Yaxud “qapısı” çırpınan ölü qurumun seriallarından…

Əslində ümidi “ölmüşlər”in toplaşdığı “Milli Şura”dakılar özlərini ha ora-bura vursalar da sonda bir şey əldə edə bilməyəcəklərini ilk öncədən bilirdilər. Bunu elə bu qurumun sözdə “fəxri sədri” hesab olunan, lakin ora ilə bütün əlaqələrini pozan kinodramaturq Rüstəm İbrahimbəyov özü deyirdi: “Hələ “Milli Şura”nı yaradanda bildirdim ki, bu birləşmədə bir sünilik var, yəni “Milli Şura”" amorf bir qurumdur".

O zaman adamdan soruşarlar ki, ay “sədr” niyə bu dediyin süni qurumda təmsil olundun, daha dəqiq desək, “sədrlik” etdin”?. Cavab bəllidir. Çünki “prezident seçildim” iddiası ilə buna razılıq vermişdin. Ancaq bu dövləti, Vətəni satanların istəyi ilə olmur. Xalqın Prezidenti olmaq xalqın seçimidir. Bu gün xalq öz seçimini çoxdan edib, sizin kimiləri isə 2003-cü ildən tarixin naftalan iyi vermiş arxivinə atıbdır. Bu gün həmin amorf qurumda olanlar bunu bilir və görünür ona görə də hansı oyunlar desən oradan çıxırlar. Dünyanı ağuşuna alan pandemiya başlayandan bu günə kimi "mitinq, mitinq" deyə-deyə özünüz deyib, özünüz də eşidirsiniz. Abırsızlıq bu qədər də olmaz. Kimi mitinqə çağırırsınız. Axı dedim ki, xalq sizi tarixin arxivinə atıb. İndi “zoom iclaslar” keçirməklə “bəlkə baş tutdu” xəyalınıza çatacağınıza ümid edirsiniz?. Bax, buna deyərlər anlamazlıq!. Çünki anlamaq üçün “baş” lazımdır, o da sizdə yox. Nə isə… Keçək mətləbə..

Siyasi mübarizəni söyüş və təhqirdə görənlər

Bu gün bu uçurumu anlamayanlar “Milli Şura”, “AXH” adlı təşkilatların ortaya atılaraq növbəti dəfə xalq tərəfindən qəbul olunmamaları və bütün bunları qulaqardına vuraraq Azərbaycan əleyhinə fəaliyyət göstərən xarici dairələrlə iş birliyi apararaq, müəyyən qrantlar qarşılığında sifarişlər qəbul etməkdən usanmırlar. Yarandığı dövrdən daxilində çaxnaşmalar, qarşıdurma və ziddiyyətlər yaşayan və əsasən, xarici dairələrdən təlimatlar alaraq, AXCP sədri Əli Kərimlinin dirijor çubuğu ilə idarə olunan “Milli Şura” hazırkı dövrə qədər dəfələrlə istefalara məruz qalıb. Buna olan ilk səbəb isə, əlbəttə ki, AXCP-nin bu qurumu öz maraqlarının girovuna çevirməsi olub. Dəfələrlə, “Milli Şura”nın çırpılan qapısını çöldən və sərt şəkildə çırpıb-gedənlər açıblar “düyün dağarcığın”. Maraqlısı da budur ki, istefa verənlər demək olar ki, eyni ittihamlarını səsləndirirlər. “Milli Şura”da yaranan böhranlı əziyyətə görə, AXCP-nin məsuliyyət daşıdığını bildirən narazılar qurumda dominantlıq iddiasının, başqalarının maraqlarına qarşı addımın atılmasının bu birliyin missiyasını dağıtdığını bəyan edirlər.

Son olaraq, günlər öncə “Milli Şura”dan istefa verərək, səs-küy yaradan «tanınmış yazıçı, rejissor” Eldəniz Quliyev müsahibəsində gedişi barədə danışarkən “Mili Şura”nın Ə.Kərimlinin “dirijor” çubuğu ilə idarə olunan Cəmil Həsənlinin ortada bir bambılı kimi oynadılan qoca özünə “qiymət” verməyi, bundan sonra da verməyəcək də: “Burada qeybət, böhtan, tərbiyəsizlikdir. Əli Kərimlidən ancaq söyüş eşitmək olar. Az qala canım hesabına körpü yaratmağa çalışırdım. Üzərimdən gəlib keçirdilər – təhqirləri, ittihamları qəbul etməli olurdum, düşünürdüm, bu adamları səhv yoldan çəkindirə bilərəm, gedib uçuruma düşməsinlər deyə, özümü fəda edirdim. “Milli Şura”nın mənə qarşı belə münasibət sərgiləməsi ikiqat ağırdır. Cəmil Həsənlini Amerkaya göndərən Əli Kərimlinin «pultu» ilə idarə olunur və məqsədli şəkildə”.

Namizəd Səfərov: “Milli Şura”nın “vidiokonfransları” təlxəklikdir”

Hüquqşünas Namizəd Səfərov da E.Quliyevin ardınca qeybətxana yuvası olan «Milli şura»dan istefa verərək bildirib ki, internetdə yayılan “vidiokonfranslar” ancaq təlxəklikdir: “Onsuz da “Milli Şura”nın nüfuzu yox idi. Olmayan nüfuzuna başqaları tərəfindən deyil, özümüz tərəfindən xələl yetirilib. Bir daha qeyd edim ki, baş verənlərlə bağlı dərin təəssüf hissi keçirirəm. Buna görə, həm özüm, həm də bəzi dostlarım tərəfindən siyasi opponentlərimizin ünvanına işlədilmiş yolverilməz tərbiyəsiz ifadələrə görə hamıdan üzr istəmək məcburiyyətində qalıram. Özü də, Cəmil Həsənli-Gültəkin Hacıbəyli tərəfindən işlədilən tərbiyəsiz, əxlaqsız sözlərə görə üzr istəyirəm”.

O qeyd edib ki, bütün bunları nəzərə alaraq, yaranmış vəziyyətdə fəaliyyətinin “Milli Şura” tərkibində davam etdirilməsini qeyri-mümkün hesab edərək, istefa verir.

Gültəkin Hacıbəyli ilə Cəmil Həsənli əsl üzlərini göstərdilər

“Milli Şura”nın keçirilən "iclasında" Gültəkin və Cəmil Həsənli Azərbaycan xalqı, Azərbaycan dövlətini tənqid edərək bir daha bu xalqın düşməni olduqlarını sübut etdilər. Gültəkin Hacıbəyli “Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin”, deyə bildirir. Cəmil Həsənli isə “Bu son hədd deyil də, yoxsa təbrik edərdim, gözləyək axıracan düşsün sonra təbrik edərəm” deyə vurğulayır.

Neftin qiymətinin düşməsinə sevinənlər bir şeyi unudurlar ki, neftin qiymətinin düşməsi, gəlirlərin azalması xalqımızın hər bir vətəndaşına ziyandır. Azərbaycan xalqının gəlirlərinin azalmasına yalnız xalqın düşmənləri sevinə bilər – ermənilər, bir də Gültəkin Hacıbəyli və Cəmil Həsənli. Bu xəbəri eşitdikdən sonra onların sevinci, qəhqəhə çəkib gülməsi Azərbaycan xalqına olan nifrətinin bariz göstəricisidir.

Göründüyü kimi, bunların bir adı var – düşmən ! Gərək nə qədər xain olasan ki, öz xalqının qazancının azalmasına belə ürəkdən sevinəsən. Niyə bu torpaq sizi götürür?

İqbal Ağazadə: “Əslində, “Milli Şura” deyilən təşkilat yoxdur”

“Milli Şura mənim üçün maraqlı olmadığına görə, orda gedən prosesləri daimi izləmirəm”. Bunu “Ümid” Partiyasının sədri İqbal Ağazadə deyib.

İ.Ağazadə bunu onunla əsaslandırıb ki, “Milli Şura”nın proseslərə təsir etmək və nüfuz imkanları cəmiyyətin bütün təbəqələrini əhatə etmir: “Ona görə də bu qurumla bağlı baş verənlər cəmiyyət üçün o qədər də maraqlı deyil. İstənilən halda, eşitdiklərim və informasiya kanallarından izlədiklərim onu deməyə əsas verir ki, heç bir halda hüquqi dövlət anlayışından kənara çıxmaq və hüquq dövlətindən kənar münasibətlər sistemi yaratmaq, insanları aşağılamaq doğru deyil. Bu, əslində, çox böyük yanlışlıqdır”.

O qeyd edib ki, “Milli Şura”nın buraxılması heç nəyi dəyişməz: “Milli Şura” yox bir qurumdur, varlığı ilə yoxluğu siyasətdə heç nəyi dəyişməyəcək. Əslində, “Milli Şura” deyilən təşkilat yoxdur. Mən bu gün “Ümid” Partiyasının yanında “Beynəlxalq Şura” adlı qurum yaradıb, öz üzvlərimi də ora transfer edə bilərəm. Amma bu heç nəyi dəyişməyəcək”. “!Milli Şura”nın onlayn toplantılarından birinin yayılan videosu aləmi bir-birinə qatdı. Qurum rəhbərliyi həmin kadrlarda qeyri-etik ifadələrə yol verməklə, hər kəsi aşağıladı. Sədr Cəmil Həsənli hakimiyyətlə dialoqa gedənlərə “tryapka” deməsi, aləmi bir-birinə qatdı.

Xəzər Teyyublu: “Siyasətdə söyüş acizlik əlamətidir”

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu siyasətdə söyüş acizlik əlamətidir, zəiflikdir, dedi: «Siyasətçinin gücü doğru-düzgün, bərabər sürətlə yürümək, fəaliyyətində ümum vətəndaş, ümumxalq koloritlərini cəmləyib tutduğu, hesabladığı hədəfə çatıb ideyalarını reallaşdırmaqdır. Kimsəni aşağılamamaq, üzərinə atılan daşları toparlayıb getdiyin yolun sevgisinə digərlərini də qatmaq kimi bacarıq nümayişi olmalıdır. Söyüş özündə jarqon ifadələr ehtiva edir deyə ciddi adamlar daha çox sarkazmlardan istifadə edərək fiqurlarını ictimaiyyətə daha asan çatdırır, nəinki söyüşlərlə. Bir də Cəmil həsənlisi olsun və yaxud da orda olanların hamısı elə öz sifətlərini göstərirlər və bu onların özlərinə aiddir».

