Bakıda Ronaldinho Soccer Academy fəaliyyət göstərəcək FOTOLAR - SƏS TV

Bakıda Ronaldinho Soccer Academy fəaliyyət göstərəcək FOTOLAR - SƏS TV

Xəbər verdiyimiz kimi, məşhur futbolçu, milyonların sevimlisi Ronaldinyo Azərbaycandadır. SİA-nın məlumatına görə, "Qəbələ" İdman Klubu növbəti layihəsini məhz Ronaldinyo ilə birlikdə həyata keçirməyə hazırlaşır. Milyonlara topu sevdirən braziliyalı ölkəmizdə də bu missiyanın reallaşdırılmasında əvəzsiz rol oynayacaq.

Bununla bağlı bu gün Bakı Olimpiya Stadionunun konfrans zalında mətbuat konfransı keçirilib. Tədbirdə "Qəbələ" İK-nın prezidenti Tale Heydərov, klubun nümayəndəsi Nail Kərimov, AFFA-nın baş katibi Elxan Məmmədov və məşhur futbolçu Ronaldinyo iştirak edib.

"Qəbələ" İK-nın prezidenti Tale Heydərov bildirib ki, "Qəbələ Futbol Akademiyası uğurla fəaliyyət göstərir. Onun sözlərinə görə, hazırda isə klub növbəti uğurlu layihəsini həyata keçirməyə hazırlaşır. T.Heydərov qeyd edib ki, Azərbaycanda "Qəbələ"nin dəstəyi ilə Ronaldinyo Akademiyası fəaliyyətə başlayacaq. O, bu akademiyanın ölkə futbolunun inkişafı üçün mühüm töhvə verəcəyini vurğulayıb.

AFFA-nın baş katibi Elxan Məmmədov isə belə möhtəşəm layihənin reallaşdırılmasına dəstək olduqları üçün "Qəbələ" İK-ya minnətdarlığını bildirib. O, layihənin ölkə futbolu üçün əhəmiyyətindən danışıb.

Məşhur futbolçu Ronaldinyo akademiyanın Azərbaycanda fəaliyyətə başlamasının səbəbləri haqda məlumat verib: "Təxminən bir ay öncə "Qəbələ" İK mənə adımla bağlı idman akademiyasının açılmasını təklif etdi. Mən də böyük məmuniyyətlə qəbul etdim. Mənim əsas məqsədim odur ki, akademiyaya gələn uşaqlar mənim adımı eşidib, məşqlərə daha prisipial yanaşsınlar. Sonra həmin uşaqların böyük klublara gedib oynamaq imkanları olarsa, mən onlara həmin klublarda böyük kömək edəcəm".

Tədbirdə həmçinin bildirilib ki, futbolçunun doğulub boya-başa çatdığı Qremio şəhərində, həmçinin BƏƏ-nin Dubay şəhərində Ronaldinyo Soccer Academy fəaliyyət göstərir. Bakıda yaradılacaq bu məktəblərdən növbətisi 6 yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulub. Məktəbdə həm ödənişsiz, həm də ödənişli əsaslarla məşqlər keçiriləcək. Yüksək səviyyəli meydançalarda veriləcək futbol təlimi ilə yanaşı, müxtəlif sosial fəaliyyətlər də nəzərdə tutulur.

Ölkəmizin regionları və xarici ölkələrə səfərlər, müxtəlif yarışlarda iştirak idman bünövrəsinin qoyulmasında, yay futbol məktəbləri, seminarlar, "Ronaldinyonun dili-portuqalca" dərsləri futbolçuların fərdi inkişafında rol oynayacaq. Sözügedən akademiya Azərbaycanda futbolun kütləviləşməsi və inkişafına təkan olacaq.

Daha sonra tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə