Brüsseldə Azərbaycan-Belçika məsləhətləşmələri

Aprelin 14-də Brüsseldə Azərbaycan və Belçika arasında ikitərəfli məsləhətləşmələr keçirilib. Bu məsləhətləşmələr çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun Belçika Xarici və Avropa İşləri Nazirliyində və Belçika Federal Parlamentində görüşləri olub.

Belçika Xarici və Avropa İşləri Nazirliyində keçirilmiş məsləhətləşmə görüşündə nazirliyin ikitərəfli əlaqələr üzrə baş direktoru Qirt Muyle, Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya üzrə direktoru Yo İndekeu, siyasi və təhlükəsizlik məsələləri üzrə direktoru Pol Huynen, daxili bazar və yerdəyişmə xidmətinin direktoru Olivye Qino, Avropa üzrə xüsusi elçisinin müavini Yannik Minsiye, eləcə də BMT, terrorizmə qarşı mübarizə, konsulluq və digər idarələrinin nümayəndələri iştirak ediblər.

Görüşdə Azərbaycan və Belçika arasındakı əlaqələrin hazırki durumu və inkişaf perspektivləri nəzərdən keçirilib. Bu xüsusda qarşıdan gələn dövrdə ikitərəfli yüksək səviyyəli səfərlərin həyata keçirilməsi, iqtisadi əlaqələr, konsulluq, terrorizmə qarşı mübarizə, enerji sahəsində əməkdaşlıq kimi məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Avropa İttifaqı münasibətləri, eləcə də beynəlxalq və regional problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nazir müavini Xələf Xələfov martın 22-də Brüssel şəhərində törədilmiş terror aktları nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar Azərbaycan hökuməti adından bir daha Belçika tərəfinə başsağlığı verib, terrorizmdən əziyyət çəkmiş ölkə olaraq Azərbaycanın bu bəlaya qarşı mübarizədə daim Belçikanın, eləcə də bütün avropalı dostlarının yanında olacağını diqqətə çatdırıb. O, daha sonra Azərbaycanın təşəbbüsü və ya iştirakı ilə həyata keçirilən beynəlxalq və regional enerji və nəqliyyat layihələri haqqında məlumat verib, bu xüsusda Belçikanın Fluxsus şirkətinin "Cənub Qaz Dəhlizi" layihəsinin vacib elementlərindən olan TAP layihəsində 19.6 faizlik payla təmsil olunduğunu xatırladıb, Belçika şirkətlərinin Azərbaycanda daha geniş təmsil olunması üçün böyük potensialın mövcudluğunu söyləyib.

Nazir müavini daha sonra Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud vəziyyət, xüsusilə də Ermənistanın təxribatçı əməlləri nəticəsində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində son dövrlər yaşanan gərginliklə bağlı məlumat verib və qarşı tərəfi maraqlandıran sualları cavablandırıb.

Qarşı tərəf keçirilən məsləhətləşmələri yüksək qiymətləndirib və bunun iki ölkə arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinə, eləcə də regional və beynəlxalq məsələlər üzrə mövqelərinin uyğunlaşdırılmasına töhfə verəcəyini bildirib, terrorizmə qarşı mübarizə sahəsində ifadə olunan dəstəyə görə təşəkkür edib. Belçika tərəfi, habelə Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu vurğulayıb, Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqları dəstəklədiyini bildirib.

Müzakirələrin yekununda, belə ikitərəfli məsləhətləşmələrin növbə ilə Bakıda və Brüsseldə olmaqla, iki ildən bir keçirilməsi barədə razılıq əldə edilib.

Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının sədri Dirk Van der Maelen ilə keçirilmiş görüş zamanı iki ölkə arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın oynaya biləcəyi rol nəzərdən keçirilib. Nazir müavini X.Xələfov ötən il keçirilmiş parlament seçkilərindən sonra Azərbaycan Milli Məclisində Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə 13 deputatdan ibarət işçi qrupunun formalaşdırılması barədə məlumat verib, hər iki ölkənin parlamentləri arasında qarşılıqlı səfər mübadiləsinin həyata keçirilməsini təklif edib.

D.Van der Malen iki ölkə arasında parlamentlərarası təmasların gücləndirilməsinə ehtiyac duyulduğunu və bu təşəbbüsü tam dəstəklədiyini bildirib, Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Belçikaya səfər edəcəyi təqdirdə belçikalı həmkarları ilə ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparmaları üçün müvafiq görüşlər təşkil etməyə hazırlığını ifadə edib.

Nazir müavini görüş zamanı, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və cəbhə bölgəsində baş vermiş son hadisələr haqqında həmsöhbəti məlumatlandırıb, belçikalı parlamentariləri Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərlər etməkdən çəkinməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə