşlarına daha diqqətli olmasının reallığıdır

Pandemiya başlayandan indiyə qədər məhz düşünülmüş siyasət nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Elə karantin müddətinin uzadılması da dövlətin öz vətəndaşlarına daha diqqətli olmasının reallığıdır. Avqustun 31-də Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalın açılışında tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşü zamanı dövlət başçısı karantin pandemiyası dövründə vəziyyətə uyğun şəkildə həyata keçirilən işlərdən danışaraq bildirib ki, qısa müddət ərzində normal həyata qayıdılıb.

Dövlət başçısı çıxışı zamanı onu da vurğulayıb ki, Azərbaycanda vəziyyətə uyğun şəkildə atılan addımların nəticəsində öz səmərəsini verməsinə arxayınlaşmaq olmaz, vətəndaşlarımız məsuliyyətli olmağı unutmamalıdırlar: «Bəzi Avropa ölkələrində xəstələrin sayında kəskin artım bizi düşündürür və bizi addımların daha ehtiyatla atılmasına sövq edir. Çünki bir daha demək istəyirəm ki, birinci dərəcəli məsələ insanların sağlamlığıdır. Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, - mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti, doğrudan da görürük, hiss edirik və bu, real nəticələrdə öz əksini tapır, belə olan halda hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir”.

“Azərbaycanda vəziyyətə uyğun şəkildə atılan addımlar öz səmərəsini verir»,-deyən ölkə Prezidenti, məhz bunun nəticəsidir ki, karantin rejimi öz səmərəsini verir və bunun nəticəsində artıq bir çox şəhərlərdə bütün karantin məhdudiyyəti aradan qaldırılıb: “Ancaq böyük şəhərlərdə bu, qalıb və hamımızdan asılıdır ki, biz daha inamla və daha qısa müddət ərzində əlavə yumşaldıcı addımlar ataq”.

Vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar

Ölkə Prezidenti keçirilən bütün videoformatlı müşavirə və görüşlərində bildirir ki, koronavirusa qarşı mübarizədə vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar. Koronavirus pandemiyasına qarşı mübarizədə qaydalara düzgün əməl olunması günümüzün ən vacib tələblərdən olmalıdır. Çünki sosial məsuliyyət hiss etmədən də əldə olunan nailiyyətə çatmaq olmaz. Xüsusi ilə, fəaliyyətinə icazə verilən iaşə obyektlərinin rəhbər şəxsləri karantin rejimi qaydalarına riayət edilməsinə birbaşa diqqət yetirməli, bu sahədə məsuliyyət hissini artırmalıdırlar: “Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın. Əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır. Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq”.

Doğrudan da, bugünkü məqamda ən önəmli məsələlərdən biri də sosial məsuliyyət məsələsidir. Sirr deyil indiki situasiya təkcə dövlət orqanları qarşısında deyil, hər bir vətəndaş qarşısında ciddi məsuliyyət müəyyənləşdirir. Hamı başa düşməlidir ki, sosial yönündən asılı olmayaraq atılan müvəqqəti və məcburi addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçündür.

“Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır”

Lakin bütün bu uğurları görə bilməyən xalqa düşmən qüvvələr isə həmişə olduğu kimi, bu dəfə də koronavirusdan yararlanmağa başlayıb. Dövlət başçısı koronavirus başlayandan radikal müxalifətin çirkin niyyətinə aydınlıq gətirərək, onları xalqa düşmən qüvvə adlandıraraq koronavirusdan yararlandıqlarını, «göydəndüşmə bir hədiyyə» olduğunu da deyib: “Bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir. Biz bu tarixi yaddan çıxarmamışıq…Koronavirus bunlar üçün sanki, göydəndüşmə bir hədiyyədir. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır”.

“Qanun hər kəs üçün qanundur, heç kim qanundan üstün ola bilməz”

Dövlət başçısı avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalın açılışında tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşündə çıxışı zamanı bildirib ki, hər bir kəs verilən tapşırıqlara məsuliyyətlə əməl etmədiyi halda cəza tədbirləri tətbiq olunacaq: “Əfsuslar olsun ki, bu gün hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları vardır. Belə hallar aşkarlananda, təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriya insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar. Digər tərəfdən, qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.

Bir sözlə, dövlət başçısının koronavirusla bağlı ardıcıl addımların atılmasında məqsəd Azərbaycan xalqının sağlamlığı olduğunu bildirib: “Bizim bu sahədə görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir. Bir daha demək istəyirəm ki, mən minlərlə elektron məktub alıram. Bu məktublarda görülən işlərə görə minnətdarlıq ifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır. Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq”. İnşallah, dövlət başçımızın dndiyi kimi: “Əminəm, birgə səylər nəticəsində bundan sonra da dövlətin qətiyyətli və düşünülmüş, ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez zamanda normal, adi həyata qayıdaq”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...