Əli Orucov: “Söyüş söyən, təhqir edən siyasətçi...”

AMİP katibi Əli Orucov istənilən halda bunun yolverilməz hal olduğunu söylədi: “Məncə, siyasət həm də əxlaq və etika deməkdir.Ancaq «Milli Şura»dakıların heç biri nə siyasətçidir, nə də əxlaqlı. Siyasətçi bütün üstün parametrlərə görə cəmiyyətdə etalon olmalıdır. Hansı siyasətçi ki, söyüş və təhqir ritorikasından istifadə edir, yaxud kimisi aşağılayırsa, demək, həmin siyasətçinin cəmiyyətə deməyə sözü, göstərməyə də üzü yoxdur, tükənibdir, psixoloji durumu və əsəbləri də yerində deyil. Siyasətdə ilk növbədə əxlaqi və milli dəyərlər qorunmalı, etik normalar gözlənilməlidir. Hətta ən nifrət edilən şəxsə də bu dildə danışmaq düzgün deyil. Söyüş söyən, təhqir edən siyasətçi, yaxud da kim olur-olsun özü də eyni cavabı almağı və bunu həzm etməyə məcbur olmağı göz önünə almalıdır. Təəssüf ki, siyası cameəmizdə belələri var. Hətta bəziləri trollar dəstəsi və söyüş makinası saxlayır. Söyüşün və təhqirin sonu ya qarşıdurmaya, ya da dava-dalaşa, düşmənçiliyə gətirib çıxarır ki, buna da qətiyyən yol vermək olmaz. Siyasətçi məsuliyyətli olmalıdır və işlətdiyi hər bir ifadənin, cümlənin çəkisini, dəyərini, hətta məsuliyyətini bilməlidir. Azərbaycanda siyasi maariflənmə və siyasi mübarizə ənənələri gec-tez tam formalaşacaq, o zaman belələrinə yer qalmayacaq".

Müxalifətdən Cəmil Həsənliyə “siyasi təlxək” cavabı

ADP sədr Sərdar Cəlaloğlu hakimiyyətlə dialoqa gedən müxalifət partiyalarını “tryapka” adlandırmaq “tryapka”lıqdan da betərdir: “Hakimiyyətlə dialoqda iştirak cındırlıq deyil. Bizi cındır adlandırırsa, görün onun özü nədir. ”Tryapka" adı belə birisi üçün çoxdur. O, cındırdan da aşağı səviyyəli hərəkət edib. “Tryapkalılığın” nümunəsini Cəmil Həsənli son 20 ildə dəfələrlə ortaya qoyub. Bu adam iki dəfə hakimiyyətdən deputat mandatı payı alıb. Sonra ona mandat verənlərə də xəyanət edib. Korrupsioner olması məhkəmə qərarı ilə sübuta yetirilən adamların müdafiəçisi olub. Cəmil Həsənli həmişə oyunlarda iştirak edib, təlxəklik edib və həmişə də şəxsi mənfəətini güdüb. Dəfələrlə satqınlıq edib. Eləmədiyi qələt qalmayıb. Buna görə utanıb yerə girmir. Adını da alim qoyub. Bu adam heç vaxt əslində siyasətçi olmayıb və indi də siyasətçi deyil. O, neçə ildir siyasətdə, sadəcə, təlxək rolunu oynayır. Elmli alimdir, lakin siyasətçi deyil. Çünki o cür siyasətçi olmur. İstənilən müxalifət partiyası həmin təhqirə görə Cəmil Həsənliyə qarşı hüquqi dava aça bilər. Biz, sadəcə, məsələni bu müstəviyə çəkmək istəmirik. Biz onun Azərbaycanın tarixini öyrənmək baxımından xidmətlərini nəzərə alıb güzəşt edirik. Gültəkin Hacıbəylinin Cəmil Həsənliyə züy tutmasına gəlincə, Gültəkinin hansı prinsiplərlə deputat olduğunu Azərbaycanda hamı bilir. Görünür, o özü yaxşı bilir “tryapkalıq” nə deməkdir. Mən şəxsən bilmirəm insan necə “tryapka” ola bilər. Amma o, “tryapka” nə olduğunu bilir. Başına gəlib axı”.

Və sonda bir daha demək istərdim ki, xalqının, millətinin, vətəndaşının və dövlətinin güzəranının pisləşməsinə sevinənlərin, ondan öz məqsədləri, öz təbliğatları üçün istifadə edənlərin bir adı ola bilər - Xalq düşmənləri!!! Və bu satqınlar bilməlidirlər gec-tez xalqın qarşısında ən ağır cəzəlarını alacaqlar, özü də bağışlanılmayan cəzalarını!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə