Kənd təsərrüfatı sahəsində əsas problemlər nədən ibarətdir? ÖZƏL - AÇIQLAMA

"Kənd təsərrüfatı sahəsində obyektiv səbəblər də Azərbaycanda aqrar sektorun inkişafının qarşısını alır ki, bura şoranlaşmış torpaq problemi aiddir. Başqa bir problem isə su və suvarma problemidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli kənd təsərrüfatı sahəsində çatışmayan cəhətlərdən və bir sıra obyektiv səbəblərdən yaranan problemlərdən danışarkən deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatında subsidiyalaşmada 2 ilə yaxındır ki, irəliləyiş var və sistem olaraq dəyişikliklərə uğrayıb:

"Əvvəllər icra strukturları və yerli icra hakimiyyətləri vasitəsilə subsidiyaların ayrılması və bölüşdürülməsi praktikası var idi və bu qeyri-effektiv idi. Hətta müəyyən neqativ hallara və korrupsiya hallarına da yol açırdı. Kənd Təsərrüfatı Nazirliyinin bununla bağlı ayrıca bir proqramı var. Fermerlərə bank hesabları açılır və vəsait kartlara köçürülürdü. Bu kartlara köçürülmə subsidiya siyasətini müəyyən dərəcədə irəli aparmağa səbəb olmuşdu. Lakin stimullaşdırılma üçün bu da yetərli deyil. Dünya praktikasına baxdıqda aqrar sahəyə subsidiyaların verilməsi son məhsulun kəmiyyətinə və keyfiyyətinə görə dəyərləndirmə praktikası mövcuddur. Stimullaşdırılma kimi bu addımı da atırlar ki, fermerlərin daha çox keyfiyyətli məhsul istehsal etməyə marağı olsun. Məncə bizdə də subsidiyalaşmada ilkin mərhələdə müəyyən irəliləyiş var, lakin, lazımdır ki, daha çox kəmiyyət və keyfiyyət göstəricisinə görə subsidiyaların ayrılması taktikası avtomatlaşsın. Bu da müəyyən dərəcədə həmin şəxslərə, fermerlərə kifayət qədər stimul yaradacaq ki, onlar daha keyfiyyətli və daha çox məhsul istehsal etsinlər. Belə bir praktikanın tətbiq edilməsi vacibdir".

Kənd təsərrüfatı sahəsində obyektiv səbəblərin də Azərbaycanda aqrar sektorun inkişafının qarşısını aldığını bildirən Natiq Cəfərli vurğulayıb ki, bura şoranlaşmış torpaq problemi aiddir, hansı ki, uzun illər bu problemlə bağlı ciddi işlər görülməyib:

"Çünki, çox böyük vəsait tələb olunur. Yararlı torpaqların böyük bir qismi, az qala üçdə birinə yaxını şoranlaşmış torpaqlardır. Başqa bir problem isə su və suvarma problemidir. Bir çox sahələrdə, rayonlarda, regionlarda fermerlərin ən çox giləyləndiyi məsələ, məhz, suvarma məsələsidir. Suvarma və su problemi həll olunmasa kəmiyyət və keyfiyyət, məhsuldarlıq məsələlərində kifayət qədər axsamalar olacaq. Azərbaycanda, məhz, bunlardan doğan problemlərə görə məhsuldarlıq çox aşağıdır. Hətta, qonşu ölkələrlə müqayisədə həddindən artıq aşağı səviyyədədir ki, istər dənli bitkilər olsun, istər tərəvəzçilik olsun, məhsuldarlıqla bağlı ciddi problemlər var. Ona görə də müasir texnologiyalardan istifadə etməklə, suvarma sistemlərinin yenidən qurulması ilə daha çox bu problemə vəsait ayırmaqla və şoranlaşmış torpaqların təmizlənməsi ilə bağlı böyük bir proqramın qəbul edilməsi ilə aqrar sektorda məhsuldarlığın artması ilə paralel istehsalın həcmini artırmaq mümkündür".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə