Xocalı faciəsinin şahidi: "İnsanların tikələri ağaclarda idi..." - SOYQIRIMI

Bu ilin fevral ayının 26-sı Xocalı soyqrımının üstündən artıq 28 il ötür. O günlə bağlı baş verənləri heç kəs asanlıqla dilə gətirə bilmir. Çünki yaşanan faciəni dillə təsvir etmək çox çətindir. O gecə baş verən hadisələrin canlı şahidi olmuş Xocalı sakini Zənurə Səlimova SİA-ya həmin günü və daha sonrasında baş verənlərin acı nəticələrindən danışdı. Xocalı sakininin həmin gecədən qalan xatirələrini şərhsiz sizinlə bölüşürük:

Qaranlıq gecə, şaxtalı hava, buz bağlamış sular və qanlı meşə...

Fevralın 25-dən 26-na keçən gecə Xocalıya görünməmiş bir divan tutuldu. Mən də həmin gecənin canlı şahidlərindən biriyəm. Kişilərimiz o vaxtlar postlarda olurdu. Həmin gecə mənim həyat yoldaşım da postda idi. Axşam saat 11-12 radələri olardı ki, onun səsinə ayıldım. O, öz qardaşlarını səsləyirdi. Hamımız onun səsinə oyandıq. Ermənilər hər gün dayanmadan atəş açırdı, lakin həmin gecə dörd bir tərəfdən tanklarla, BTR-lərlə, 366-cı alayın vasitəsilə kənd mühasirəyə alınmışdı. Evdə yaşlı qaynanam var idi. Mən özüm 4-5 ayın gəlini idim və hamilə idim. Yoldaşım və qaynım analarını kürək nayihələrinə aldı, baldızım və mən onun ayaqlarından tutaraq köməkləşərək əzəb-əziyyətlə "beşmərtəbə" deyilən yerə qədər gəldik. Həmin əraziyə gələnə qədər nə cür atəş açırdılarsa göy sanki çılçıraqlarla dolu idi. Hiss olunmurdu ki, qaranlıqdı. Hər tərəf işıq idi. Biz həmin "beşmərtəbə" deyilən yerə çatdıq və onun zirzəmisinə girdik. Ümid eləmirdik ki, biz sağ çatarıq. Bizdən başqa orada çox adam var idi, cavanlar, qocalar, uşaqlı qadınlar. Təxminən bir saat keçəndən sonra bizə dedilər ki, artıq meşəyə üz tutmaq lazımdır.

O vaxtlar 19-20 yaşım var idi. Mən inanmazdım ki, boya-başa çatdığım Xocalını belə soyuq halda tərk edərəm. Uşaqlığım, məktəb illərim, gəncliyim, yenicə ailə qurmuşdum ki, gəlinlik günlərim mənə nəsib olmadı.

Biz yola düşmüşdük. Orada çay var idi. Çayı keçməli idik. Bir anlıq düşünün, qaranlıq gecə, şaxtalı hava, buz bağlamış sular, bu suyu necə keçib meşəyə sarı getmək olardı? Kimisi başıaçıq, kimisi ayaqyalın, ayağında ayaqqabısı, hətta corabı belə olmadan, bu çayı keçdik. Çayı keçər-keçməz, dik bir təpə var idi, orada mənim sinif rəhbərim olmuş Afilə Məmmədovanın yoldaşı xırıldayaraq yerə yıxıldı. Yoldaşı və 3 uşağı atasının başına toplaşaraq insanlardan kömək istəyirdilər. Lakin hamı tədarüksüz və köməksiz idi. Heç kəs özü ilə dərman və ya başqa nəsə götürməmişdi. Həmin ailədən 28 ildir ki, xəbər yoxdur. Bu günə qədər onların taleyi heç kəsə məlum deyil.

İndi o, dəmir parçası ilə hərəkət edir...

Biz meşəyə üz tutduq. Baldızım Nailə, qaynım Faiq, yoldaşım Fərhad, mən və qonşularla, kənd camaatı Milli Qəhrəmanımız Əlif Hacıyevin bələdçiliyi ilə gəlirdik. Bu gün mən hər yerdə deyirəm ki, 28 ildə yaşadığım ömrü Əlif Hacıyevə borcluyam. O zamanlar icra başçımız Elman müəllim, Milli Qəhrəmanlarımız Fizuli Rüstəmov, Araz Səlimov və Tofiq Hüseynov insanlara bələdçilik edirdilər.

Həmin gecə elə bil təbiət də qan ağlayırdı. Dayanmadan qar yağırdı. Hava buz kimi idi. Uşaqların səsindən, qadının, qocanın hıçqırtısından qulaq tutulurdu. Mən bətnimdə uşaq, o meşəni əzab-əziyyətlə, ağacları əlimlə aralayaraq digərləri ilə irəliləyirdim. Əlimizin üstü cırıq-cırıq, parça-parça, qan içində olmuşdu. "Qara Qaya" deyilən yerə gəldik. Hətta mənim baldızım ev başmağı ilə gələ bilmədi, başmaq belə ona ağırlıq edirdi. O yolu ayaqyalın, ayağında corab belə olmadan qət etdi. Hazırda mənim baldızımın bir ayağı platin dəmirdəndi. O, həmin dəmir parçası ilə hərəkət edir.

İnsanların tikələri ağacların üstündə idi...

"Qara Qaya" deyilən yerə gəldik, Əlif Hacıyev camaata çağırış edərək oranı tez keçməyimizi istədi. Bu saatda oradan "Vilis" markalı maşın keçdi. Bu ermənilərin maşını idi. Heç bir saniyə keçmədi ki, nəqliyyatdan atəş açmağa başladılar (ağlayır). İnsanların tikələri xırda-xırda ağacların üstündə idi. Hansı ki, sayı belə yox idi. Arxaya çönəndə gördüm ki, bizimlə gələn camaat elə bil yerə səpələnmişdi. Bayaq dik gələn camaatımız indi yerlə yeksan idi. Ağ qarın üstündə qırmızı qanlar necə buğlanırdı, İlahi!

Sağ qalanlarla "Qara Qaya"nı keçdik. Hamı yorulmuşdu, taqətimiz yox idi. Birtəhər Ağdamın Şelli kəndinə gəldik. Sağ olsun Ağdam camaatı bizə qol açdı. Onlar hamısı bizə köməyə gəldilər. Bizi evlərinə aparıb isti yemək, isti çay verdilər. Mən onda bilmirdim ki, mənim bir nəsildən 8 şəhidim var.

Dayımın dişini özünə çəkdirmiş, maşının arxasına bağlayıb sürümüşdülər...

Mənim dayım Hüseyn Əzizovu elə bir hala qoymuşdular ki, beş gündən sonra onun meyitini tanınmaz halda Ağdamın məscidində mənim anam müəyyən etmişdi. Əlinin üstündə ad və soyadının baş hərfləri "Ə.H" yazısından onu tanımışdı. Dillə təsvir etsəm də onu gözlə görmək lazım idi. Onu nə cür öldürüb, nə cür əzab-əziyyət və işgəncə vermişdilər (ağlayır). Yanında girovluqda adam var idi. Onun öz dişini özünə çəkdirmişdilər. Göz nayihəsindən necə vurmuşdularsa anlamırdın ki, bu onun göz nahiyəsidir.

Postlarda olan kişilərimiz üşüməsin deyə iki şalvarı üst-üstə geyinirdilər. Dayımı "Kamaz" markalı maşının arxasına bağlayıb o qədər sürümüşdülər ki, başının arxa nayihəsində beyin yox idi. Onu sürüməkdən şalvarının biri bel nayihəsində, biri isə dizlərində idi. İnsanlığa sığmayacaq dərəcədə, əzab-əziyyət verərək öldürmüşdülər onu. Ən sonunda dayımın ürək nayihəsindən yaxından tapanca ilə vurmuşdular.

Can verən bədənini anası meşədə qalmağa qoymadı...

Mənim xalamın bir qızı və bir oğlu, Rəsmiyyə və Eminin taleyi bu günə qədər heç kəsə məlum deyil. Əmim oğlu Səxavətin can verən bədənini anası nazik baş yaylığı ilə kürəyinə bağlayaraq Ağdama qədər gətirdi. Ümid yox idi ki, o yaşasın amma onun can verən bədənini anası meşədə qalmağa qoymadı. Onu Ağdamda təcili yardıma gətirdilər. Son sözü isə "ay, ana qoyma ölüm" oldu və gözlərini yumdu. Ermənilər ona o qədər atəş açmışdılar ki, onun paltarını biz qandan yuya bilmədik. Hələ də anası onun mirəsini saxlayır.

Ana anadır, axı!

Deməklə qutarmaq olmur. Bizim yaramız 28 ildir ki, sağalmır. Hər il fevral ayı gələn kimi yenidən qanayır. Mənə sual versələr ki, Qarabağ alınsa, Xocalı azad olsa gedərsənmi? Bəli, sevə-sevə. İnsan boya-başa çatdığı, firavan yaşadığı torpaqlara necə qayıtmaz? Mən bu gün üç uşaq anasıyam, oğullarımın ikisini hərbiyə göndərmişəm və lazım olsa bu gün də göndərməyə hazıram. Mənim yoldaşım da həmçinin, həm ata, həm babadır amma bununla qane olmur. Yoldaşımın anasının da taleyi bu günə qədər məlum deyil. O neçə ildi ana həsrəti ilə yaşayır. Ananın isə qocası cavanı olmur, axı, ana-anadır!

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə