“Formal məşğulluq sosial hüquqların reallaşdırılmasının şərti kimi” TƏDBİR - YENİLƏNİB
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Formal məşğulluq sosial hüquqların reallaşdırılmasının şərti kimi” mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, BƏT-in Məşğulluq siyasəti departamentinin direktoru xanım Azita Berar Avad və sektor müdiri Frederik Lapeyre, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, beynəlxalq ekspertlər iştirak ediblər.
Konfransı giriş sözü ilə açan S.Müslümov vurğulayıb ki, Azərbaycanda innovativ iqtisadiyyatın formalaşdırılması, əmək məhsuldarlığının artırılması və əhalinin sosial rifahının yüksəldilməsi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin respublikamızda həyata keçirdiyi uğurlu dövlət siyasətinin strateji hədəflərini təşkil edir. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər nəzərə alınmaqla reallaşdırılan islahatlar nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri arasında olub. Son 10 il ərzində ölkəmizin Ümumi Daxili Məhsulu 3 dəfədən çox artıb, 1 milyon 600 mindən artıq yeni iş yeri yaradılıb, əhalinin gəlirləri 5,2 dəfə, minimum əmək haqqı 3,5 dəfə və orta aylıq nominal əmək haqqı 3,8 dəfə artmış, işsizlik səviyyəsi 5 faiz səviyyəsində saxlanılıb: “Makroiqtisadi sabitlik və iqtisadi sahədə əldə olunmuş nailiyyətlər Azərbaycan Hökumətinə əhalinin sosial rifahının yaxşılaşdırılmasına istiqamətləndirilmiş siyasi məqsədlərin reallaşdırılmasına imkan yaradıb.
Bü gün qeyri-formal sektorun həm əhalinin məşğulluğuna, həm də bütövlükdə ölkələrin iqtisadiyyatına ciddi təsir göstərməklə əmək bazarının müstəqil seqmentinə çevrildiyini vurğulayan nazir bildirib ki, qeyri-formal məşğulluğun dünya iqtisadiyyatında payının getdikcə artması bu məsələyə hökumətlərin, sosial tərəfdaşların, beynəlxalq təşkilatların və tədqiqatçıların artan marağına səbəb olur, bu sahədə yeni innovativ yanaşmaların müəyyənləşdirilməsini zəruri edir: “Dünya Bankı və BMT-nin İnkişaf Proqramı tərəfindən aparılan tədqiqatlar göstərir ki, son dövrlərdə, əksər ölkələrdə milli sərvətin strukturunda nəzərə çarpacaq dəyişikliklər baş verir. Bu, özünü iqtisadiyyatda aksentin orta hesabla hər ölkənin ümumi sərvətinin 16 faizini təşkil edən fiziki kapitaldan ümumi sərvətin 64 faizini təşkil edən insan kapitalına yönəldilməsində büruzə verir. Məhz bunun üçün də, əmək münasibətlərinin rəsmiləşdirilməsi, vətəndaşların əmək və sosial hüquqlarının qorunması məsələsinə, bu sahədə mövcud olan problemlərin həllinə insan inkişafı kontekstində və BƏT tərəfindən 21-ci əsrin əvvəllərində irəli sürülmüş Layiqli Əmək Konsepsiyası prizması altında baxılması dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycan üçün də olduqca əhəmiyyətlidir”.
S.Müslümov vurğulayıb ki, əmək bazarında qeyri-formal əmək münasibətlərinin mövcudluğu, milli qanunvericilikdə dəqiq müəyyən olunan hüquq pozuntusu olaraq, ölkədə əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə mənfi təsir göstərir, layiqli əməyin dəstəklənməsi və nəticə etibarı ilə əmək məhsuldarlığının yüksəldilməsi üçün çətinliklər yaradır. Bunu dərk edərək, Azərbaycan Hökuməti sosial tərəfdaşları, vətəndaş cəmiyyətinin nümayəndələrini və elmi tədqiqtçıları cəlb edərək, problemin tezliklə aradan qaldırılması üçün birgə səyləri səfərbər edib zəruri addımlar atır: “Qeyd olunan hədəflərə nail olmaq üçün dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə aidiyyəti dövlət orqanlarının, Azərbaycan Həmkarlar İttifaqlarının və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının rəhbərləri səviyyəsində Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası və Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılıb. Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib”.
Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlərdən bəhs edib. Baş nazirin müavini əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsinin və qanuni mənafelərinin qorunmasının, işçilərin sosial müdafiəsinin gücləndirilməsinin bu siyasətin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.
Ə.Əhmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-cı il 17 mart tarixli Sərəncamı ilə yaradılan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti də bu məqsədə yönəlib. Komissiyanın qarşısında duran əsas vəzifələrdən biri də qeyri-formal məşğulluq hallarının aradan qaldırılması üçün dövlət orqanları arasında koordinasiya olunmuş siyasət müstəvisində çevik və səmərəli tədbirlərin reallaşdırılmasıdır: "Hər bir işçi işəgötürən tərəfindən əmək münasibətlərinə cəlb olunarkən ilk növbədə bu münasibətlərin rəsmiləşdirilməsi təmin edilməlidir. Əks halda qeyri-formal məşğulluq halı yaranır ki, bu da işçinin əmək və ümumən sosial hüquqlarının kobud şəkildə pozulmasına, o cümlədən onun gələcəkdə pensiya hüququndan məhrum olmasına, işəgötürənin isə işçi qarşısında qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərdən, digər tərəfdən vergi, sosial və digər məcburi ödənişlərdən yayınmasına şərait yaradır.
Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı rəylər əsasında yenilənmiş Tədbirlər Planının layihəsi hazırlanaraq, Komissiyanın iclasında təsdiq edilib. Eyni zamanda Komissiyanın qanunvericilik və idarəetmə, iqtisadi fəaliyyət sahələri üzrə işçi qrupu yaradılıb. Komissiya yanında Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzinin yaradılması, müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi də qərara alınıb.
Ə.Əhmədov həmçinin əmək münasibətləri tənzimlənməyən işçilərin aşkar edilməsi və onların əmək fəaliyyətinin rəsmiləşdirilməsinin təmin edilməsi yönündə görülən işlərdən bəhs edib, sahibkarlarla görüşlər təşkil edildiyini, onlar arasında əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı maarifləndirmə işlərinin aparıldığını bildirib.
Konfransda çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev əmək bazarında inkişaf meyllərinə zidd olan qeyri-formal əməyə qarşı mübarizənin AHİK-in əsas fəaliyyət istiqamətlərindən biri olduğunu bildirib. O, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin təmin olunması prosesində həmkarlar təşkilatlarının sosial tərəfdaşlıq müstəvisində gördüyü işləri diqqətə çatdırıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev qeyri-formal əmək münasibətlərinin əmək məhsuldarlığının artmasına, rəqabətqabiliyyətli məhsul istehsalına maneə olmaqla, işəgötürənlərin iqtisadi mənafelərinə də ciddi zərbə vurduğunu önə çəkib. O, sahibkarlarla aparılan işlərdə bu mövzunun həmişə diqqətdə saxlandığını qeyd edib.
Formal məşğulluğun layiqli əməyin başlıca təminat forması olduğunu diqqətə çatdıran BƏT-in Məşğulluq siyasəti departamentinin direktoru xanım A.B.Avad əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi istiqamətində Azərbaycanda aparılan fəal dövlət siyasətinin BƏT tərəfindən rəğbətlə qarşılandığını, ölkəmizdə bu sahədə görülən işlərə BƏT-in həmişə yaxından dəstək vermək əzmində olduğunu bildirib.
Konfransda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidi təşviq etmək üçün Azərbaycanda aparılan siyasət, bu sahədə tənzimləyici hüquqi baza, fəaliyyət mexanizmləri, həyata keçirilən tədbirlər barədə təqdimatla çıxış edib. Verilmiş məlumatlar əsasında müzakirələr aparılıb.
Daha sonra xanım A.B.Avad qeyri-formal məşğulluq hallarının aradan qaldırılması və belə hallardan formal məşğulluğa keçidin asanlaşdırılması üçün rəhbər prinsipləri və siyasi təlimatları diqqətə çatdırıb. O, habelə BƏT-in 204 saylı Tövsiyəsinin vacibliyini vurğulayıb.
Tədbirdə BƏT-in mütəxəssisləri Frederik Lapeyre tərəfindən formal məşğulluqda müsbət təcrübələr və Fərid Heqazi tərəfindən müəssisələrin formalaşmasında uğurlu iş praktikaları və sosial dialoqun rolu, habelə AHİK və ASK nümayəndələri tərəfindən qeyri-formal məşğulluqdan formal məşğulluğa keçid, sosial dialoq və konsensus quruculuğu üzrə Azərbaycan təcrübəsi barədə təqdimatların edilməsi və müzakirələrin aparılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB