Astanada “Təhlükə ilə üzləşən türk dilləri” dördcildliyi təqdim olunub

Astanada “Təhlükə ilə üzləşən türk dilləri” dördcildliyi təqdim olunub

Qazaxıstanın paytaxtı Astana şəhərindəki Milli Akademik Kitabxanada 12 Fevral - Beynəlxalq Ana Dili Günü ərəfəsində "Təhlükə ilə üzləşən türk dilləri" dördcildliyinin təqdimatı olub. Dördcildlik zəngin ensiklopedik məzmunu və nəfis tərtibatı ilə diqqət çəkir. Kitab Beynəlxalq Türk Akademiyası (TWESCO) və Xoca Əhməd Yesevi Beynəlxalq Qazax-Türk Universiteti tərəfindən hazırlanıb.

Tanınmış dövlət xadimləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatik missiyaların nümayəndələri, görkəmli türkoloq alimlərin iştirak etdikləri təqdimat mərasimində, həmçinin Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstanın ortaq beynəlxalq təşkilatı olan Beynəlxalq Türk Akademiyasının Monqolustanın Şiveet-Ulan bölgəsində apardığı arxeoloji tədqiqatların nəticələri və Aral gölünün ekoloji vəziyyəti ilə bağlı film nümayiş olunub.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali qeyd edib ki, kitabı hazırlamaqda başlıca məqsəd ölü dillər sırasına girməkdə olan bir çox türk dillərini araşdıraraq mədəni irsi tanıtmaq və dəstəkləmək, keçmişdən dərs və ibrət götürmək, gələcəyə hesablanan geniş elmi layihələri inkişaf etdirməkdir. Bildirib ki, ensiklopedik səciyyə daşıyan "Təhlükə ilə üzləşən Türk Dilləri" kitabı BMT-nin və UNESCO-nun "Son səsləri itirmədən" layihəsi çərçivəsində həyata keçirilib. Bu işdə dünyanın müxtəlif ölkələrindən ekspertlər iştirak edib.

Əhməd Yesevi Beynəlxalq Qazax-Türk Universiteti İdarə Heyətinin sədri Musa Yıldız isə layihəyə 2011-ci ildə başlandığını deyib. Layihədə dünyanın 26 ölkəsindən 130 elm adamı iştirak edib, ümumilikdə, 132 elmi-tədqiqat işi əhatə olunub. Kitabın hazırlanmasında dünyanın müxtəlif ölkələrinin universitetlərinin və elm mərkəzlərinin alimləri iştirak etdiyindən burada toplanan məlumatlar, tədqiqat metodları, elmi istiqamətlər və fikirlər də fərqlidir. Bu da çoxcildliyin məzmun baxımından daha zəngin olmasına gətirib çıxarıb.

Kitabın əsas yazarlarından biri, layihənin əlaqələndiricisi, professor Süer Eker qeyd edib ki, layihə çərçivəsində 60-a qədər türk dili tədqiq edilib. Türk dilləri ailəsinə aid və ictimaiyyətə məlum olan bütün dillər araşdırılıb. O, işin bununla bitmədiyini, sıradan çıxmaqda olan dillərin, minlərlə ilin mirasının qorunması və gələcək nəsillərə kiçik bir örnək də olsa saxlanması məqsədilə bu istiqamətdə fəaliyyəti davam etdirəcəklərini, çalışmaların gələcəkdə daha əhatəli və çoxyönlü olacağını bildirib.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov türkdilli dövlətləri birləşdirən beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Türk Akademiyasının bu istiqamətdə tədqiqatlarının önəmini vurğulayaraq, Azərbaycan tərəfinin dəstəyini ifadə edib.

Məlumat üçün bildirək ki, 2010-cu ildə UNESCO "İtməkdə olan Dünya Dillərinin Atlasını" nəşr edib. Məhv olmaq təhlükəsi ilə üzləşən 2500 dilin və ləhcənin əks olunduğu bu atlasda xeyli sayda türk dilləri də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə