Asif Usubəliyev - siyasi elmlər üzrə fəlsəfə doktoru

Koronovirus ətrafında yaranmış obyektiv təşviş və sosial narahatlıqla əlaqəli fikirləri mütaliə edərək qlobal strategiyaya tərəf yönəldsək, bizə aydın olacaqdır ki, əslində müasir cəmiyyət keçid dövrünün növbəti mərhələsini yaşayır. Siyasi, iqtisadi, sosial və mədəni formasiyalar son onilliklərdə dayanmadan dəyişikliklərə məruz qalır. Bəzən də yanlış təsəvvürlər sayəsində hesab olunurdu ki, sanki, dünyada liberal təfəkkür üstünlüyə malikdir. Əslində tarix göstərdi ki, bu hal əksinə dünyamızı yalnız yeni qaçılmaz məhdudiyyətlərə gətirdi. İnsan övladının düzənsiz dünyaya hələdə hazır olmadığını isbat edən mənzərələrin dəfələrlə şahidi olduq. Üstəgəl ötən əsrin səksəninci illərindən etibarən bir-birini əvəz edən fərqli xüsusiyyətlərə malik olan və intensiv şəkildə cərəyan edən keçid mərhələlərini yaşamaq məcburiyyətində olmuşuq. Hər bir mərhələ isə öz növbəsində yeni sosial reallıq yaradaraq fərqli mahiyyətli və həyəcanlı prosesləri bizə yaşadıb.

Qlobal geosiyasətin dəyişən ssenariləri, beynəlxalq münasibətlər sisteminin aparıcı aktorlarının milli maraqları, ikiqütblü və çoxqütblü dünya quruluşu arasında olan mübahisələr, müharibələr, münaqişələr, iqtisadi böhranlar, dünyada enerji resurslarının məhdudluğu, ekoloji kataklizmalar, təhsil sistemlərinin ünvansız transformasiyası prosesləri, beynəlxalq birjaların qiymət manipulyasiyaları, beynəlxalq münasibətlər sistemində etibarsızlıq mühitinin yaranmasına səbəb olan ikili siyasət prinsiplərinin kütləvi tətbiqi, miqrasiya prosesləri nəticəsində multikulturalizm dəyərlərinin böhranı, birmənalı qiymətləndirilməyən qloballaşma prosesləri, fobiya və dözümsüzlük təzahürləri, yönəldilən və idarə olunan radikal cərəyanlar, humanitar dəyərlərin transformasiyası, habelə bir çox digər şahid olduğumuz siyasi, sosial, iqtisadi və mədəni təzahürlər davamlı dəyişikliklərin səbəbidir. Altından xətt çəkərək vurğulamaq lazımdır ki, bu proseslər təkcə dövlətlərin idarəetmə quruluşunu dəyişdirmir, onlar eyni zamanda ictimai münasibətlərin formatını və bilavasitə insanı dəyişdirir.

Bəzən cəmiyyət və konkret sahələr yeridilən dəyişiklərə adaptasiya olmadan artıq tamamilə fərqli alqoritmə malik yeni siyasi və iqtisadi reallıqla qarşılaşır. Bu cür hallarda dövlət müdaxilə edərək müxtəlif inzibati resurs və siyasi-iqtisadi "inyeksiyalar" istifadə etməklə vəziyyətin tənzimlənməsinə müvəffəq olur, yəni cərəyan edən hadisələri idarəolunan proseslərə çevirir. İdarə olunmayan proseslər isə tamamilə yeni sosial-siyasi reallıq yaradaraq cəmiyyəti olduqca ağrılı seçim qarşısında qoya bilir.

Burada müasir cəmiyyətlər kontekstində paradoksal bir sosial-siyasi təzahürü qeyd etmək istərdim. Belə ki, dünyada müşahidə olunan sürətli texnoloji inkişafı nəzərə alaraq, təqribən 25-30 ildir ki, elmi və siyasi ədəbiyyatda müasir dövr "informasiya əsri" kimi adlandırılır. Daha sonra bu cür şərti adlandırılmış əsr kontekstində siyasi münasibətlərin əsas düsturu da müəyyən olundu: "kim informasiyaya sahiblik edirsə, elə o da vəziyyəti idarə edir", yəni informasiya siyasi hakimiyyətin mənsubiyyətini müəyyən edir. Bildirməliyəm ki, bu haqda, xüsusilə Qərb siyasi elmində kifayət qədər çoxlu sayda nəzəriyyələr mövcuddur. Əslində dünya dövlətlərinin siyasi təcrübəsi sözügedən düsturun işlək olduğunu isbat etmişdir. Müəyyən mənada, o cümlədən elə bu səbəbdən son 20-25 il ərzində biz müxtəlif informasiya mənbələrin sayının surətli artmasının şahidi olmuşuq. Sözsüz ki, təkcə informasiya-kommunikasiya texnologiyalarının dəstəyi ilə məsələ məhdudlaşmadı, burada "söz azadlığı" kimi demokratik prinsip və şüarların da töhfəsi var.

Etiraf etməliyik ki, sözügedən nəzəriyyənin imkanlarına, yumşaq desək, müraciət edən dövlət və siyasi liderlərin sayı heçdə az deyildi. Əlavə olaraq, kifayət qədər uzun müddət göstərilən düstur səmərəli olmağı bacarmışdır. Ancaq son bir neçə il ərzində bu məsələdə nəzərə alınmayan gizli məqamlar tədricən üzə çıxmağa başladı. Yeni "digital" texnologiyaların sözün əsl mənasında artan fantastik imkanları, beynəlxalq qurumların təzyiqi nəticəsində milli normativ bazaların liberallaşması və informasiya mənbələrinin çoxluğu sayəsində bizim düşüncə, sosial stereotip və dəyərlər sistemimizə təsir edə biləcək virtual məkanda milyonlarla nəzarətsiz informasiya yaşayır. Öz növbəsində müxtəlif mənbələrdən olan fərqli informasiyaların toqquşması isə nəzərdə tutulmayan, nəzarətsiz və təyinatı tamamilə təhrif olunmuş yeni informasiyanı yaradır. O cümlədən elə bu səbəbdən deyə bilirik ki, artıq insan informasiyanı yox, əksinə, informasiya insanı və cəmiyyəti idarə edir. Məhz aldığımız informasiya bizim seçim və qərarlarımızın mahiyyətini müəyyən etmək iqtidarındadır.

Beləliklə, ehtimal edə bilərik ki, koronovirus bəlası və onunla mübarizə metodları yaşadığımız "informasiya cəmiyyəti" formasiyasından "rəqəmsal cəmiyyət" formasiyasına keçid prosesini rəsmiləşdirərək bir qədər onu sürətləndirmiş olur. Artıq siyasi aksioma olaraq deyə bilərik ki, zamanında idarə olunan qloballaşma prosesi nəzarətdən çıxıb və ya nəzarət mexanizmləri əldən-ələ keçib. Bu gün yaşadıqlarımız sayəsində qütblü dünya quruluşu formatı şübhə altındadır. Koronovirus qeyd olunan keçid prosesində sadəcə təbii və məcburi katalizator rolunu oynayır. Dünya və müasir cəmiyyətimiz yenə də növbəti keçid mərhələsini yaşayır. Bununla da biz əslində ictimai münasibətlərin yeni matrisa və paradiqmanın formalaşması prosesinin şahidiyik.

Aparılacaq rəqəmsal mübarizədə bir çox dövlət və sahələr sadəcə rəqabətdən kənar qalacaqdır və ya ən azından yeni mühitə adaptasiya olunmaq üçün onlara kifayət qədər resurs və müddət tələb olunacaqdır. Bu müddət ərzində isə dünyaya artıq yeni növbəti format indiki halda olduğu kimi məcburi şəkildə yeridiləcəkdir. "Rəqəmsal cəmiyyət" yeni ictimai münasibətlər formatını və yeni insan düsturunu müəyyən edəcəkdir. Xüsusi olaraq qeyd etməliyəm ki, yuxarıda bütün qeyd olunanlar üzvü olduğumuz "istehlakçı cəmiyyətin" prinsiplərini təkzib etmir. Əksinə olaraq yaşadıqlarımız müəyyən mənada tələbatlarımızın əsassız olaraq misilsiz şəkildə artmasının nəticəsidir. Sadəcə istehlakçıya, yəni dünyaya, yeni məhsullar təqdim olunacaqdır və bu zəncir yenə də davam edəcəkdir.

Bu səbəbdən düşünürəm ki, koronovirus qarşımızda yeni strateji vəzifələri müəyyən edib. Belə ki, yaranmış yeni sosial reallıq təkcə sahələrin idarə olunma prosesində yeni səriştə və bacarıqları tələb etmir. Sahələr eyni zamanda cəmiyyətə təqdim olunacaq və təminatlı tələbata nail olunacaq yeni məhsul və xidmətləri təqdim etməlidir. Yalnız bu halda sahələr öz aktuallığını qoruyub saxlaya biləcəkdir. Beləliklə qarşıda bizi kreativ təfəkkürün çeşidli məhsulları, rəqəmsal texnologiyaların üstünlüyü və sərt rəqabət mühitin hökmranlığı gözləyir. Razılaşın ki, qeyd oluna meyarlar kontekstində rəsmi inzibati resurslar tədricən öz prioritet mövqelərini itirmiş olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə