Prezidentin islahatlarının daha bir nəticəsi: Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və müxtəlif sahələri sistemli şəkildə əlaqələndirən islahatların müsbət nəticələri vətəndaş-məmur təmasında şəffaflıq, hesabatlılıq və rəqəmsallaşmanın genişləndirilməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlara öz töhfəsini verib. Bununla da hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti, elektrik, əmlakın qeydiyyatı, vergi, gömrük, xarici ticarət və dövlət satınalmaları kimi ayrı-ayrı sektorların yeni inkişaf müstəvisinə keçidi stimullaşdırılıb.

AZƏRTAC xəbər verir ki, keçirilən sistemli islahatlar artıq müsbət nəticələrini verməkdədir. Belə ki, “Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) 2019-cu il üzrə tərtib etdiyi Korrupsiya Qavrama İndeksində (KQİ) Azərbaycan 30 balla 26 pillə irəliləyərək 180 ölkə arasında 126-cı sırada yer alıb. 2018-ci ildə Azərbaycan 25 balla 180 ölkə arasında 152-ci yerdə qərarlaşmışdı.

Ötən il dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilməkdə olan sosial-iqtisadi və hüquqi islahatların ruhuna uyğun olaraq daha intensiv xarakter alıb, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri konkret əməli-praktiki addımlarla müşayiət olunub.

Aparılan genişmiqyaslı islahatların digər istiqaməti kimi milyonlarla vətəndaşa xidmət göstərməklə dövlət qulluqçusu–vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına mühüm töhfə verən, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayan “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 16 mərkəzə çatdırılması, habelə yarandığı gündən keçən qısa müddət ərzində bu xidmətə 34 milyondan çox müraciət daxil olması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən nadir layihə kimi “DOST mərkəzləri”nin fəaliyyətə başlaması kimi əhəmiyyətli tədbirlər ölkəmizin mötəbər KQİ-də əhəmiyyətli dərəcədə irəliləməsi ilə nəticələnib.

Qeyd edək ki, 1993-cü ildə Berlində təsis edilən “Beynəlxalq Şəffaflıq” Təşkilatı dövlət və özəl sektorlarda mövcud korrupsiya haqqında araşdırmaların aparılması və digər fəaliyyətləri həyata keçirir. Təşkilatın dünyanın yüzdən çox ölkəsində yerli bölmələri var. Qurumun Azərbaycan nümayəndəliyi olan “Şəffaflıq Azərbaycan” Təşkilatı 2000-ci ildə təsis edilib və 2001-ci ildə qeydiyyatdan keçərək fəaliyyət göstərir.

Ötən il Korrupsiya Qavrama İndeksinin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatdan istifadə edilib. Azərbaycana dair məlumat isə Bertelsman Fondu (Bertelsmann Foundation), İqtisadi Təhlil Birliyi (Economist Intelligence Unit), “Freedom House”, “Global Insight”, “Political Risk Services”, “Varieties of Democracy Project” kimi müxtəlif mötəbər mənbələr əsasında hazırlanıb. Bu mənbələr antikorrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Hazırda Azərbaycanın 26 pillə irəliləməsi onu göstərir ki, Prezidentin yürütdüyü siyasət təkcə ölkə daxilində yox, beynəlxalq arenalarda da düzgün nəticələr verir.

KQİ “Beynəlxalq Şəffaflıq” Təşkilatının 1995-ci ildən etibarən dərc etdiyi ən başlıca hesabatlardan biridir. Müxtəlif mənbələrə əsaslanaraq sistemli şəkildə hər il dünya ölkələrində korrupsiyanın qavranılmasına dair məlumatları və təhlilləri özündə əks etdirən hesabatda ölkələr üzrə qiymətləndirmə 2013-cü ildən etibarən 100 bal (çox yaxşı) - 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyənləşdirilir. 2012-ci ilədək qiymətləndirmə 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilirdi. KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatın göstəriciləri nəzərə alınıb.

Korrupsiya Qavrama İndeksində ölkəmizin mövqeyinin əhəmiyyətli dərəcədə irəliləməsində digər faktorlarla yanaşı, dövlətimizin başçısı İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın icrası ilə yeni müstəviyə keçən məhkəmə-hüquq islahatlarının müstəsna rolu var. Bu aktın qəbulu digər ali məqsədlərlə yanaşı, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması və təşkilini, mübahisələrin alternativ həllini, beynəlxalq arbitraj prosedurlarının, habelə vahid məhkəmə təcrübəsinin tətbiqini şərtləndirib.

Azərbaycanın dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi islahatlar və əldə etdiyi nailiyyətlər bu sahədə ixtisaslaşmış aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu fikir yanvarın 15-də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində 2019-cu il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı təşkil edilmiş mətbuat konfransında ifadə olunub. Hazırda “Beynəlxalq Şəffaflıq” Təşkilatının tərtib etdiyi Korrupsiya Qavrama İndeksinin mövcud göstəriciləri ölkəmizdə bu sahədə əldə edilən nailiyyətləri növbəti dəfə təsdiqləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə