"Dövlətin atdığı addımlar qiymətləndirilməlidir" - MÖVQE ÖZƏL

"Pandemiya ilk başladığı vaxtlarda onun idarə olunması üçün bir təcrübə yox idi. Ona görə də, mümkün olan və xaotik addımlar atılırdı. Amma həmin dövrdən kifayət qədər vaxt keçib. 6-7 aydır ki, dünya pandemiya şərtləri ilə yaşayır. Bu məsələdə nəyi necə etməklə bağlı müəyyən təcrübələr ortaya çıxıb. Ortada hər iki tərəfə - həm yaxşı, həm də pisə doğru praktika var. İlk əvvəl mart ayından may ayının əvvəllərinə qədər sərt karantin rejimi oldu. Həmin zaman kəsiyində Azərbaycanda virusa yoluxma sayı ən aşağı səviyyədə idi. Amma təbii ki, insanları mütəmadi evdə saxlamaq olmaz. İnsanlar işə çıxmalı, istirahətə getməli və s. işlərlə məşğul olmalıdır". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, may ayında karantin rejiminin qaydalarında ilkin yumşalmalar oldu: "Lakin bundan sonra Azərbaycanda virusa yoluxma sayı çoxaldı. Bunun da yeganə səbəbi ondan ibarət idi ki, insanlar karantin qaydalarının yumşaldılmasını pandemiyanın bitməsi kimi başa düşdülər və lazımı şərtlərə heç bir halda əməl etmədilər. Hazırda vəziyyət nəzarət altına alınır və dövlət tənzimləyici addımlar atır. Karantin şərtlərində yumşalmalar aparılır. Amma yenə də virusla mübarizədə müsbət tempi qoruyub saxlamaq insanların özündən asılıdır. Yəni, insanlar bilməlidirlər ki, pandemiya hələ başa çatmayıb və hər an yeni dalğalar başlaya bilər. Ona görə də, dövlət insanların həyatının normallaşdırılması üçün zəruri addımlar atırsa, gərək bunu da insanlar qiymətləndirsin".

M.Ələsgərli vurğulayıb ki, hazırda yoluxmanı nəzarətdə saxlamaq üçün ən yaxşı vasitə insanların karantin şərtlərinə əməl etməsidir: "Qarşımızda aydın bir düstur var. İnsanlar məsuliyyətli davranaraq sosial məsafəni gözləyib, maskalardan düzgün qaydada istifadə edəcəksə, təbii ki, yoluxmanı nəzarətdə saxlamaq və ən aşağı həddə salmaq mümkün olacaq. Yox əgər əvvəl təcrübə etdiyimiz kimi insanlar karantin qaydalarının yumşaldılmasını pandemiyanın bitməsi kimi qəbul edəcəksə, təbii ki, yoluxma yenidən artacaq. Bununla da dövlət yenidən sərt addımlar atmaq məcburiyyətində qalacaq. Ona görə də seçim insanların öz əlindədir. Hər kəs öz məsuliyyətini dərk etməklə həm özlərinin, həm də dövlətin bu bəladan asanlıqla çıxmağını təmin edə bilər".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə