Bu gün Gənclər üçün Təhsil Mərkəzi 2015-ci ilin yekunlarına dair illik hesabatını ictimaiyyətə təqdim edib. SİA-nın xəbərinə görə, Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə rəhbərlik etdiyi qurumun fəaliyyətində şəffaflığın artırılmasının vacib olduğunu bildirərək, bütün qeyri-hökumət təşkilatlarını gördükləri işlər barədə ictimaiyyəti məlumatlandırmağa çağırıb.
Daha sonra Mərkəzin ötən il ərzində gördüyü işlər barədə geniş məlumat verilib. Bildirilib ki, Mərkəz gənclərin hərtərəfli inkişafına kömək etmək məqsədilə, 20-dən artıq iri, 100-ə yaxın kiçik layihə həyata keçirib. Sözügedən layihələrin maliyyələşdirilməsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Unicef Bakı Ofisi, Avropa İttifaqının "Gənclər fəaliyyətdə" Proqramı və digər qurumlarla əməkdaşlıq edib. Layihələr Azərbaycanın 30-a yaxın şəhər və rayonunda həyata keçirilib, ümumilikdə 20 min nəfərdən çox insana təsir edib.
Mərkəz öz fəaliyyət dairəsini genişləndirmək və həyata keçirdiyi layihələrin keyfiyyətli icrasını təmin etmək məqsədilə, Quba rayonunda Şimal regional ofisini yaradıb, Gəncə, Mingəçevir, Ağcabədi, Şirvan və Bakıdakı ofislərinin maddi-texniki bazasını gücləndirib.
Hesabat dövründə Mərkəz ilk növbədə gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirib, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə virtual aksiyalar təşkil edib. Mərkəz müxtəlif rayonlarda "20 Yanvar xalqın iradə təcəssümüdür", "Xocalı həftəsi", "Şuşasız 23 il" adlı tədbirlər, Quba rayonunda 31 Mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş yürüş, Füzuli rayonunda isə "Müstəqillik yolu" adlı konfrans keçirib.
Beynəlxalq əməkdaşlığın artırılması və Avropa gənclər məkanında layiqli yer tutmaq məqsədilə Mərkəz üzvlərinin ölkənin hüdudlarından kənarda təşkil edilən tədbirlərdə iştirakı daima gündəmdə olub. Belə ki, əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də 100-ə yaxın gənc müxtəlif konfrans, təlim, sərgi, simpozium və digər tədbirlərdə Mərkəzi təmsil ediblər. Eyni zamanda, Mərkəz tərəfindən "Erasmus+" proqramı çərçivəsində təşkil edilmiş 3 beynəlxalq tədbirdə iştirak etmək üçün Azərbaycana müxtəlif ölkələrdən 93 gənc gəlib.
Mərkəz 2015-ci ildə Avropa Gənclər Klubları Konfederasiyasının idarə heyətinə namizədliyini irəli sürüb və Azərbaycanı həmin qurumun qərarverici orqanında təmsil etmək imkanı qazanıb.
Qeyd edək ki, Mərkəz sözügedən Konfederasiyanın tamhüquqlu üzvüdür.
2015-ci ildə ölkəmizin ev sahibliyi etdiyi İlk Avropa Oyunları zamanı Mərkəz tərəfindən Mingəçevir şəhərində ictimai dəstək məqsədilə genişmiqyaslı tədbirlər planı hazırlanaraq, həyata keçirilib. Belə ki, yaradıcı gənclərin iştirakı ilə festivallar, sərgilər və idman yarışları təşkil olunub, region gənclərinin diqqəti ölkəmizdə keçirilən bu mötəbər tədbirə yönəldilib. Eyni zamanda Mingəçevirdə təşkil edilən su idmanı üzrə yarışlarda da Mərkəzin yüzlərlə könüllüsü yaxından iştirak edərək, fəallıq nümayiş etdiriblər.
Hesabat dövründə regionlarda istedadlı gənclərin üzə çıxarılması məqsədilə Yaradıcı Gənclərin Hazırlıq Laboratoriyaları qurulub, "Qızıl Payız" gənclərin yaradıcılıq festivalları, Samux gənclərinin II Yaradıcılıq Festivalı, Qarabağ Regional Uşaq Yaradıcılığı Forumu və digər tədbirlər keçirilib.
Region gənclərinin məşğulluğunun artırılması, gənclər arasında peşə təhsilinin stimullaşdırılması üçün regionlarda Peşə Təhsili üzrə Regional Məsləhət Xidməti və Karyera Planlama Xidməti yaradılmış, gənclər müxtəlif biznes qurumlarında, habelə kənd təsərrüfatı müəssisələrində praktiki biliklər toplamaq üçün istehsalat təcrübəsinə cəlb olunublar.
Ötən il ərzində Mərkəz region gənclərinin bilik və bacarıqlarının artırılması, savadlı insan kapitalının formalaşması məqsədilə "aybKitab" layihəsi, Xaçmaz, Qusar, Şirvan, Qubada gənclərin intellektual bilik yarışları, idman oyunları üzrə bilik yarışları, Lənkəran şəhərində "Hər kəs üçün təhsil" kampaniyası və digər layihələr reallaşdırılıb.
Gənclər arasında sağlam həyat tərzinin təbliği və ekoloji təfəkkürün formalaşması istiqamətində Bakı və ragionlarda müxtəlif layihələr həyata keçirilib. Bu baxımdan Mingəçevir şəhərində məktəblilər arasında keçirilmiş futbol yarışlarını, velosiped çempionatını, şahmat turnirlərini, Ağcabədi rayonunda "Sağlam gənclik" kampaniyasını, şimal bölgəsində ekoturizmlə bağlı təlimləri, Ağcabədi və Samux rayonunda ekoloji aksiyaları, Gəncə və Mingəçevir şəhərində, habelə Ağcabədi rayonunda keçirilən "Yaşıl Məktəb" layihəsini və digərlərini misal göstərmək olar. Qeyd edək ki , "Yaşıl Məktəb" layihəsi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən 2015-ci ilin ən uğurlu layihələri sırasına daxil edilib.
2015-ci ildə Mərkəz gənclər arasında sosial məsuliyyətin artırılmasına yönəlmiş proqramlara da üstünlük verib. Belə ki, ötən il icrasına başlanan və hazırda davam edən əlilliyi olan gənclərin təhsil imkanlarının artırılması istiqamətində "Qarabağ inkluziv təhsil və uşaq inkişaf mərkəzi", 3 regionda qan xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə hesablanan "Bir damla həyat ver!" qanvermə aksiyaları, Qubada sosial menecment məktəbi, valideyn himayəsindən məhrum olan gənclərin cəmiyyətə adaptasiyasına hesablanan "Onların kimsəsi bizik!" kampaniyaları həyata keçirilib.
Ötən ilin sonlarında Mərkəz Unicef Bakı ofisi ilə birgə regionda yeniyetmə və gənclər arasında hüquqların təbliğinə hesablanmış "Yuvenal Ədliyyə" layihəsinin icrasına başlayıb.
Mərkəz hər il olduğu kimi, 2015-ci ildə də "QHT Məktəbi"ni davam etdirib. Əsası 2000-ci ildə qoyulmuş və bu gün də davam edən Məktəbin fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Turizm və Menecment Universiteti anlaşma memorandumu imzalanmış, yaz və qış təlimlərinin birgə təşkili barədə razılıq əldə olunub.
Gənc jurnalistlərin praktiki və nəzəri biliklərinin artırılmasını nəzərdə tutan "Mediaman" jurnalistika məktəbi də ötən il ərzində uğurla davam etdirilib.
Hesabat dövründə Mərkəz tərəfindən Salyan rayonunda "Gənclərin Narkomaniyaya Qarşı Mübarizə Forumu", Bakı şəhərində "Azərbaycan Gənclərinin Maarifçilik Forumu", Quba rayonunda "Gənc Sahibkarlar Forumu" və digər irihəcmli tədbirlər həyata keçirilib.
Görülmüş işlər barədə qısa məlumatlar verildikdən sonra, Mərkəzin icraçı direktoru F.Həsənzadə həyata keçirilmiş proqram və layihələr, regional ofislərin fəaliyyəti, Mərkəzin tərkibindəki klublar və dərnəklərin işi, beynəlxalq əməkdaşlığın qurulması, 2016-cı ildə planlaşdırılan fəaliyyətlər və digər məsələlər üzrə konfrans iştirakçıları tərəfindən səsləndirilən sualları da cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB