"Kreditləri olan şəxslərə sosial yardımın təyin edilməsi mütərəqqi addımdır" ÖZƏL - AÇIQLAMA

"Kreditləri olan şəxslərə sosial yardımın təyin edilməsi mütərəqqi addımdır" ÖZƏL - AÇIQLAMA

"Kreditləri olan imkansız şəxslərə, aliment verən və aliment alan şəxslərə ünvanlı sosial yardım almaq hüququnun tanınması olduqca mütərəqqi və humanist addımdır. Çünki, vətəndaşlarımızın bir qismi hansısa problem, çətinlik üzündən ağır şərtlərlə bank kreditləri götürməyə məcbur olurlar". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü olan deputatı Kamilə Əliyeva deyib.

O, Parlamentdə müzakirə olunan sosial məsələlərdən danışarkən bildirib ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna təklif olunan dəyişikliklər layihəsi hər birimizin ürəyindəndir, çünki, bu məsələ zaman-zaman gündəmə gəlir, gətirilir, insanlardan, vətəndaşlardan bununla bağlı tez-tez müraciətlər daxil olur, bir çoxları bu yardımdan kənarda qalmalarından şikayətlənirlər:

"Təbii ki, haqlı olanları da var, olmayanları da. Odur ki, ölkə Prezidentinin imzası ilə Parlamentə daxil olan, komitə müzakirələrindən keçirilən, plenar iclasda birinci oxunuşda qəbul olunan adıçəkilən qanuna edilməsi nəzərdə tutulan dəyişiklikləri özündə ehtiva edən qanun layihəsini digər həmkarlarım kimi, mən də dəstəkləyir, mən də müsbət hesab edirəm. Xüsusilə də, kreditləri olan imkansız şəxslərə, aliment verən və aliment alan şəxslərə ünvanlı sosial yardım almaq hüququnun tanınması olduqca mütərəqqi və humanist addımdır. Çünki, vətəndaşlarımızın bir qismi hansısa problem, çətinlik üzündən ağır şərtlərlə bank kreditləri götürməyə məcbur olurlar. Onların gəlirləri olan şəxslər kimi nəzərə alınması və ünvanlı sosial yardım almaq hüququndan məhrum edilməsi bir sıra narazılıqlara gətirib çıxarırdı".

Kamilə Əliyeva əlavə edib ki, indi həmin şəxslərə də belə bir hüququn tanınması ölkədə aparlan sosial islahatların, Azərbaycan vətəndaşlarının sosial təminatı, güzəranı naminə atılan addımların bir tərkib hissəsidir və alqışlanmalıdır:

"Eyni zamanda, gəlirlərlə bağlı məlumatların verilmə müddətinin 15 günə qaldırılması çox mühüm addımdır. Bütün bunlar bir daha qeyd edirəm ki, Azərbaycan dövlətinin, dövlət rəhbərinin Azərbaycan vətəndaşının yanında olmasının, onun naminə çalışmasının əyani və bariz nümunəsidir. Azərbaycan dövləti, dövlət başçısı hər zaman öz vətəndaşının yanında olub, bu gün də yanındadır, son iki-üç ayın yaşananları bir daha bunu hər kəsə əyani şəkildə göstərdi, sabah da yanında olacaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə