"Azərbaycan qadını həyatı, intellekti və sosial aktivliyi özündə cəmləşdirir. Onlar, yalnız xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu deyil, həm də bütün sənətlər və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikamızın inkişafında fəal iştirak edirlər". SİA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Elmdə Azərbaycan qadınlarının rolu" adlı tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın elm xadimlərinin sırasında qadın alimlərimiz öz layiqli yerlərini tutublar: "Qeyd edək ki, XX əsrdə Azərbaycan xalqı elmə İzzət Orucova, Sara Aşurbəyova, Püstəxanım Əzizbəyova, Səidə İmanzadə kimi qadın alimlər bəxş etmişdir. Azərbaycanda ilk dəfə qadınlar arasında riyaziyyat üzrə elmlər doktoru adını almaq Tamilla Nəsirovaya nəsib olub. İlk uşaq pediatrı Adilə Namazova beynəlxalq aləmdə tanınan pediatr-kardioloqlardan biridir. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik Zərifə Əliyevanın təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı. Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva, həm də ekologiyanın aktual problemləri ilə bağlı işləri ilə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib. Həmin sırada tanınmış şərqşünas, professor Aida xanım İmanquliyevanın adını xüsusi qeyd etmək lazımdır".
Komitə sədri müasir dövrdə Respublikamızın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın özünün həm ictimai fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına bir nümunə olduğunu xüsusi vurğulayıb: "Onun təşəbbüsü və dəstəyi ilə yalnız Azərbaycanda deyil, Amerikada, Avropanın bir çox ölkələrində, Müstəqil Dövlətlər Birliyi ölkələrində, müsəlman ölkələrində bir sıra sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinin, müsiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında Mehriban xanımın rolu əvəzsizdir, danılmazdır. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Əlbəttə, bu, bizim üçün fəxrdir".
H.Hüseynova əlavə edib ki, müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır: "Bu fəallıq, malik olduğumuz tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Azərbaycan qadını hər zaman olduğu kimi, bu gün də dövlətin dəstəyini hiss edərək, özünün fəallığı ilə cəmiyyətdə bərabərhüquqlu mövqeyə nail olmağı bacarır. İnanırıq ki, Azərbaycanın alim qadınlarının fəallığı gündən-günə daha da artacaq, ölkənin ictimai, sosial-iqtisadi, mədəni, mənəvi həyatında onların rolu əhəmiyyətli dərəcədə yüksələcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB