"Dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Kamilə Əliyeva ölkədə özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətlənməsi ilə bağlı danışarkən deyib.
Millət vəkili bildirib ki, pandemiyadan zərər çəkmiş müəssisələrə və fərdi, o cümlədən mikrosahibkarlara dövlətin maliyyə dəstəyinin çatdırılması prosesi uğurla gedir, proses onlayn keçirilir:
"İzahedici videoçarxlar, "Qaynar xətt" fəaliyyət göstərir. Son rəqəmlər də bundan ibarətdir ki, artıq 11 min 567 vergiödəyicisinə - toplam sayda 123 min 343 nəfər muzdlu işçisi olan müəssisələrə və 22 min 949 fərdi sahibkara Maliyyə Nazirliyi və agent banklar vasitəsilə maliyyə dəstəyi göstərilib. Həmçinin, ölkə başçısının tapşırığına uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb və bütün dövlət qurumları ilə razılaşdırılıb. Belə ki, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub. Burada da əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50 faiz, yəni, 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və digər tədbirlər nəzərdə tutulur.
İkincisi, mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni, 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergiödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi.
Nəhayət, üçüncü istiqamət, bütün sahibkarlıq subyektlərinə şamil edilməsi proqnozlaşdırılır və 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bu vergi güzəştləri təqdim edilir: Epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergiödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınmadan gəlirlərdən çıxarılması, həmçinin əhalinin bir sıra ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və siyahısı, ölkə Prezidenti tərəfindən təsdiq olunan bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsi. Bunlar hamısı inqilabi addımlardır".
Bunlar hamısını Azərbaycan xalqı, onun sağlamlığı, Azərbaycan iqtisadiyyatının inkişafı naminə görülən müstəsna xidmətlər kimi dəyərləndirən Kamilə Əliyeva əlavə edib ki, ölkə Prezidentinin İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirləri ilə son videobağlantı formasında iclasında da səsləndirdiyi kimi, insanların sağlamlığı, həyatı hər şeydən üstündür:
"Nə qədər lazımdır, dözməliyik. Onu da bildirməliyəm ki, insanların vəziyyətini yaxşılaşdırmaq üçün çox böyük sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilirdi, ondan sonra 2,5 milyard manat həcmində dəyərləndirildi"-deyə, fikirlərini ifadə edən dövlət başçısı eyni zamanda, qeyd etdi ki, onun verdiyi son tapşırıqlar nəticəsində həyata keçirilən növbəti iqtisadi paket 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək. Daha sonra "Nə qədər lazımdır, biz bunu edəcəyik. Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun"-deyə, bəyan edən dövlət başçısı Azərbaycanın bu sınaqdan, bu imtahandan da üzüağ çıxacağını əminliklə və qətiyyətliliklə vurğuladı. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaq. Hesab edirəm ki, bunlar hamısı Azərbaycan insanına, Azərbaycan vətəndaşına verilən ən yüksək və ən böyük dəyər, qiymətdir. Azərbaycan Prezidenti, Azərbaycan dövləti bununla bir daha göstərir və göstərdi ki, hər şeydən öndə, ucada Azərbaycan insanı, Azərbaycan vətəndaşı gəlir. Bu, həm də dövlət-xalq, iqtidar-xalq həmrəyli, birgəliyi, vahidliydir. Bu birgəlik, bu həmrəylk, bu vahidlik bütün qələbələrimizin, uğurlarımızın rəhnidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB