Xəbər verdiyimiz kimi ötən gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Parlamentin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov “Gerb” sözünün “Herb” ilə əvəz edilməsini təklif edib. Komitə sədri çıxışında polyak mənşəli sözün dilimizə keçərkən Azərbaycan dil normasının pozulduğunu qeyd edib. Bəs dilimizdə belə sözlər çoxdurmu və dil normaları ilə bağlı problemin çıxış yolu nədən ibarətdir? Məsələ ilə bağlı SİA-ya açıqlama verən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli bildirib ki, əslində bu transliterasiya məsələsi ilə bağlıdır.
“Gerb” sözünün Azərbaycan dilinə rus dili vasitəsilə alındığını dilə gətirən B.Məhərrəmli söyləyib ki, müasir dildə “Gerb” sözü “Herb” kimi ifadə edildikdə düzgün səslənməsə də, sözü transliter cədvəlinə salmaqla müəyyənləşdirmək olar: “Bu problem bir sıra digər sözlərdə də var. Belə ki, əslində “Höte” sözü bizim dildə “Göte” kimi ifadə edilir.
Bəzi sözlər bizim dilə rus dilinin fonetik strukturuna uyğun olaraq oturuşub. Ruslarda “h” hərfi olmadığından onlar belə sözləri “g” ilə ifadə edirlər. Bu baxımdan belə sözlərin üzərində yenidən işlənməli, onların transliterasiyasının hazırlanmasına ehtiyac var. Çünki mətbuat da bununla bağlı bizə müraciət edir. Həqiqətən də belə sözlərlə əlaqədar boşluqlar var”.
Hazırda İnstitut tərəfindən bu kimi sözlərin transliterasiyasının hazırlandığını qeyd edən B. Məhərrəmli söyləyib ki, hazırda bu istiqamətdə işlərin davam etdiyini dilə gətirib: “Əslində transliterasiya standartları tam hazırlanmayıb. Ümumiyyətlə, transliterasiya cədvəlinin hazırlanması uzun müddət tələb edir. Bu baxımdan hazırda bu cədvəlin nə zaman hazır olacağı haqqında dəqiq vaxt söyləmək çox çətindir. Amma ümumilikdə 2 il müddətində hazırlanması mümkündür. Cədvəl hazırlandıqdan yuxarıda sadalanan sözlərlə bağlı problemlər həllini tapacaq. Çünki cədvəl vasitəsilə sözlərin fonetik göstəriciləri müəyyənləşib, orfoqrafiya qaydası kimi təsdiqlənəcək. Belə olan halda, hər kəs sözləri vahid prinsip əsasında yazacaq və ifadə edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB