Yaqub Mahmudov: "Azərbaycan islam etiqadını çox çətin şəraitdə qoruyub saxlaya bilib"

Yaqub Mahmudov: "Azərbaycan islam etiqadını çox çətin şəraitdə qoruyub saxlaya bilib"

"Azərbaycan islam etiqadını çox çətin şəraitdə qoruyub saxlaya bilib. Bütün dünya bilməlidir ki, islam mənəviyyatını qoruyub saxlamaq bizə heç də asan başa gəlməyib. On minlərlə insanlarımız həlak olub. Azərbaycana qarşı dəhşətli soyqırımıları həyata keçirilib. Lakin xalqımız buna baxmayaraq islami dəyərlərini qoruya bilib". SİA-nım xəbərinə görə, bunu AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Bakıda keçirilən "İslam həmrəyliyi- zamanın çağırışları" adlı konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, ölkəmiz müstəqillik qazandıqdan sonra Ulu öndərin təşəbbüsü ilə məscidlərimiz tikilib, bərpa edilib: "Bu işi hazırda Azərbaycan prezidenti davam etdirir. Azərbaycanda yalnız islam deyil, bütün səmavi dinlər qorunub saxlanılıb. Bu gün Azərbaycanda onların dinləri, mədəniyyəti yaşamaqla yanaşı, milli azlıqlar ölkəmizdə tolerantlıq şəraitində yaşayırlar. Bu bizim multikulturalizm dəyərlərimizdir".

İnstitut direktoru söyləyib ki, dünyanın bir çox ölkələrində islamı zəiflətməklə bağlı cəhdlər edilir: "Lakin Azərbaycanda məzhəb ayrılığı yoxdur. Ölkəmizdə İslam Universiteti fəaliyyət göstərir, eləcə də Qafqazın ən böyük məscidi "Heydər Məscidi"ndə vəhdət namazı qılınır. Bu, dünya üçün örnəkdir. Əgər bu gün dinlərarası razılıq olsa, münaqişələr də olmaz. Buna görə Azərbaycan modelini öyrənmək lazımdır. Dünyada əmin-amanlıq istəyiriksə soyqırımların, terrorların qarşısı alınmalıdır. Bütün dinlər bu işdə fəal olmalıdırlar".

Y.Mahmudov əlavə edib ki, Avropa ölkələrində islamofobiya meylləri təbliğ olunur: "İnsanlar həmrəy olmalı, birləşməlidirlər ki, Xocalı hadisələri ilə rastlaşmayaq. İslam ölkələri, eləcə də digər din təmsilçiləri də bu işdə fəal olmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə