"Əməyin Təhlükəsizliyi və Sağlamlığının idarə edilməsi sistemi: fasiləsiz təkmilləşdirmə yolları" mövzusunda beynəlxalq konfrans keçirilir-YENİLƏNİB

"Əməyin Təhlükəsizliyi və Sağlamlığının idarə edilməsi sistemi: fasiləsiz təkmilləşdirmə yolları" mövzusunda beynəlxalq konfrans keçirilir-YENİLƏNİB
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Əməyin Təhlükəsizliyi və Sağlamlığının idarə edilməsi sistemi: fasiləsiz təkmilləşdirmə yolları" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, Ümumdünya Əməyin Mühafizəsi gününə həsr olunan konfrans Beynəlxalq Əmək Təşkilatı və Dünya Bankının Sosial Müdafiəsinin İnkişafi layihəsinin dəstəyi ilə təşkil olunub. Konfransda Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) yaradılması, Azərbaycanda əməyin təftişi işinin təkmilləşdirilməsi istiqamətində Dünya Bankının layihəsinin müvafiq komponentləri üzrə Avropa İttifaqına üzv dövlətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsi, Avropa İttifaqının maliyyələşdirdiyi DƏMX-in əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyan Tvininq layihəsinin başlaması və 26 aprel - 26 may tarixlərində əməyin mühafizəsi aylığının keçirilməsinə həsr olunub.

Tədbirdə çıxış edən nazir Füzuli Ələkbərov bildirib ki, ölkədə vətəndaşların əmək hüquqlarının qorunması istiqamətində mühüm işlər görülür. Onun sözlərinə görə, iş yerlərində dözülməz əmək şəraiti vətəndaşların hüquqlarının pozulmasına, keyfiyyətin aşağı düşməsinə səbəb olur: "Hər il dünyada iş prosesi zamanı 339 milyon bədbəxt hadisə baş verir, 160 milyon peşə xəstəliyi yaranır, 2 milyon 300 min insan isə istehsalatda həlak olur. Bununla da dünya iqtisadiyyatı 1,5 trilyon dollar həcmində itkiyə məruz qalır. Ancaq Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sosial iqtisadi siyasət bugün onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində 2009-2010-cu illərdə ÜDM 9,3% və 5% artıb. Hər il ölkədən yeni iş yerləri açılır ki, bu da minlərlə insanın işlə təmin olunması deməkədir. Bütün bunların nəticəsində ölkədə işsizliyin səviyyəsi 6%, yoxsulluğun səviyyəsi isə 9% kimi aşağı düşüb".

Tədbirin davamında çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia ittifaqın Azərbaycanla müxtəlif sahələr üzrə əməkdaşlıq etdiyini deyib. O bildirib ki, Aİ Azərbaycanla artıq bu əməkdaşlığın həcmini son illər ərzində 2 dəfə artırıb. Avropa İttifaqın "Əməyin mühafizəsi üzrə DƏMX-ə dəstək" Tvininq layihəsini həyata keçirməklə Azərbaycanla yeni əməkdaşlığa qədəm qoyduğunu deyən R.Kobianın sözlərinə görə, bu layihə 18 ay müddətində icra olunacaq. O vurğulayıb ki, Almaniyanın Federal Əmək və Sosial İşlər Nazirliyi ilə Gessen federal torpağının Əmək, Ailə və Səhiyyə Nazirliyi tərəfindən reallaşdırılacaq layihə Dövlət Əmək Müfəttişliyinin potensialının möhkəmləndirilməsinə təsir edəcək. O, Azərbaycanın bu layihədən yüksək nəticələr əldə edə biləcəyinə ümid etdiyini söyləyib.

Konfransın sonunda ƏƏSMN-in sifarişi ilə hazırlanmış təhlükəsiz əmək şəraitinin təbliği mövzusunda video-rolik tədbir iştirakçılarının diqqətinə təqdim olunub. Qeyd edək ki, bu konfrans 28 aprel tarixində əməyin mühafizəsi sahəsində Azərbaycanda vəziyyət, iri və kiçik şirkətlərdə əməyin mühafizəsinin idarəetmə sistemlərinin tətbiqi qaydaları, işəgötürmə zamanı riayət edilməsi vacib olan hüquqi prosedurlar kimi mühüm məsələlərin müzakirəsi ilə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə